Məhkəmə qərarları › İş №2(049)-591/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-591/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-591/2024 19.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “kredit müqavilələrinin və icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Lənkəran filialı ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1129xx.xx.2018-002955 saylı və xx.xx.2019-cu il tarixli BPM**********98 nömrəli kredit müqavilələrinin və Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən tərtib edilmiş 12 mart 2021-ci il tarixli 8İ-4069 reyestr nömrəli icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1954-cü il tarixdə Lənkəran rayonu, Xolmili kəndində anadan olmuşdur və hal-hazırda orada yaşayır. xx.xx.2018-ci il tarixdə 5.000 manat kredit götürməkdən ötrü ABB-ın Lənkəran filialına müraciət etmişdir. ABB-ın əməliyyatçısı Qismət Dadaşov kredit müqaviləsinin bağlanması zamanı ona bildirib ki, Siz eyni zamanda xidmət haqqı ödəməlisiniz. O, da ondan xahiş etmişdir ki, elə edin 5.000 manat ələ ala bilim. Beləliklə, Q.Dadaşov kredit müqaviləsi tərtib edib elə həmin dəqiqə, elə oradaca ona imza etdirib. Kreditin faizi 24 % olub. Həmin tarixdən ona bank tərəfindən təqdim olunan müqavilə əsasında ayda 166 (yüz altmış altı) manat olmaqla kredit ödəməyə başlamışdır. Müqavilə ilə tanış olmamış və tanış olmağa bankda heç bir şərait yoxdur. Bankın işçisi vərəqləri çevirib, bura-bura-bura imza edin deyib, göstərməklə imza elətdirib. Bu həmin bankda indi də belədir. xx.xx.2019-cıı il tarixdə iş yoldaşı Kazımova Mehriban ondan xahiş etmişdir ki, kredit götürmək istəyir və ona zamin qalsın. Həmin tarixdə onlar ABB-ın Lənkəran filialına gəliblər. O, Kazımova Mehriban üçün zamin qalıb. Bankın əməliyyatçısı xx.xx.2018-ci il tarixdə ona kredit vermiş Qismət Dadaşov idi. O, ona təklif etmişdir ki, istəyirsən sənin üçün də 500 (beş yüz) manat kredit ayırım. O, bildirib ki, onun krediti var, o, isə demişdir ki, bu mümkündür. Yenə cədvəl tərtib edilmişdir. Yenə “ənənəvi" üsulla ona imza etdirmişdir. Bu dəfə xx.xx.2019-cu il tarixdən aylıq 200 manat olmaqla ödənişə başlamışdır. xx.xx.2020-ci il tarixdə onun yaş həddi qanununu əsas gətirib işdən çıxartmışlar. O, kreditin ödənişini davam etdirə bilməmişdir. Gözləyirdi ki, 03 aydan sonra ABB-nin Lənkəran filialı tərəfindən məhkəməyə veriləcək. Çünki, müqavilədə belə göstərilib. Amma əvəzində Lənkəran İcra və Probasiya şöbəsinə çağrılmışdır. 2021-ci ilin may ayında icra və probasiya şöbəsinə çağırılmışdır. Bu zaman o, Azərbaycan Beynəlxalq Bankının Lənkəran filialının əməkdaşı Dadaşov Qismət tərəfindən ona verilən xx.xx.2018-ci il tarixli 1129-xx.xx.2018 002955 saylı və xx.xx.2019-cu il tarixli BPM **********98 saylı müqavilələrlə maraqlanmışdır, onları oxuyub öyrənmişdir. Ona məlum olmuşdur ki, hər iki halda bankın əməliyyatçısı onu aldatmışdır. xx.xx.2018-ci il tarixdə kredit müqaviləsində 5.800 manat bankdan kredit götürməyi qeyd olunub. O, 5.000 manat pul kredit götürmüşdür. 50.000 (əlli min) manat götürməmişdim ki, bura 24%-dən 60 ay üçün hesablanıb. Bu 18. 20 və ən uzağı 24 aya hesablanmalı idi. Onun aylıq gəliri buna imkan verirdi. Çünki həmin dövrdə 800 manat maaş və 350 manat pensiya alırdı. Bu da 1.150 manat təşkil edirdi. Bu məbləğ hətta 18 aya hesablamağa imkan verirdi. Sual: Əməliyyatçı nə üçün belə etməyib? İkincisi, onun 65 yaşı tamam olmasına az qalırdı, əməliyyatçı Qismət Dadaşov bunu nəzərə alıb krediti hətta 18 aya hesablamalı idi. xx.xx.2018-ci il tarixdə o, ABB-nin kassasından 002955 saylı kredit müqaviləsinə əsasən 5000 (beş min) manat almış, 5800 (beş min səkkiz yüz) manat almamışdır. xx.xx.2019-cu il tarixdə o, ABB-nin Lənkəran filialından 500 manat istəmişdir. Əslində o, istəməmişdir. Bunu ona əməliyyatçı Qismət Dadaşov təklif edib. O, Lənkəran İcra və Probasiya şöbəsindən aldığı məktubla əlaqədar ABB-ın Lənkəran filialının əməkdaşı Dadaşov Qismət tərəfindən xx.xx.2019-cu il tarixdə ona verilən müqavilə və cədvəllə maraqlanıb. Rastlaşdığı mənzərə onu heyrətə gətirmişdir. Dadaşov Qismət ona 500 (beş yüz) manat kredit vermək əvəzinə onun üçün 5750 manat kredit götürüb, bu pulla onun xx.xx.2018-ci ildə götürdüyü borcun qalıq məbləğini ödəyib, qalan artıq məbləği ona guya 500 manat kredit şəklində verib. Bütün bunlardan onun xəbəri olmayıb. O, Lənkəran İcra və Probasiya şöbəsinə gedib. İcra məmuru ona bildirdi ki, onun üçün xx.xx.2021-ci il tarixdə icra qeydi tərtib olunmuşdur. Borclu olduğu məbləğ pensiyasından tutulacaq. Məsələni faktlarla onun üçün izah etmişdir. İcra qeydi 2021-ci ilin mart ayından 2023-cü ilin sentyabr ayına qədər həyata keçirilmədi. 2023-cü ilin sentyabr ayından onun pensiyanın 260 manat olmaqla 50 %-i tutulmağa başlanmışdır. O ABB-nin Lənkəran filialının əməkdaşı Qismət Dadaşov tərəfindən böyük məbləğdə aldadıldığını hesab edir. Ona görə də Lənkəran İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş icra qeydini də əsassız hesab edir. Hər iki müqavilədə onun imzalarına da münasibət bildirir ki, təkcə ABB-nin Lənkəran filialında deyil bütün Lənkəranda bütün banklarda kredit müqavilələri qarşılıqlı etibar - borc verənlə borc alan arasında olan qarşılıqlı etibar əsasında bağlanılır. Müştəriyə əslində müqaviləni oxumağa nə vaxt, nə də imkan verilmir. Bankın kredit müqaviləsini oxuyub dərk etməkdən ötrü heç bir imkan yoxdur. ABB-nin Lənkəran filialının əməliyyatçısı hər iki halda müştərinin etibarından sui- istifadə etmişdir. xx.xx.2019-cu il tarixdə ABB-ın Lənkəran filialında kredit faizi 19 (%) olmuşdur. Ancaq həmin tarixdə Dadaşov Qismət ona verdiyi krediti hətta 24 %-dən hesablamışdır. Onunla “Azərbaycan Beynəlxalq Bankı ASC-nin Lənkəran filialı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1129-xx.xx.2018 - 002955 saylı və xx.xx.2019-cu il tarixli BPM**********98 nömrəli kredit müqavilələri və Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən tərtib edilmiş 12 mart 2021-ci il tarixli 8İ-4069 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Ona verilən kreditlər üçün müqavilələr ABB-nin Lənkəran filialı tərəfindən qanunlara uyğun şəkildə təzədən tərtib olunmalıdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İş üzrə cavabdeh “Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək qeyd edilmişdir ki, İddiaçı iddia tələbinin əsası kimi müqavilələri oxumadan imzaladığını və 500 manat kredit almaq istədiyi, lakin ona daha çox kredit verildiyini bildirmişdir. İddaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli BPM**********98 saylı kredit müqaviləsindən görünür iddiaçıya 43 ay müddətinə illik 24 faizlə 5750 manat kredit veilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə kredit məbləğinin 1% həcmində komissiya tutulmaqla xx.xx.2019-cu il tarixli məxaric orderi № BPM**********98 məxaricə əsasən iddiaçıya 4.692 manat vəsait verilmişdir. Bundan əlavə xx.xx.2019-cu il tarixli BPM**********98 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, müştəri 43 ay müddətinə 200.7 manat kredit ödəməli idi. Qeyd olunan kredit müqaviləsi, məxaric orderi və ödəniş cədvəllərinin hər birinə iddiaçı şəxsən özü imza etmiş və öz yazı xətti ilə ad soyadını qeyd etməklə öz iradə ifadəsini bildirmişdir. Bundan əlavə iddiaçının ona 5.750 manat yox 500 manat pul verildiyini bildirməsinə münasibətdə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, müştərinin krediti ilə bağlı hesabdan çıxarışdan (hesabdan çıxarış etiraz ərizəsinə əlavə olunur) görünür ki, iddiaçı xx.xx.2024cü il tarixə 5692 manat məxaric etmiş və həmin tarixdə özünün də qeyd etdiyi kimi bundan əvvəlki xx.xx.2018-ci il tarixli 1129-xx.xx.2018-002955 saylı kredit müqaviləsi üzrə 5195 manat krediti üzrə tam ödəniş etməklə kredit borcunu bağlamışdır. Bundan sonra məxaric etdiyi 5692 manat vəsaitdən ona 490 manat pul qalmışdır. Qeyd olunanlarla bir daha sübut olunur ki, kredit müqaviləsi tam qanuni əsaslarla və iddiaçının öz iradə ifadəsinə uyğun olaraq öz imzası ilə təsdiq olunmaqla rəsmiləşdirilmişdir. Bundan əlavə icra qeydinin etibarsızlığına münasibətdə qeyd etmək istəyir ki, iddiaçı xx.xx.2019-cu il tarixli BPM**********98 saylı kredit üzrə ödənişləri vaxtında icra etmədiyindən 28.01,2021-ci il tarixli PKİD-L037/2020 saylı bildirişlə pretenziya qaydasında ona məlumat verilmiş və “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 76-cı maddəsinə əsasən 20 gün müddət ərzində öhdəliyi icra etməsi bildirilmişdir. İddiaçı qeyd olunan bildirişi (bildiriş və xəbarnamə etiraz ərizəsinə əlavə olunur) xx.xx.2021-ci il tarixdə aldıqdan 36 gün sonra xx.xx.2021-ci il tarixdə İcra qeydi çıxarılmışdır. Buradan da görünür ki, İcra qeydi tam qanuni əsaslarla çıxarılmışdır. Qeyd olunanlara əsaslanaraq bildirilir ki, iddiaçının tələbi tam əsassızdır və iddianın rədd olunmasını barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etməklə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etmədiyini bildirməklə iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: xx.xx.2018-ci il tarixli 1129-xx.xx.2018-002955 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC tərəfindən illik 24% dərəcəsi tətbiq edilməklə 60 ay ərzində qaytarmaq şərti ilə 5800.00 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi bankın əməkdaşı və bütün səhifələri İddiaçı tərfindən imzalanmışdır. xx.xx.2018-ci il tarixli 1129-xx.xx.2018-002955 nömrəli kredit müqaviləsinə əlavə edilmiş 1 saylı əlavədən görünür ki, həmin “əlavə”də kredit borcuna dair ümumi məbləğ, faiz məbləğləri, ödəniş tarixləri, həmin tarixlərə dair ödəniş məbləğləri və kreditin qalığı cədvəl formasında aydın şəkildə göstərilmişdir. Qeyd edilən əlavə bankın əməkdaşı və İddiaçı tərəfindən imzalanmışdır. "xxxx" ASC-nin Lənkəran filialı tərəfindən xx.xx.2018-ci il tarixli ********** saylı memorial orderindən və hesabdan çıxarışdan görünür ki, İddiaçı oğlu xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 5.800 manat məbləğində pul ödənilmişdir. xx.xx.2019-cu il tarixli, BPM**********98 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC tərəfindən illik 24% dərəcəsi tətbiq edilməklə 43 ay ərzində qaytarmaq şərti ilə 5.750 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi bankın əməkdaşı və bütün səhifələri İddiaçı tərfindən imzalanmışdır. xx.xx.2019-cu il tarixli, BPM**********98 nömrəli kredit müqaviləsinə əlavə edilmiş 1 saylı əlavədən görünür ki, həmin “əlavə”də kredit borcuna dair ümumi məbləğ, faiz məbləğləri, ödəniş tarixləri, həmin tarixlərə dair ödəniş məbıəğləri və kreditin qalığı cədvəl formasında aydın şəkildə göstərilmişdir. Qeyd edilən əlavə bankın əməkdaşı və bütün səhifələri İddiaçı tərəfindən imzalanmışdır. "xxxx" ASC-nin Lənkəran filialı tərəfindən tərtib edilmiş xx.xx.2018 – xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, İddiaçı oğlu xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 5.750 manat məbləğində pul ödənilmişdir. Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 8İ-4069 reyestr nömrəli İcra qeydindən görünür ki, həmin icra qeydi əsasında İddiaçı BPM**********98 nömrəli kredit müqaviləsinə əsasən, "xxxx" ASC-nin xeyrinə 4764 manat 51 qəpik pulun tutulması qeyd edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilərək İddiaçı ünvanlanmış PKİD-L037/2020 saylı xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, İddiaçı BPM**********98 nömrəli kredit müqaviləsi üzrə borcunu ödəməsi barədə və əks təqdirdə icra qeydinin aparılacağı barədə xəbərdarlıq edilmişdir. Poçt xəbərnaməsinin surətindən görünür ki, qeyd edilən bildiriş İddiaçı xx.xx.2021-ci il tarixdə çatdırılaraq, o, xəbərnaməyə imza etməklə həmin bildirişi qəbul etmişdir. "xxxx" ASC-nin Lənkəran filialı tərəfindən tərtib edilmiş xx.xx.2018 – xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən yuxarıda qeyd edilən hər iki kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsini 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsi ilə müəyyən edir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 324.4 maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Mülki Məcəllənin 14.2 maddəsinin tələbinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı işin faktiki hallarından müəyyən edildi ki, tərəflər arasında qanuna müvafiq qaydada kredit müqavilələri bağlanmış, müqavilələr tərəflərin imzası ilə təsdiqlənmiş, kredit müqaviləsinə dair müvafiq kredit ödənişləri iddiaçıya ödənilmiş, ödənişin aparılması üçün kredit borcuna dair ümumi məbləğ, faiz məbləğləri, ödəniş tarixləri, həmin tarixlərə dair ödəniş məbləğləri və kreditin qalığı cədvəl formasında aydın şəkildə tərtib edilərək iddiaçıya təqdim edilməklə onun tərəfindən imzalanmış, kredit müqavilələri bağlandıqdan sonra həmin müqavilərə dair müvafiq kredit ödənişləri iddiaçı tərəfindən həyata keçirilmiş, bank tərəfindən kredit ödənişinin həyata keçirilməsi və icra qeydinin aparılacağı barədə qanuna müvafiq qaydada iddiaçıya bildiriş təqdim edilmiş və xəbərdarlıq müddəti bitdikdən sonra notariat ofisi tərəfindən icra qeydi tərtib edilərək icra edilməsi üçün icra qurumuna təqdim edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “kredit müqavilələrinin və icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar