Məhkəmə qərarları › İş №2(049)-616/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-616/2023

23.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-616/2023 23.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «gediş gəliş yolunun açılması və maneənin aradan qaldırılması» barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «qanunsuz tikilinin sökülməsi və maneənin aradan qaldırılması» tələbinə dair qarşılıqlı iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1979-cu ildən istifadəsində olan gediş-gəliş yolunun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən açılması, onlara məxsus olan darvazanın oradan götürülməsi və maneənin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia onunla əsaslandılmışdır ki, o və ailəsi Lənkəran rayonu, Liman şəhəri N.Nərimanov küçəsi ev 4A-da yaşayır. Cavabdehlərin hər ikisi onun qonşularıdır və ana baladırlar. Belə ki, bu şəxslər onun və ailəsinin 1979-cu ildən istifadə etdiyi gediş-gəliş yoluna digər başqa bir yol açaraq onların gediş-gəlişlərinə maneələr yaradır. Bu haqda Lənkəran rayonu Liman şəhər polis bölməsində iş gedir. Hər bir Azərbaycan vətəndaşının həyətindən küçəyə gediş-gəliş yolu olmalıdır. Cavabdehlər Cavabdeh1 və oğlu Cavabdeh2 yollarında mal qaranı buraxır, yolu qazaraq qaz torbalarını yer altı ələ keçirirlər. Halbuki, bunu hərəkətlərini sərbəst öz tərəflərindən edə bilərdilər. Bu haqda dəfələrlə bələdiyyə sədri Eldəniz müəllimə müraciət etsə də, «o bu işə heç bir söz deyə bilməz, özləri bilərlər nə edərlər» deyə cavabını vermişdir. Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Liman şəhəri, N.Nərimanov küçəsində yerləşən həyətyanı torpaq sahəsinin cavabdehlə qonşu olan hissədən yolun kənarında cavabdehin özbaşına inşa etdiyi daş hasarın cavabdehin hesabına sökülməklə həmin hissədə yoldan istifadəsində olan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, həyətlərində olan mal tövləsinin yanından yola çıxış üçün darvaza vardır. Cavabdehin həyətinə gedən yol isə həmin darvazanın qarşı tərəfindən keçməklə heç bir məhdudiyyət yoxdur. Yəni sözügedən darvaza cavabdehin həyətinə olan gediş gəlişə heç bir maneçilik törətməməklə həyətində qoyulmuşdur. Cavabdeh isə həmin yolun üzərində, yəni həyətinin darvazasından kənarda heyvanın peyininin həyətdən maşınla daşınmasına və heyvanlar üçün həyətə maşınla ot gətirilməsində çətinliklər yaradır. Halbuki qeyd olunan tikili cavabdehin həyətində kənarda olmaqla onun həmin tikilinin yerləşdiyi yerə heç bir aidiyyatı yoxdur. Cavabdehin məqsədi onun tövləsinin yanında yola çıxışını bağlayıb, həmin ərazini zəbt etməsidir. Bununla bağlı əvvəllər də aralarında narazılıq olmuş, məsələ ərazi nümayəndəliyi, bələdiyyə və torpaq şöbəsinin əməkdaşlarının iştirakı ilə araşdırılmış və həmin mübahisəli yerin cavabdehə aidiyyatı olmamaqla oradan yol kimi istifadə etməyi qeyd edilmiş və 31 avqust 2010-cu il tarixdə bu barədə akt tərtib edilmişdir. Cavabdeh isə 2021-ci ilin avqust ayının 22-də həmin ərazidə, yəni tövlənin yanından küçəyə çıxan yolun kənarında mübahisəli tikilini özbaşına inşa etməklə həyətinə həmin hissədən maşın giriş çıxışını məhdudlaşdırmışdır. O, hələ tikilini inşa edərkən ərazi nümayəndəliyi, bələdiyyə tərəfindən ona tikilinin qanunsuz olması bildirilərək dayandırılması tələb edilsə də o, heç kimə əhəmiyyət verməmiş və qeyd olunan tikilini inşa etmişdir. Məhkəmə iclasında ilkin iddiaçının nümayəndəsi Nümayəndə ilkin iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 və Cavabdeh2 digər tərfdən də gediş-gəliş yolları vardır. Lakin sonuncular onların gediş-gəliş yolları üzərində də yola darvaza açmış və orada malqara gətirirlər. Mal-qaranın yaratdığı antisanitar vəziyyətdən də iddiaçı kimi onlar əziyyət çəkirlər. Buna görə də cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş darvaza götürülməlidir. Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddiası isə əssasız olduğundan rədd olunmalıdır. Məhkəmə iclasında qarşılıqlı iddiaçı Cavabdeh1 qarşılıqlı iddiasını müdafiə edib, bildirmişdir ki, mübahisəli gediş gəliş yolundan o da istifadə edir. Lakin cavabdeh İddiaçı və onun ailə üzvləri ona həmin yoldan istifadə etməyə mane olur. İddiaçı özünə məxsus iri tonnajlı yük maşınlarını həmin yolun üzərində saxlamaqla onun həmin yoldan istifadə etməsinə maneçilik yaradır. Bundan etiraz etməsinə baxmayaraq İbrahim başqa yolu üzərində daş hasar tikmiş, onun həyətinə gələn maşınların girişinə maneə törətmişdir. Halbuki il ərzində 1-2 dəfə onun evinə qış tədarükü üçün ot gəlir, lakin tikilmiş daş hasar otla yüklənmiş yük maşınının həyətinə girişinə maneə törədir. Buna görə də onun iddiası əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Torpağın mülkiyyətə verilməsinə dair JN-1488F kod80202004 №-li Şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən Lənkəran rayonu, Liman şəhərin yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi İddiaçı, X9, X3 və Nümayəndə ümumi birgə mülkiyyətinə verilmişdir. Lənkəran ŞİHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Həbibov X6 rayonu Liman şəhəri, N.Nərimanov küçəsi ev 4a ünvanında qeydiyyatdadır. Lənkəran ŞİHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Dadaşova X2 rayonu Liman şəhəri, N.Nərimanov küçəsi ev 4a ünvanında həyat yoldaşı X7, oğlu Cavabdeh2, qızı X4 və X8 ilə yaşayır. xx.xx.2010-cu il tarixli Aktdan görünür ki, H.Dadaşovun ailəsi ərizə ilə müraciət edərək qonşusu İddiaçı onları narahat edərək həyətindən mal qara üçün saxladığı yolun tutulmasını tələb edir. Yerində baxış keçirilərək müəyyən edildi ki, H.Dadaşovun küçəyə açdığı mal qara yolun İddiaçı heç bir aidiyyatı yoxdur. Ona görə də İddiaçı izah edildi ki, qonşunu narahat etməyi əsasızdı. Ərizəçiyə də bildirildi ki, torpaqdan istifadə edə bilər. Lənkəran Rayon Liman bələdiyyəsinin Lənkəran Regional Ədliyyə İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciətdə qeyd etdiyi torpaq sahəsi bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsidir. Həmin torpaq sahəsi heç kim tərəfindən zəbt olunmamış və bələdiyyə tərəfindən də heç kimə satılmamışdır. Əlavə olaraq bildirilir ki, İ.Vəliyevin həyətinə gedən yol həmin torpaq sahəsindən keçir, qonşu Cavabdeh1 da həmin yoldan istifadə etmək üçün həyətindən yola tərəf qapı qoymuşdur. Bu da qonşular arasında narazılığa səbəb olmuşdur. Hər iki qonşu ilə söhbət aparılaraq birgəyaşayış qaydaları onlara izah olunsa da, onlar razılığa gəlməmişlər. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan və «Texniki Pasport»dan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X7, Cavabdeh1, Cavabdeh2 və X1 ümumi birgə mülkiyyətindədir. Liman Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı qeyd etdiyi torpaq sahəsi bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsidir. Həmin torpaq sahəsi Liman bələdiyyəsi tərəfindən heç kimə satılmamışdır. Əlavə olaraq bildirilib ki, İddiaçı həyətinə gedən yol həmin torpaq sahəsindən keçir, eyni zamanda onun qonşusu Cavabdeh1 da həmin yola açılan digər qapıdan uzun müddətdir ki, istifadə edir. Sonradan İddiaçı qanunsuz olaraq həmin yolun digər tərəfindən (Cavabdeh1 üzbə-üz hissədə) hasar hörmüşdür. Bu da qonşular arasında narazılığa səbəb olmuşdur. Liman bələdiyyəsi tərəfindən 09 aprel 2021-ci il 17 saylı məktubla İddiaçı Liman bələdiyyəsinə məxsus torpaq sahəsində qeyri qanuni aparılmış tikintinin sökülməsi və sonra həmin ərazidə yerləşmiş torpaq sahəsinin qanuna müvafiq qaydada sənədləşməsindən ötrü Liman bələdiyyəsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Lakin onların İddiaçı olunmuş xəbərdarlığa bu günə kimi əməl edilməmişdir. Məhkəmə, tərəflərin izahatları dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin olunmalıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mübahisəli gediş-gəliş yolu Lənkəran rayonu, Liman şəhərində yerləşir. Yol hər iki tərəfindən istifadəsindədir. Cavabdeh1 və Cavabdeh2 tərəfindən mübahisəli gediş gəliş yoluna darvaza açmaqla mülkiyyətlərində olan ev heyvanlarının gediş-gəlişini, habelə həmin heyvanların saxlanması üçün heyvan yemlərinin çatdırılmasını təmin etmək məqsədilə, İbrahim Dadaşov və ailə üzvləri avtomobil yolu kimi istifadə edirlər. Sonuncu tərəfindən həmin yolun üzərində daş hasar inşa edilmişdir. Həm ilkin, həm də qarşılıqlı iddia tələblərindən görünür ki, tərəflər mülkiyyətlərindən məhrum edilmədən onların torpaq sahəsinə gediş-gəliş yoluna edilən maneələrin aradan qaldırılmasını tələb edirlər. Belə ki, ilkin İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun istifadə etdiyi gediş-gəliş yolunda cavabdehlərə məxsus ev heyvanlarının antisanitar vəziyyət yaratması ilə sonuncular tərəfindən yola açılmış darvazanın bağlanmasını və maneələrin aradan qaldırılmasını, qarşılıqlı iddiaçılar isə İbrahim Dadaşov tərəfindən eyni gediş-gəliş yolunun üzərində yük maşını saxlamaqla və daş hasar inşa etməklə yoldan istifadəyə edilən maneələrin aradan qaldırılmasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinin birinci abzasında qeyd olunur ki, ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid torpaqlar hesab olunur. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü bəndində göstərilir ki, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 18-ci maddəsinin 1-ci bəndinə görə şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqları hesab edilir. Qeyd olunan hüquq normalarının məzmunundan müəyyən olur ki, ümumi istifadədə olan gediş-gəliş yolu həmin ərazi üzrə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Mülki Məcəllənin 157.4-cü maddəsi məhz mülkiyyətçinin (hazırkihal üzrə bələdiyyənin) mülkiyyətindən istifadəsinə edilən qəsdlərdən qorunmağa yönəlmişdir. Ümumi istifadədə olan gediş gəliş yolu qanunla bələdiyyələrin mülkiyyətinə aid edilməsinə baxmayaraq, vətəndaşların istifadəsi üçün açıqdır və vətəndaşların ümumi istifadədə olan torpaq sahəsindən istifadəyə maneənin törədilməsi də o halda Mülki Məcəllənin 157.4-cü maddəsinin təsiri dairəsinə düşür ki, həmin şəxsin subyektiv hüquqları pozulmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti üzrə xx.xx.2012-ci il tarixli və M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarları) mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxmından məhkəmə ilkin iddia tələbi ilə əlaqədar qeyd edir ki, ilkin iddiaçı tərəflərin birgə istifadə etdikləri gediş-gəliş yoluna ilkin iddia üzrə cavabdehlər tərəfindən açılmış darvazanın bağlanmasını tələb etsələr də həmin darvaza istifadə edilməsi onların hansı hüquqlarının pozulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbi baxmından iddianın əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi ilk növbədə iddia verənin üzərinə düşür. Digər tərəfdən ilkin iddiaçı iddia ərizəsində və onun nümayəndəsinin məhkəməyə verdiyi izahatında ilkin iddia üzrə cavabdehlər tərəfindən ümumi istifadədə olan gediş gəliş yolunda antisanitar şəraitin yaradıldığını bildirsələr də, bununla bağlı aidiyyəti orqanlara müraciət etmədiyini bildirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddiaçıların iddianın irəli sürülməsi üçün hər hansı subyektiv hüquq olmadığından ilkin iddia rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında şərh olunanlar baxmından qarşılıqlı iddiaçılar hazırki iddianı irəli sürməsi üçün subyektiv hüquqa malik olmuşlar. Qeyd olunan hal qarşlıqlı iddiaçılaın məhkəməyə təqdim etdikləri fotoşəkillər, Lənkəran rayon Liman Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə öz təsdiqini tapır ki, belə olan halda da Mülki Məcəllənin 157.4-cü maddəsinin dispzosiya şərtləri də yaranmış olur. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «1979-cu ildən istifadəsində olan gediş-gəliş yolunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən açılması, onlara məxsus olan darvazanın oradan götürülməsi və maneənin aradan qaldırılması» tələbinə dair ilkin iddiası rədd edilməli, qarşılıqlı iddia təmin edilməli, Lənkəran rayonu, Liman şəhəri, N.Nərimanov küçəsində yerləşən İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 ümumi istifadəsində olan gediş gəliş yolunun üzərində İddiaçı tərəfindən inşa edilmiş daş hasar sonuncunun hesabına sökülməli, həmin hissədə əbibov İbrahim Vəli oğlu tərəfindən gediş gəliş yolundan istifadəyə edilən maneələr aradan qaldırılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «1979-cu ildən istifadəsində olan gediş-gəliş yolunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən açılması, onlara məxsus olan darvazanın oradan götürülməsi və maneənin aradan qaldırılması» tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Lənkəran rayonu, Liman şəhəri, N.Nərimanov küçəsində yerləşən İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 ümumi istifadəsində olan gediş gəliş yolunun üzərində İddiaçı tərəfindən inşa edilmiş daş hasar sonuncunun hesabına sökülsün və həmin hissədə İddiaçı tərəfindən gediş-gəliş yolundan istifadəyə edilən maneələr aradan qaldırılsın. İlkin iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat ilkin İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar