Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-654/2024 26.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zeynalzadə Gülnar Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan anadan olmuş xx.xx.2013cü il təvəllüdlü X1 üçün Lənkəran Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(049)- 3245/2022 saylı qətnaməsindəki alimentin miqdarının dəyişdiririb artırılmaqla, 300 təyin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1991-ci ildə anadan olmuş, orta ixtisaslı təhsillidir. Şəxəkəran kənd orta məktəbində yarım ştat kitabxanaçı vəzifəsində işləyir. Cavabdehlə 12 oktyabr 2012-ci ildə ailə qurmuş, bu münasibətdən xx.xx.2013-cü ildə Mehdi adında övladıları dünyaya gəlmişdir. Lənkəran rayon məhkəməsində nikahları pozulmuş və sözügedən məhkəmədə də 03 noyabr 2022-ci il tarixli, 2(049)-3245/2022 saylı qətnamə əsasında aliment tələbi qismən təmin olunmuşdur. Artıq uşaq böyüdükcə maddi tələbatı artmışdır və o, da işlədiyi yarım ştatla onun tələbatını tam ödəyə bilmir. Cavabdeh isə yalnız uşağına 130 (yüz otuz) manat aliment verməklə öz borcunu yerinə yetirmiş hesab edir. İndiki bazar iqtisadiyyatının yüksək olması ilə əlaqədar, hesab edir ki, bu alimentin miqdarı artırılmalıdır. Hazırda Valid Bakı şəhərində işləyir. Onun iddaçıyla olan evlilikdən olan övladılarından başqa heç bir uşağı yoxdur. Hesab edir ki, alimenti artırılmaqla cavabdeh uşağın maddi tələbatını ödəyə bilər. 2023-cü il uşaqların yaşayış minimumu dövlət tərəfindən 220 manat, 2024-cü ildə isə 235 manat nəzərdə tutmuşdur. İş üzrə Cavabdeh iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbində qeyd edilən 300 manat aliment həddən artıq çoxdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən, uşağı saxlamaq valideyn kimi yalnız onun deyil, iddiaçının da borcudur. Həmçinin o, hal-hazırda mütəmadi olaraq heç yerdə işləmir, və valideynlərinə də baxmaq məcburiyyətindədir. Bakı şəhərində fəhləliklə məşğul olur. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında, İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, cavabdeh Bakı şəhərində yaşayaraq ev ustası kimi işləyir və aylıq yüksək gəlir əldə edir. Lakin 130 manatdan alimendən başqa ona uşağının saxlanılması üçün heç bir maddi yardım göstərmir. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaya qarşı yazılı etirazında vermişdir iddaçı İddiaçı ona qarşı qaldırmış olduğu ( alimentin miqdarının artırılması) tələbinə dair iddiasının təmin olunmaması barədə qətnamə çıxarasız. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cı il təvəllüdlüdür. Atası - Cavabdeh, anası - İddiaçıdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-3245/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü i il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində olmaqla aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində cəmi 130 manat məbləğində alimentin tutulmasına Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-3245/2022 saylı qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)- 3245/2022 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-3245/2022 saylı qətnaməsi ilə tutulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin artırılmış məbləğinin hesablanmasına başlanılsın. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-654/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-654/2024
26.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver