Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-660/2025 03.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.000 (iyirmi üç min) manat borcun, 159 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, onun qızı Mədinə Caniyevanın əridir. Hal-hazırda qızı ilə cavabdeh ayrı yaşayırlar, onların nikahlarının ləğv edilməsi istiqamətində mediasiya prosesinə başlanmışdır. Qızı ilə ailə birliyində yaşadıqları dövrdə kürəkəni olan cavabdeh dəfələrlə ona müraciət edərək borc pul istəmiş, ona dəfələrlə borc pul versə də, geri qaytarmamışdır. Təəssüf hissi ilə bildirir ki, həmin pulların yalnız bir hissəsini, 23000 manat hissəsini yazılı şəkildə sənədləşdirə bilmişdi. Beləliklə, Cavabdeh 23.000 manat borcun tutularaq ona ödənilməsini vacib hesab edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh hələ qızı ilə nişanlı olduğu dövrdə də ondan borc pul istəyərək, bildirmişdir ki, maşın almaq üçün pul lazımdır. Həmin vaxt ona maşın alması üçün 3.000 manat borc pul vermişdir. Sonradan da Cavabdeh ondan mütəmadi olaraq hissə-hissə 23.000 manat məbləğində borca pul vermişdir. Lakin o, hazıradək həmin pulları ona aytarmamışdır. Cavabdehlə ona borca verdiyi pulları tələb etməsi ilə əlaqədar aralarında olan Vhatsapp səs yazılarını məhkəməyə sübut kimi təqdim edir. Həmçinin Cavabdeh ona 23.000 manat pul borclu olduğunu təkzib etdiyinə dair öz xətti ilə qəbz yazaraq məhkəməyə təqdim etmişdir. Həmin qəbzin də əslini sübut kimi məhkəməyə təqdim edir. Eyni zamanda Cavabdeh ondan aldğı pulları qaytarmaması iləəlaqadar Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölmsinə də şikayət etmişdir və Cavabdeh polisdəki izahatında ona pul borclu olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, tələb təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmənin sorğusu ilə əldə edilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə İddiaçı şikayəti əsasında Cavabdeh barəsində toplanmış materai üzrə tərtib edilmiş arayışda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 162, mənzil 211-də yaşayan İddiaçı 102 Xidmətinə zəng edərək, keçmiş kürəkəninin yaşadığı evə gələrək, münaqişə etməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında İddiaçı xx.xx.2025-ci il tarixdə 29-cu PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, qızının keçmiş əri Cavabdeh övladlarını görmək üçün yaşadığı evə gələrək onu narahat etmişdir. Lakin uşaqları onunla görüşməkdən imtina etmişdir. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Vət İddiaçı ərizəsi ilə bağlı eyni məzmunlu izahat yazmışdır. Araşdırma zamanı 1991-ci il təvəllüdlü Cavabdeh PŞ-yə dəvət edilmiş, onun spirtli içkinin təsiri altında olması şübhə yaratdığı üçün sonuncunun Respublika Narkoloji Mərkəzdə sərxoşluq hallarının müayinəsi zamanı yüngül dərəcəli sərxoş olması müəyyən edilmişdir. Cavabdehlə profilaktiki söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmişdir. Ərizəyə baxılarkən müəyyən olunmuşdur ki, İddiaçı müraciətində qeyd olunan xüsusatların araşdırılması məhkəmə səlahiyyətində olduğundan ona iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etmək hüququnun olması izah olunmuşdur. İddia tələbindən görünür ki, tərəflər arasında yaranmış mübahisə borc müqaviləsinin icra edilməməsindən irəli gəlir ki, bu tələbi qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 14.2 maddəsinin tələbinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Həmçinin həmin məcəllənin 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, qanunvericilik borc müqaviləsi üçün borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olmadığı hallarda yazılı formanı məcburi şərt kimi nəzərdə tutmur. Lakin, mübahisə halında, xüsusilə də borcun ümumiyyətlə verilibverilməməsi məsələsi mübahisələndirilən halda, borc münasibətlərinin mövcudluğu sübut edilməli hala çevrilir ki, bu halda sübut etmə vəzifəsi belə münasibətin həqiqətən mövcud olduğunu iddia edən tərəfin üzərinə düşür. Hazırda iddia tələbində qeyd edilən borc 23.000 manat, yəni 3.000 manatdan artıq məbləğdə olmasına baxmayaraq bu borca dair tərəflər arasında heç bir yazılı formada müqavilə bağlanmamışdır. İddiaçı iddia tələbini sübut etmək üçün məhkəməyə əlyazma ilə yazılmış qəbzin surətini təqdim edərək, bildirmişdir ki, Cavabdeh həmin qəbzi yazmaqla ona borcunun olduğunu etiraf etmişdir. Lakin məhkəmə araşdırması zamanı qeyd edilən qəbzin kimin tərəfindən yazıldığı və imzalandığını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə, həmçinin iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilən DVD diskdə olan səs yazılarına münasibət bildirərək, qeyd edir ki, iddiaçı məhkəmə iclasındakı izahatında həmin danışıqların Cavabdeh ilə aralarında olduğunu və Cavabdeh ona olan borcu ilə əlaqadar olduğunu bildirsə də qeyd edilən səs yazılarının nə vaxt aparıldığı və həqiqətən də Cavabdeh məxsus olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda İddiaçı məhkəmə iclasında izahatında Yasamal RPİ-nin 29-cu PB-də müraciəti əsasında aparılan araşdırma zamanı Cavabdeh ona pul borclu olduğunu bildirməsinə baxmayaraq, məhkəmə sorğu əsasında əldə edilmiş arayışdan məlum olmuşdur ki, İddiaçı tərəfindən 102 Polis xidmətinə olan müraciəti Cavabdeh ona pul borclu olması ilə bağlı deyil, yaşadığı evə gələrək onunla münaqişə yaratması ilə əlaqadar olmuşdur. Arayışda həmçinin Cavabdeh, İddiaçı pul borcu ilə əlaqədar heç bir xüsusat qeyd edilməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddianın əsasını təsdiq edən sübutları, yəni cavabdehə iddiaçı arasında yazılı borc müqaviləsinin mövcudluğunu təsdiq edən yazılı borc müqaviləsini məhkəməyə təqdiom etdiyindən, bunun əksini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür ki, cavabdeh də həmin sübutları məhkəməyə təqdim etməmişdir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə hesab edir ki, hazırki mübahisədə sübut etmə vəzifəsi iddiaçının üzərində olduğundan, cavabdehin onun qarşısında öhdəliyinin yaranmasına və öhdəliyə dair pulun ödənilib ödənilmədiyinə dair heç bir əsaslı sübut təqdim olunmadığından onun irəli sürdüyü tələb əsassızdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırki mülki iş üzrə iddia ərizəsinin məhkəməyə verilməsi üçün 159 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə” dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 159 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-660/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-660/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver