Məhkəmə qərarları › İş №2(049)-689/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-689/2024

02.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-689/2024 02.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyan» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş fiziki və maddi ziyan nəticəsində çəkmiş olduğu və hadisə zamanı idarə etdiyi "Nissan Tida" markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş 10.000 manat ziyan, 14.400 manat xəstəxanaya çəkilmiş müalicə xərcləri, eləcə də 2600 manat digər xərclər, ümumilikdə 27.000 manat dəymiş ziyanın Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hökmünə və eləcə də Şirvan Apelyasiya Məhkəməsinin yekun qərarına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh Felman oğlu nəqliyyat vasitəsini idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin (iddiaçının) sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində "BC” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə olmadan idarə etdiyi atası X2 məxsus, "Hyundai Solaris" minik markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu Boradigah kəndi istiqamətindən Lənkəran şəhəri istiqamətinə doğru hərəkətdə olarkən, rayonun Vilvan kəndi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmçinin Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətdən artıq idarə etməməli olduğu halda, həmin maddələrin tələblərini pozaraq, yəni avtomobili 100-120 km/saat sürətlə idarə edib digər hərəkət zolağında hərəkətdə olmaqla onunla eyni istiqamətdə ötmə əməliyyatını həyata keçirən Lənkəran rayonu Şağlaser kənd sakini xx.xx.1992-ci il təvəllüdlü İddiaçı (onun) etibarnamə əsasında idarə etdiyi “Nissan tida” markalı “** BT ***“ dövlət qeydiyyat nişanlı avtomobilin onun yanından ötüb getməsi üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyib, avtomobili hərəkət etdirərək avtomobilinin qabaq sol hissəsi ilə İddiaçı idarə etdiyi “Nissan Tida” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ təkəri ilə toqquşmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxs İddiaçı canlı şəxslərlə həyat üçün təhlükəli olub, dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik ənsə nahiyyəsinin əzilmiş yarası, onurğa beyninin funksiyasının pozulması ilə, aşağı ətrafların paraplegiyası (hərəkət, hissiyyat və trofika pozğunluğu) ilə fəsadlaşmış İX döş fəqərəsinin kompression sınığı kimi xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Həmin xüsusat yuxarıda qeyd etdiyi məhkəmələrin yekun qərarları ilə təsdiqini tapır. Həmin cinayət əməli nəticəsində ona həm fiziki ziyan, həm də maddi ziyan dəymişdir. Belə ki, aldığı ağır xəsarət səbəbindən uzun müddətli yataq xəstəsi olmağı, normal qaydada yeriyə bilməməyi, kiminsə yardımı olmadan hərəkət edə bilməməyi, daimi olaraq ağrılarla yaşamağı, intensiv şəkildə ağrıkəsicilərdən istifadə etməyi ona işgəncə verən fiziki ziyandır. Maddi ziyana gəldikdə isə həkimlərə, eləcə də dərmanlara çəkilən xərclər kifayət qədərdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, İddiaçı qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərə dair müalicələri hal-hazırda da davam edir. Gündəlik olaraq onun müalicəsinə çəkilən xərclər artmaqda davam edir, lakin o, iddia tələbinin həcmini artırmayaraq həmin xərcləri cavabdehdən tələb etməmişdir. Eyni zamanda bildirir ki, cavabdehin vəkili tərəfindən qeyd edilən iddiaçıya müalicə xərci olaraq ödənilmiş 2.700 manat məbləğində pul vəsaiti xx.xx.2022-ci il tarixdən əvvəl, hadisə baş verdiyi ilk günlərdə iddiaçının cərrahiyyə xərcləri üçün ödənilmişdir. Hazırki iddia tələbi irəli sürülərkən həmin məbləğin iddiaçıya ödənildiyi nəzərə alınmışdır və hazırki tələbə daxil edilməmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında qeyd etdi ki, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan “Nissan Tida” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məvləği həm iddia tələbində, həm də ekspert rəyində şişirdilmiş formada göstərilmişdir. Belə ki, həmin avtomaşını qəzadan sonra o, iddiaçının atası ilə birlikdə 3.500 manata satmışdır. İddia tələbini qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili Nümayəndə2 izahatında bildirdi ki, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan “Nissan Tida” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məvləği həm iddia tələbində, həm də ekspert rəyində şişirdilmiş formada göstərilmişdir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, həmin avtomaşının bir çox hissələri sıradan çıxmamışdır. Ekspert tərəfindən qeyd edilən avtomaşının saz vəziyyətdə qiyməti 11.000 manat dəyərləndirildiyi təqdirdə qəza nəticəsində həmin avtomaşına dəymiş ziyanın 8.250 manat qiymətləndirilməsi əsassızdır. Eyni zamanda cavabdeh və onun atası tərəfindən iddiaçıya müalicə xərcləri ilə əlaqadar 2.700 manat məbləğində pul ödənilmişdir. Həmçinin iddia tələbində qeyd edilən digər xərclərin əsaslandırılması ilə əlaqadar iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Qeyd etdikləri nəzərə alınaraq iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli rəydən görünür ki, “Nissan Tida” markalı ** BT *** dövlət qeydiyyat nişanlı 2007-ci il buraxılışlı avtomaşın yol qəza hadisəsi zamanı sökülmüş deformasiyaya uğramış, kuzov tam yararsız hala düşmüşdür. Ban, qabaq və arxa dirəklər qabaq və arxa qanadlar, qabaq kapot, arxa baqajnik, avtomaşının polu, mühərriki zədələnmişdir. Avtomaşının istismar müddətini gedilməsi nəzərə alınsa avtomaşının hadisədən qabaqki işlək vəziyyətdə indiki bazar qiyməti 10.000 manat müəyyən olunur. Avtomaşın təmir üçün yararsızdır. X1 tərəfindən verilən arayışdan görünür ki, xəstə İddiaçı xx.xx.2022-ci il tarixdən X1 X5 aylıq 2.400 manat ödəniş ilə, xx.xx.2023-cü ilədək “Onurğanın döş fəqərə səviyyəsində travması. Aşağı paraplegiya. Çanaq oynaqları funksiya pozğunluğu” dioqnozu ilə müalicə almışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(049)-173/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün təsviri-əsaslandrıcı hissəsində qeyd edilmişdir ki, “Cavabdeh, xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində “BC” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə olmadan idarə etdiyi atası X2 məxsus, “Hyundai solaris minik” markalı, 99NC849 dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu Boradigah kəndi istiqamətindən Lənkəran şəhəri istiqamətinə doğru hərəkətdə olarkən, rayonun Vilvan kəndi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, avtomobili yaşayış məntəqəsində icazə verilən 60km/saat sürətdən artıq idarə etməməli olduğu halda, həmin maddələrin tələblərini pozaraq, yəni avtomobili 100-120 km/saat sürətlə idarə edib digər hərəkət zolağında hərəkətdə olmaqla onunla eyni istiqamətdə ötmə əməliyyatını həyata keçirən Lənkəran rayonu Şağlaser kənd sakini xx.xx.1992-ci il təvəllüdlü İddiaçı etibarnamə əsasında idarə etdiyi “nissan tida” markalı “90BT974 dövlət qeydiyyat nişanlı avtomobilin onun yanından ötüb getməsi üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyib, avtomobili hərəkət etdirərək avtomobilinin qabaq sol hissəsi ilə İddiaçı idarə etdiyi “nissan tida” markalı “90BT974 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ təkəri toqquşmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxs İddiaçı canlı şəxslərdə həyat üçün təhlükəli olub, dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik – ənsə nahiyəsinin əzilmiş yarası, onurğa beyninin funksiyasının pozulması ilə, aşağı ətrafların paraplegiyası(hərəkət, hissiyyat və trofika pozğunluğu) ilə fəsadlaşmış İX döş fəqərəsinin kompression sınığı kimi xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.”. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(106)-564/2023 saylı qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi Nümayəndə2 apellyasiya şikayəti təmin edilməyərək, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti qismən təmin olunmuuş, Lənkəran Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hökmü dəyişdirilərək Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hökmünə əsasən təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təyin edilmiş əsas cəzanın, yəni 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti 3 (üç) ilədək artırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-19/440 saylı rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 11.000 manat olmuş 2007-ci il buraxılışlı “Nissan Tiida” markalı **- BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş ziyanın məbləği salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla, nəzəri qaydada, təxminən 8250.00 manat (11000m – 25%) müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddia tələbinə qiymət verərək, belə hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının tələbindən müəyyən olunur ki, o cavabdehin təqsirli hərəkəti üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona məxsus nəqliyyat vasitəsinə cavabdeh tərəfindən vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin 21, 1096, 1097.1 və 1108-ci maddələridir. Belə ki, MM-nin 21-ci maddəsinə görə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-nin 1096-cı maddəsinə əsasən; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1108-ci maddəsində qeyd olunur ki; 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh nəqliyyat vasitəsini idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan etdiyi cinayət nəticəsində cavabdeh İddiaçı sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi və mülkiyyətində olan “Nissan Tida” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnərək, cavabdehə maddi ziyan dəymişdir. Məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi əsasında cavabdeh İddiaçı məxsus avtomaşına dəymiş ziyan 8.250 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş tibb müəssisəsi tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, onun tərəfindən müalicə xərcləri üçün 6 ay müddətində ayda 2.400 manat olmaqla, ümumilikdə 6 ay müddətində 14.400 manat məbləğində vəsait ödənilmişdir. İddiaçı tərəfindən iddia tələbində cavabdehdən digər xərclərə dair 2.600 manat məbləğində pul vəsaiti tələb edilməsinə baxmayaraq həmin xərclərə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda cavabdeh tərəfin iddiaçıya müalicə xərcləri ilə əlaqadar 2.700 manat pul vəsaiti ödədidiyini bildirməsinə baxmayaraq, iddiaçı tərəf həmin vəsaitin yolnəqliyyat hadisəsi baş verdiyi ilk günlərdə iddiaçının cərrahiyyə xərcləri ilə əlaqadar ödədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də müəyyən edilir ki, iddia tələbində qeyd qeyd edilmiş yol-nəqliyyat hadisəsi xx.xx.2022-ci il tarixdə baş vermişdir və İddiaçı həmin tarixdən malicəyə başlamışdır. İddia tələbini əsaslandırılması üçün iş materiallarına əlavə edilmiş tibb müəssisənin arayışında isə 29.08.202-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müalicə xərcləri qeyd edilmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş ziyana görə Cavabdeh müalicə xərclərinə dair 14.400 manat və avtomaşına dəymiş ziyana dair 8.250 manat, ümumilikdə 22.650 manat alınaraq, İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ekspertiza xərci təşkil edən 50 manat Cavabdeh aid edilməli, iddiaçı tərəfindən ödənilmiş 135 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyanla əlaqadar müalicə xərclərinə dair 14.400 manat və avtomaşına dəymiş ziyana dair 8.250 manat, ümumilikdə 22.650 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci təşkil edən 50 manat Cavabdeh aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 135 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar