Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-704/2024 11.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona vurduqları maddi ziyana görə 2405 manat məbləğində pulun, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin verilməsinə görə ödənilən 120 manat pulun və ödənilmiş 46 manat 40 qəpik dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh1 ilə Lənkəran şəhərində Rabitəbankda kredit mütəxəssisi kimi tanış olmuşdur. Cavabdehdən bir dəfə kənd təssərüfatı işləri görmək üçün işlədiyi bankdan 5.000 manat kredit götürmüşdür. Cavabdeh ilə tanışlığı o vaxtdan başlamışdır. Cavadeh bilirdi ki, fərdi evlərdə ustalıqla (mala, elektirik, döşəmə, rəng, kafel və digər) işlərlə məşğul olur. xx.xx.2023-cü il tarixdən 2023-cü ilin iyun ayına kimi cavabdehlərin evində o, X4, Məmmədov Taleh Babaş oğlu və X6 ilə birlikdə işləmişdir. Hər iki cavabdehlərin razılığı və iştirakı ilə 6 aya qədər cavabdehlərə məxsus Lənkəran rayonu, Şilavar kəndində yerləşən fərdi yaşayış evində mala, elektirik, kafel və döşəmə işlərində usta işlərini görüb həmin işə görə ona hissə-hissə 3.000 manat zəhmət haqqı verilmişdir. Bundan sonra hər bir kv.m. 3 manat olmaqla, cəmi 1100 manat qiymətində evin divarlarına şpatlovka, 100 manat dəyərində ban basma, 150 manat pəncərələrin qarşısına padakolnik vurmasına görə pilləkənləri düzəltmək üçün 100 manat, həyətində tualet ambarını 300 manata qazmışlar, 255 manat pul Pərvizdən alıb, 45 manat pulu borc qalmış, emusiya və lakı 110 manata vurmuş, 80 manat kanalzasiya xətti çəkmiş, 120 manat fəhlələrə pul vermiş cəmi 1805 manat cavabdehlər ona olan borcu verməmişlər. Həmin evdə alçipan işləri görmək üçün usta kimi Məmmədov Taleh Babaş oğlu və X1 dəvət etmişdir, ustalar alçipan işlərini görmüşlər və işin zəhmət haqqının qiyməti 1.770 manat dəyərində təşkil etmişdir. Cavabdehlər 1.770 manatdan pulu hissəhissə 1.170 manat pulu verib 600 manat borclu qalmışlar. Cavabdehlərdən qalmış borcları verilməsini tələb etsə də, hətta maddi imkaları olsa da verməkdən imtina etmişlər. Hətta işlədiyi evə və cavabdehin iş yerinə getmişdir. Lakin cavabdehlər zəhmət haqqını verməmişlər. Bu səbəbdən Lənkəran rayon polis şöbəsinə ərizə ilə mürciət etmişdir. Lənkəran rayon polis şəbəsinin təhqiqat bölməsində Cavabdeh1 ona olan borcdan yayınmaqdan ötrü izahatında gördüyü işləri təsdiq etsə də, lakin qiymətləri öz xeyrinə aşağı qiymətə hesablamışdır. Əslində 6 aya qədər cavabdehlərin evində işləmişlər, cavabdehlər işlədiyi işlərin zəhmət haqqını düzgün hesablamadığına görə həmin evə gördüyü işlərin zəhmət haqqını hesablamaq üçün qiymətləndirici dəvət etmişdir. Rəyi iddia ərizəsinə əlavə edir. Cavabdeh2 Ağasadıq qızı tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək, qeyd etmişdir ki, məhkəmənin icraatında iddia tələbi ilə əlaqadar bildirir ki, onun iddiaçı ilə heç bir razılaşması (usta işinin qiymətləndirilməsi) olmamışdır. Buna görə də iddiaçının onu cavabdeh qismində qeyd etməsi başa düşülən deyildir. Hər bir halda deyə bilər ki, həyat yoldaşı Cavabdeh1 iddiaçıya 900 manat borcu vardır (təmir işləri ilə əlaqədar). Onlar həmin məbləği iddiaçıya dəfələrlə təklif etsələr də, iddiaçı onunla razılaşmamışdır. Qanunsuz üsullara əl ataraq onun və həyat yolaşının barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsalandırılmışdır ki, biz iddiaçıya borcluyuq, borc məbləğini qaytarmamaq üçün onu ölümlə hədələmişik. Lakin həmin xüsusat öz təsdiqini tapmamış, cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa iddiaçı iddia ərizəsini əsaslı kimi qiymətləndiricinin rəyinə istinad edərər bildirir ki, qiymətləndirici X9 yaşadıqları evə gəlib kənardan baxış keçirib onun yanında həyat yoldaşı Cavabdeh1 bildirmişdir ki, sizin X2 ən yaxşı halda 700 manat verəcəyiniz vardır. Bu sözlərdən sonra qiymətləndiricinin iddiaçının xeyrinə rəy tərtib etməsi başa düşülən deyil, iddiaçı heç bir mötəbər sübuta istinad etmir. Himayəsində azyaşlı uşaq olduğundan məhkəmə iclasının iştirakı olmadan keçirirlməsini və iddiaçının ona qarşı olan iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etməklə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlərin evində təmir – tikinti işləri görməkdən ötrü onlarla arasında heç bir müqavilə bağlamamışdır. Aralarında olan şifahi razılaşmaya əsasən, onların evində mütəmadi olaraq müəyyən işlər görmüşdür. Hər işin qiymətini aralarında şifahi olaraq razılaşmışlar. İddia tələbində qeyd edilən pulun 600 manatı cavabdehlərin ona verəcəyi alçipan işindən qalan borcdur. Həmin işi gördükləri üçün o, öz cibindən Taleh Məmmədov və Nizam Əliyevə 600 manatı ödəmişdir və bu səbəbdən də həmin pulu cavabdehlərdən tələb edir. İşlər görüldükcə cavabdehlərlə aralarında heç bir qəbz, iltizam və sair yazılı sənəd tərtib etməmişlər. Cavabdehlərin borcunu iş bitdikcə görülən işin həcminə əsasən şifaho olaraq hesablamışdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı onun evində usta kimi işləmişdir. İş üzrə digər Cavabdeh2 onun həyat yoldaşıdır. İddiaçı onların razılığı ilə onların evində işləmişdir. Gördüyü işlərə dair hazıradək cavabdehə 7.000 manat pul ödəmişdir. İddiaçının iddia tələbində qeyd etdiyi alçipan işini aralarında 1700 manata deyil 1500 manata razılaşmışlar və o, həmin işin pulunu tam şəkildə iddiaçıya ödəmişdir. Görülən işlərlə əlaqadar idiaçı ilə aralarında heç bir müqavilə bağlanmamışdır və digər yazılı heç bir sənəd tərtib edilmişdir. İşin pulunu aralarında şifahi olaraq razılaşdırırdılar və iş bitdikcə həcminə görə pulu hesablayıb nəqd şəkildə iddiaçıya ödəmişdir. Hazırda iddiaçıya görülən işdən cəmi 900 manat borcu vardır. İddia tələbini digər hissədə qətiyyən qəbul etmir və həmin tələblə əlaqədar iddiaçının heç bir əsası, sübutu yoxdur. 900 manatdan əlavə məbləği heç bir əsassız ondan tələb edir. Həmçinin iddiaçı ondan iş yeri üzrə rəhbərliyinə və polisə də əsassız olaraq şikayətlər etmişdir. Polisdə aparılan araşdırma zamanı izahatında da İddiaçı 900 manat borcunun olduğunu bildirmişdir. Eyni zamanda iddiaçı onun evində işlədiyi işləri yarımçıq qoymuşdur, bəzilərini də keyfiyyətsiz görmüşdür. Qeyd edilənlərə əsasən ona qarşı irəli sürülmüş iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşin məhkəmə baxışında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şahid X6 ifadəsində bildirdi ki, iş üzrə İddiaçı onun atasıdır. Atasının Cavabdeh1la razılığına əsasən, Taleh Məmmədovla birlikdə Pərvizin evində alçipan və şpatlyovla işi görmüşdür. Görülmüş işlərdən Pərviz ona və Taleh Məmmədova 600 manat bocu qalmışdır. Bundan başqa Pərvizin hazırda atasına gördüyü işlərdən 1800 manat borcu qalmışdır. İşin məhkəmə baxışında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şahid Məmmədov Taleh Babaş oğlu ifadəsində bildirdi ki, İddiaçı Cavabdeh1la razılaşmasına əsasən, o, Zülfiqarın oğlu Nizamla birlikdə Pərvizin evində alçipan və şpatlyovka işləri görmüşlər. Həmin işdən Pərvizin onlara 600 manat borcu vardır. Həmin pulu Pərviz ona ödəməli idi və Zülfiqar da onlara verməli idi. Həmin pulun 300 manatı ona, 300 manatı da Nizama çatırdı. Qeyd etdiyi 600 manat hələ də onlara ödənilməmişdir. Həmin borcun dəqiq hansı hesablamanın nəticəsində yarandığını bilmir. İşin məhkəmə baxışında mütəxəssis qismində iştirak edən X3 izahatında bildirdi ki, o, ixtisasca iqtisadçıdır. Cavabdeh1 Məxsus olan Lənkəran rayonu, Şilavar kəndində yerləşən evə baxış keçirərək, orada aparılan təmir-tikinti işlərinin həcmi və qiyməti barədə müvafiq rəy tərtib etmişdir. Rəydəki qiymətlər tərəflərin arasındakı razılaşma nəzərə alınmaqla hesablanmışdır. Məhkəmə iddiaçının, cavabdehin və mütəxəssisin izahatını və şahidlərin ifadəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Lənkəran Şəhər Rayon X7 Bölməsinin təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh1 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət içinin başlanması rədd edilmişdir. Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, təhqiqat zamanı izahatı alınmış Cavabdeh1 xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Haftoni qəsəbəsində yaşayan İddiaçı tərəfindən Lənkəran ŞRPŞ-nə yazılmış ərizə ilə tanış olduqdan sonra göstərmişdir ki, Lənkəran rayonu, Şilavar kəndində ailə üzvləri ilə birlikdə yaşayır, Lənkəran şəhərində Rabitəbankda kredit mütəxəssisi işləyir. Lənkəran rayonu Şilavar kəndində özünə məxsus həyətyanı torpaq sahəsində iki mərtəbəli ev tikdirmişdir. Əvvəllər müştəri olmuş, Lənkəran rayonu Haftoni qəsəbəsində yaşayan İddiaçı, mala ustası olduğunu bildirib, hər kvadrata görə ondan 3 manat pul istəyib, 360 km mala vurmuş və pulu tam ödədikdən sonra elektrik işlərinə başlamışdır. 500 manata razılaşlsalar da lakin ondan 700 manat, su sisteminə görə 1000 min manat, alçipana görə 1500 manat, döşəməyə görə 740 manat, kafel metlaxa görə 540 manat, evin 2-ci mərtəbəsinə bir kv.m. görə 3 manat 300 kv.m. 900 manat dəyərində mala vurmuş və həmin 900 manat pulu borclu qalmışdır. 740 manat döşəmə vurmasına, 540 manat kafel metlaxa görə pul vermiş, hazırda İddiaçı cəmi 900 manat pul borcu olmasını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsini 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsi ilə müəyyən edir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 14.2 maddəsinin tələbinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Həmçinin həmin məcəllənin 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik borc müqaviləsi üçün borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olmadığı hallarda yazılı formanı məcburi şərt kimi nəzərdə tutmur. Lakin, mübahisə halında, xüsusilə də borcun ümumiyyətlə verilibverilməməsi məsələsi mübahisələndirilən halda, borc münasibətlərinin mövcudluğu sübut edilməli hala çevrilir ki, bu halda sübut etmə vəzifəsi belə münasibətin həqiqətən mövcud olduğunu iddia edən tərəfin üzərinə düşür. Beləliklə işin məhkəmə baxışı nəticəsində müəyyən edilmişdir ki, iddiaçı iddia cavabdehlərdən onların evində usta kimi işlədiyi zəhmə haqqına dair 2405 manat tələb edir. Cavabdeh1 isə iş üzrə digər Cavabdeh2 ilə birgə İddiaçılə razılıqları əsasında onların evində usta kimi işlədiyini bildirərək, iddiaçıya yalnız 900 manat borcunun olduğunu etiraf edir və qalan hissədə iddia tələbini qəbul etmir. Polisdə aparılan araşdırma zamanı verdiyi izahatda da Cavabdeh1 iddiaçıya 900 manat borcunun olduğunu bidirmişdir. İddia tələbinə dair cavabdehlərin iddiaçıya 900 manat borcunun olması işin mübahisəsiz halıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən, iddia tələbinin qalan hissəsində isə iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə məhkəməyə həmin halları sübut etmək üçün heç bir mötəbər sübut, məsələn, qəbz, müqavilə, iltizam və s. məhkəməyə təqdim etməmişdir. Həmçinin tərəflər arasında görülən işlərə dair də heç bir müqavilə bağlanmamışdır. İşin məhkəmə baxışında iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər ifadələrində cavabdehlərin iddiaçıya borcunun olduğunu bildirməklə, həmin borcun dəqiq hansı əsasla və hansı hesablamanın nəticəsində yarandığını bilmədiklərini qeyd etdilər. Həmçinin iddiaçı iddia tələbində qeyd edilən məbləğin 600 manatının Taleh Məmmədov və Nizam Əliyevin gördükləri işlərə aid olduğunu və özü tərəfindən cavabdehərin əvəzinə həmin şəxslərə ödədiyini bildirir. Lakin iş üzrə şahid qismində dindirilmiş Taleh Məmmədov və Nizam Əliyev qeyd edilən 600 manat vəsaitin onları ödənilmədiyini bildirdilər. Məhkəmə hesab edir ki, hazırki mübahisədə sübut etmə vəzifəsi iddiaçının üzərində olduğundan, cavabdehlərin onun qarşısında 1505 manat məbləğində öhdəliyinin yaranmasına və öhdəliyə dair pulun ödənilib ödənilmədiyinə dair heç bir sübut təqdim olunmadığından onun irəli sürdüyü tələb həmin hissədə əsassızdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. AR MPM-nin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırki mülki iş üzrə iddia ərizəsinin məhkəməyə verilməsi üçün 46,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş qəbzdən müəyyən edilir ki, mülki iş üzrə mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən 120 manat ödənilmişdir. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən mütəxəssis rəyinə dair ödənilmiş 120 (yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,40 (qırx altı manat qırx qəpik) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 900 (doqquz yüz) manat, mütəxəssis rəyinə dair 120 (yüz iyirmi) manat, cəmi 1.020 (min iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,40 (qırx altı manat qırx qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-704/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-704/2024
11.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver