Məhkəmə qərarları › İş №2(049)-710/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-710/2025

05.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-710/2025 05.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 23 fevral 2016-cı il tarixli, 2(049)-104/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarını dəyişdirərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutulmasına və medasiya xərcinə dair ödədiyi 60 (altmış) manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2013-cü ildə el adəti qaydasında ailə qurmuş, həmin ildə aralarında rəsmi nikah qeyd etdirmişlər və birgə nikahdan 15 iyun 2014-cü ildə Aylin adlı qızları dünyaya gəlmişdir. 2014-cü ildə səhhətində narahatçılığa görə cavabdeh və ailəsi onu qəbul etməmiş və onlar ayrılmışlar. Lənkəran Rayon Məhkəməsinin 2(049)-104/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə nikah pozulmuş, azyaşlı övladı Aylin onun yanında saxlanılmış və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 108 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulmuşdur. Cavabdeh bu günə kimi heç bir zaman uşaqla maraqlanmamış və ata kimi ona qayğı qöstərməmişdir. Qızının artıq 11 yaşı var. Cavabdeh bu günə kimi, yəni bu 11 ildə övladı ilə cəmi 3 dəfə görüşüb. 2024cü ildə uşaq pnevmaniya olmuşdur və bunu bildirmək üçün o, cavabdehə zəng vurmuşdur. Cavabdeh həmin vaxt, sonra da, uşaqla maraqlanmamış, ata kimi uşağının məsuliyyətini öz üzərinə götürməmişdir. Hazırda uşağın saxlanılmasını və onun gündəlik tələbatlarını tək ödəyə bilmir. Artıq uşağın gündəlik tələbatı artmışdır. Həmçinin cavabdehin rəsmi iş yeri vardır. Belə ki, o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri vəzifəsində çalışır. Kifayət qədər aylıq gəliri vardır. O,, hazırda cavabdehdən alimentin onun qazancının 1/4 hissəsi miqdarında tutulmasını istəyir. Belə ki, onun ayiıq qazancının 1/4 hissəsi hazırda qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aylıq 108 manat sabit pul məbləğindən daha çoxdur. Odur ki, cavabdehdən xeyrinə onun aylıq qazancının 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutulması daha da məqsədəmüvafiqdir. Cavabdeh iddiaya qarşı məhkəməyə ünvanladığı etirazında bildirmişdir ki, İddiaçı ilə arasında olan boşanma məhkəməsində əleyhinə haqsız qərarlar verilmişdir. İddiaçı alimentin artırılması iddiasını mediasiya vasitəsi ilə ona bildirdikdə o, 250 manat vəsaitin hər ay uşağına verəcəyi ilə bağlı təklif vermişdir. Lakin iddiaçı bununla razılaşmayıb onun işini önə çəkərək 500 manat və artıq məbləğ istədiyinə görə məhkəməyə müraciət etmişdir. İlk öncə onu bildirir ki, 2016-cı ildə boşanma zamanı 158 manat maaş almağına baxmayaraq hal-hazırda tələb olunan maaşın 1/4 hissəsini deyil 108 manat minimum aliment ödənişi müəyyən edilmişdir. Bundan elavə iddiaçı ikinci ailə həyatı qurub hazırda kirayədə yaşayır. Lakin birgə nikahdan olan uşağı onun anası ilə birgə yaşayır. Anası Mirvarinin qəyyumluq hüququ olmadan və icazəsiz uşağı yanında saxlayır. Bu səbəbdən uşağını iddiaçıdan tələb edir. Hesab edir ki, uşaq ana və ata nəvazişi görmür. Bunun səbəbkarı iddiaçı özüdür. Əgər saxlamaq üçün şəraiti yoxdursa, onun saxlamağa şəraiti vardır. Ondan tələb olunan məbləği uşağına deyil, iddiaçı öz yaşam vəziyyətini yaxşılaşdırmaqdan ötrü olduğu aydındır. O, hazırda Lənkəran MRX-ı poliklinika şöbəsinin müdiri vəzifəsində işləyir. Aylıq məvacibi vergilər tutulduqdan sonra 1245 manatdır. İkinci dəfə ailə həyatı qurmuşdur və 3 azyaşlı uşağı var. Yuxarıda yazılanları iddiaçı inkar edəcəyinə əmindir. Lakin uşağımın öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkdiyini bildirsə də uşağının onun anası ilə qanunsuz, şəkildə qaldığına görə ilk öncə öz uşağını tələb edir. Saxlanılmasını onun öhdəsinə verilməsini iddiaçıdan tələb edir. Əks halda göstərdiyi nüansları nəzərə alıb iddiaçının verdiyi alimentin artırılması əsasız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X6r. 14 yanvar 2025-ci il tarixli, MŞL-01798 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 15 yanvar 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 60 manat mediasiya xərci ödəmişdir. Lənkəran Rayon Məhkəməsinin 23 fevral 2016-cı il tarixli, 2(049)-104/2016 saylı qətnaməsindən görünür ki, tərəflərin nikahı pozulmuş, xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X1 ötrü hər ay 108 manat alimentin Cavabdeh tutulub Gülnar Zeynalzadəyə verilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X2r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X2r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X2r. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə şöbə müdiri vəzifəsində işləyir və aylıq əmək haqqı 1618.70 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə X5 adlı uşaq doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 23 fevral 2016-cı il tarixli, 2(049)-104/2016 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X1 ötrü hər ay 108 manat alimentin Cavabdeh tutulub Gülnar Zeynalzadəyə verilməsi qət edilmişdir. İddiaçı 108 manat aliment məbləğinin hazırki dövrdə uşağın saxlanması üçün yetərli olmadığını, cavabdehin maddi vəziyyətində dəyişiklik olduğundan onun ayqlı qazancının ¼ hissəsi miqdarında aliment tutulmasını xahiş edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməsə də, məhkəməyə ünvanladığı etirazında göstərdiyi dəlillərə əsaslanaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyi vaxtdan artıq 9 ildən çox müddət keçdiyindən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşağın böyüdükcə gündəlik tələbatlarının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Eyni zamanda, 108 manat aliment məbləği hazırki dövrdə 1 uşağın saxlanması xərcləri ilə uzlaşmır. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda Aylin adlı uşağın böyüdükcə artan xərclərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 23 fevral 2016cı il tarixli, 2(049)-104/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment və mediasiya xərcinə dair ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarı ilə «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında dəyişikliklər edilmiş, 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavəyarımbəndlər əlavə edilmişdir. “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” İddiaçı xx.xx.2025-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də yuxarıda qeyd olunan müvafiq Plenum qərarına əsasən arıtırılmış alimentin tutulmasının başlanğıcı xx.xx.2025-ci il tarixdə hesablanmalıdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 23 fevral 2016-cı il tarixli, 2(049)-104/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Mediasiya xidməti üçün ödənilmiş 60 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar