Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-728/2024 02.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X2, iddiaçı: İddiaçı Əlisəfa oğlunun iştirakı ilə, İddiaçı Əlisəfa oğlunun cavabdeh X1 qarşı “pul” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Əlisəfa oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 4200 manat məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 62.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Əlisəfa oğlu əmək fəaliyyəti ilə məşğul olmaqla Lənkaran rayon sakini Cavabdehn əvvələr tanımadığı və onunla heç bir ədavəti və düşmənçiliyi olmayıb. Sonralar tanımış və münasibəti olmuşdur. Münasibəti olduğu üçün Cavabdeh ona xx.xx.2022-ci il tarixdə yaxınlaşaraq ehtiyacı olduqu üçün 5350 manat pul lazım olduğunu və ona köməklik etməyini xahiş etdi. Oun düşdüyü vəziyyəti başa düşərək kömək məqsədi ilə ona 5350 manat borc pulu 3 (üç) ay müddətinə öz aralarında borc qəbzinə əsasən vermişdir. Bundan sonra Cavabdeh bildirdi ki, xx.xx.2022-ci il tarixə kimi ona olan bütün borcun qaytaracaqdır. Buna görə də Cavabdeh pulun alınmasına dair ona əl yazma qəbz vermiş və həmin vaxt həmin qəbzi şəxsən özü imzası ilə təstiq etmişdir. Lakin onun qeyd etdiyi müddət başa çatsada o, cəmi 1150 manat ödəmişdir, pulun qalan məbləğin bu günə kimi 4200 manat borcun ödəməmişdir. Bu günə kimi də ona olan borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı Əlisəfa oğlu iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehi əvvəllər tanımamışdır. Cavabdeh onların rayonuna gəlin gəlmişdir. Cavabdehin əri və qaynanasını da tanıyır. O, pulu cavabdehə vermişdir. Cavabdeh 5350 manat borc məbləğindən cəmi 1150 manat ona qaytarmış qalan 4200 manat borcu qalmışdır. Borcun qaytarılmasını dəfələrlə tələb etsə də, cavabdeh yayınmışdır. Məhkəmə bildirişini aldıqdan sonra cavabdeh ona zəng edərək iddianı geri götürməyini xahiş etmiş, lakin o, razılaşmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə bamayaraq gəlməmiş, gəlməməsi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2022ci il tarixli qəbzdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixidə 5350.0 manat məbləğində borc pulu xx.xx.2022-ci il tarixədək qaytarılmasına görə öhdəlik götürmək şərti ilə vermişdir. İş materiallarında olan qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə müraciət üçün 62.40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, tərəflər arasında borc münasibətləri olmuş, iddiaçı özünə aid puldan cavabdehə borc olaraq vermiş, bu hərkətlər rəsmiləşdirilmiş, cavabdeh borcunu tərəflər arasında müəyən edilmiş müddətdə (yəni xx.xx.2022-ci il tarixədək) qaytarılmasına dair üzərinə öhdəlik götürsə də, öhdəliyi icra etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbz mötəbər sübut kimi qiymətləndirilməsi və iş üzrə iddianın təmin edilməsinə yönəlmiş mümkün sübut kimi qiymətləndirilməlidir. Məhz buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq ona ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4200 manat pul alınaraq İddiaçı Əlisəfa oğluna ödənilsin. İş üzrə ödənilmiş 62.40 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Əlisəfa oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-728/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-728/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver