Məhkəmə qərarları › İş №2(049)-740/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-740/2023

10.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-740/2023 10.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, iddiaçı: İddiaçı, cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,xx.xx.2016-cı il təvəllüdlü X1 üçün yetkinlik yaçına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 200 manat pul məbləğində Cavabdeh tututlaraq İddiaçı verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 2591/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında nikah pozulmuş, tərəflərin birgə nikahdan doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq 130 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda X5 6 yaşı var. Lənkəran Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır, ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş '"Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Cavabdeh övladı ilə bu illər ərzində qətiyyən maraqlanmayıb. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə cavabdeh vaxtı-vaxtında ödəməmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Tək qadın olaraq uşağın təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmək iddiaçıya çox çətindir. Buna görə də iddiaçı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərı təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddianı qəbul etmir heç bir yerdə işləməməsi və maddi imkanı olmadığına görə iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(049)-2591/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 Cavabdeh ilə nikah pozulduqdan sonra 19 mart 2016-ci il l tarixdə doğulmuş X7 iddiaçı X2 himayəsində saxlanılaraq 19 mart 2016-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir İş materiallarında olan məhkəmədə elan edilərək araşdırılmış Lənkəran rayon Qeydiyyat şöbəsinin verdiyi 21 dekabr 2020-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnaməsindən görünür ki nikah pozulduqdan sonra arvada Məcidova, ərə Tağıyev soyadı verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X3 İştirak edilməsi barədə olan 14 dekabr 2022-ci il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən alimentin artırılması tələbindən irəli gələn ailə mübahisəsi üzrə ilkin mediasiya sessiyasının keçirilməsindən ötrü 55 manat mediasiyaya ödəniş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını, habelə mülki işə əlavə edilmiş sənədləri araşdırıaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, tərəflər arasında nikah pozulduqdan sonra iddiaçıya Lənkəran rayon məhkəməsi tərəfindən 130 manat aliment ödənilməsi müəyyən edilmiş, həmin vaxtdan sonra alimnetin miqdarı artırılmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, ötən on il ərzində iqtisadi fəallığın artması, yeni bazar qiymətlərinin müəyyən edilməsi, habelə yaşayış minimumunun da hər il müəyyən faiz məbləğində artırılması hazırda da məhkəməyə alimnetin miqdarını artırmağa əsas verir. Məhkəmə hesab edir ki, alimentin artırılmasına məqsəd əlavə təhsil xərcləri deyil, məhz iqtisadi dinamika ilə əlaqədar minimum dolanacaq xərcələrinin qarşılanmasıdır. Məhkəmə bu qənaətə gələrkən, Konstitusiya Məhkəməsinin Plenum qərarlarını əsas götürmüşdür. Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərirlir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanları, o cümlədən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumum keçən iki il ərzində dəfələrlə artmasını, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Aliment məbləğinin müəyyən edilməsi zamanı məhkəmə, həmçinin cavabdehin maddi imkanını, ailə vəziyyətini və aliment məbləğini ödəmə qabiliyyətinin mütəmadiliyi və fasiləsizliyinin təmin edilməsi üçün ağlabatan miqdarın müəyyən edilməsini əsaslı sayır. Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndini rəhbər tutaraq 2023-ci il üçün yaşayış minimumu haqqında qanunda qeyd olunduğu kimi əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun (məbləği 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat) uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə aliment məbləğinin artırılması zamanı xüsusilə vurğulamağı zəruri hesab edir ki, aliment məbləği yönəldiləcək uşaq xx.xx.2016-cı il təvəllüdlüdür, yəni artıq 7 yaşı vardır.. Cavabdehə təyin edilmiş 130 manat məbləğ isə hazırda dövrün reallığı ilə ayaqlaşmamaqla yanaşı, yetkinlik yaşına çatmayan bir uşaq üçün kifayət qədər az məbləğdir. MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş subutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2591/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 19 mart 2016-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar