Məhkəmə qərarları › İş №2(049)-741/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-741/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-741/2025 14.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında 14 mart 2025-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2750 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X3 bir neçə il bundan əvvəl cavabdehlə ailə qurub evlənmişdir. Oğlu İİ Qarabağ Müharibəsində şəhid olmuşdur. Oğlunun şəhid olması ilə əlaqədar olaraq dövlət tərəfindən ona 2750 manat, əri X1 2750 manat və cavabdehə 5500 manat məbləğində pul verilmişdir. Bundan sonra cavabdeh ondan şəhid pulu kimi verilmiş 2750 manat pulu borc istəmişdir. Həmin pulu ona verdikdən sonra isə əri Rakim Heydərov ilə onun dostunun evinə getmişlər. Həmin pulu cavabdeh ondan atasının mal heyvanını saxlamaq üçün tövlə tikmək məqsədilə almışdır. Cavabdeh aldığı borcu bir il müddətdən sonra qaytaracağına söz vermişdir. O, həmin pulu cavbabdehin “Kapitalbank” bankına məxsus bank kartına göndərmişdir. Cavabdeh pulu ona qaytarmaq istəmir. Dəfələrlə ona desə də hər dəfə də müxtəlif bəhanələr gətirir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət edir. Cavabdehin həmin məbləğdə pulun ona borcu olmasına sübutu yalnız şahididir. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 05.12.202-ci il tarixdə, oğlunun 40-ı çıxmamış, “KapitalBanbk” Lənkəran filialından şəhid ailələri üçün nəzərdə tutlmuş 2750 manat məbləğdə pulu saat 10-11 radələrində çıxarmış, bankın həyətində həmin pulu ərinin və cavabdehin atasının yanında cavabdehə vermişdir. Cavabdeh həmin borcu 01 il ərzində qaytaracağına söz vermişdir. Həmin pullar 100 və 50 manatlıq əskinazlardan ibarət olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin gün hava günəşsiz olmaqla normal olmuşdur. Cavabdeh borcu vaxtında qaytarmadığı üçün rayon İcra Hakimiyyətinə, polisə şikayətlər etmiş, savadsızlığından və qanunu bilmədiyindən vaxtında məhkəməyə müraciət etməmişdir. Oğlunun 40-dan sonra, cavabdeh atası evinə çıxıb getmişdir. Oğlunun 40-ı xx.xx.2020-ci il tarixdə baş tutmuşdur. Cavabdeh iddiaya qarşı etiraz ünvanlayaraq etirazında göstərmişdir ki, gənc qadın olaraq əlini ürəyinin üzərinə qoyub saf əqidə və yanan qəlbi ilə bildirir ki, heç vaxt iddiaçıdan pul istəməmiş, iddiaçı da ona heç vaxt pul verməmişdir. İddianı qəti qəbul etmir və ona qəti etirazını bildirir. İddiaçı çəkinmədən məhkəməyə yalan və aldadıcı fikirlər yazaraq bildirir ki, guya o, atasının ehtiyacına görə ondan pul almışdır. Əgər atasının pula ehtiyacı vardısa onda olan 5500 manatı o özü atasına verərdi. Hörmətli Prezidentin sərəncamı ilə ona şəhidin arvadı kimi şəhidlər üçün tikilmiş binadan bir otaqlı mənzil verilmişdir. İddiaçı həmin mənzili ondan almaq istəmişdir. O isə buna etiraz etmişdir. Onunla bir binada yaşayan şəhid ailələri də yaxşı bilirlər ki, iddiaçı ilə aralarında olan narazılıq, ona verilən mənzillə əlaqədardır. Aralarında olan düşmənçilik də oradan başlamışdır. Məlumat üçün bildirir ki, iddiaçının Bakı şəhərində və kəndlərində 2 yerdə evi vardır. Dövlətin ona verdiyi mənzili də ondan almaq istəyir. Əri şəhid olduqdan sonra yeganə təsəllisi və ümidi olan 4 yaşlı Murad balasını itirmişdir. Belə olan vəziyyətdə iddiaçı bütün bu dərdləri azaltmaq üçün təsəlli vermək əvəzinə onu məhkəməyə vermişdir. İddiaçı bildirir ki, şahidlərin yanında ona pul vermişdir. Daha sonra isə göstərmişdir ki, həmin pulu onun bank kartına göndərmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh etirazında göstərilnlərə uyğun izahat verərək əlavə olaraq göstərmişdir ki, iddiaçının göstərdiyi kimi xx.xx.2020-ci il tarixdə o, atası ilə birlikdə “KapitalBank”da olmamışdır. Ərinin ilinədək o, iddiaçı ilə birlikdə yaşamışdır. O, iddiaçıdan pul almamışdır. Uşağı Murad 2023-cü ildə vəfat etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəfləri və iddiaçının şahidini dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.3-cü maddəsinə əsasən Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. İddiaçı cavabdehə 2750 manat pulu borc olaraq xx.xx.2020-ci ilk tarixdə “KapitalBank” Lənkəra filialının həyətində verdiyini göstərsə də bu dəlilini təsdiqləyən mötəbər sübutunu məhkəməyə təqdim etməmiş, bunu savadsızlığı və qanunu bilməməklə izah etmişdir. Lakin qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Hətta onun məhkəməyə dəvət etdiyi şahidi olan əri X2 ifadəsi ilə onun izahatı üst-üstə düşməmişdir. Belə ki, şahid qismində dindirilmiş X4 məhkəmə iclasında bildirmişdir ki, oğlu şəhid olduqdan sonra gəlinləri olan cavabdeh onlara qarşı soyumuş, bu səbəbdən də şəhidinin oğlunu, özünün isə nəvəsini yaxşı-yaxşı qucaqlaya bilməmiş, cavabdeh Dövlətin onlara verdiyi bayrağı götürüb öz mənzilinə aparmış, nəvəsini onlardan xəbərsiz xəstəxanaya aparmış, xəstəxanada yalnız bir dəfə nəvəsi ilə görüşmüş, ikinci dəfə görüşdüyü zaman ona qarşı şiddət göstərilmişdir. İddia tələbi ilə bağlı isə bildirmişdir ki, cavabdehin atası onlardan borc pul istəmiş, həmin borcu arvadı olan iddiaçı oğlu şəhid olduqdan bir il yarım sonra, günəşli qış ayında “KapitalBank” Lənkəra filialının həyətində cavabdehin atasına vermiş, iddiaçının atası həmin borcu 1-1,5 il müddətində qaytaracağına söz vermişdir. Həmin pulu arvadı “Beynəlxalq”Bankdan çıxarmışdır. Məhkəmə iddiaçının sərbəst izahatı ilə ərinin ifadəsi arasında olan ziddiyətlərə diqqət yetirərək qeyd edir ki, iddiçı cavabdehə 2750 manat pulu “KapitalBank” Lənkəra filialından çıxardığını, şəhid oğlunun heç 40-ı çıxmamış xx.xx.2020-ci il tarixdə günəşsiz havada cavabdehə verdiyini göstərsə də, onun şahidi olan əri, arvadı tərəfindən həmin pulun “Beynəlxalq”Bankdan çıxarıldığını, pulu oğlu şəhid olduqdan sonra bir il yarim sonra, günəşli havada cavabdehə deyil, cavabdehin atasına verdiyini göstərmişdir. Göründüyü kimi, iddiaçının yeganə sübutu olan ərinin ifadəsi ilə iddiaçının sərbəst izahatı arasında kəskin ziddiyət olduğundan, həmin ifadə də sübut kimi mötəbər deyil, məhkəmə bunu iddianın təmin edilməsi üçün kifayət sayır. Məhkəmə qeyd edir ki, şahid qismində dəvət etdiyi ərinin ifadəsindən sonra iddiaçı sərbəst verdiyi ifadəsini dəyişərək bildirmişdir ki, borc pulu cavabdehin atasına vemiş və sonuncu onu bir il müddətə ona qaytaracağına söz vermişdir. Məhkəmənin təklifinə cavab olaraq isə bildirmişdir ki, o, əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunmasını istəmir. Bununla bağlı məhkəmə qeyd edir ki, MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə hesab edir ki, iddia buna cavab verməli olmayan şəxsə verildiyindən iddiaçının tələbi təmin edilməmlidir. Məhkəmə nəzərə alır ki, tərəflər şəhid ailəsi statusu daşıdıqlarından, onlar dövlət rüsumunu ödəməkdən azaddırlar. NƏTİCƏ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar