Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-776/2024 29.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad olunması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan, Lənkəran rayonu Siyavar kəndində yerləşən 0,7963 hektar torpaq sahəsinin 1/4 hissəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və torpaq sahəsinin cavabdehin qanunsuz zəbtindən azad olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, hazırda ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Siyavar kəndində yaşayır. Həmin kənddə yerləşən 0,7963 hektar torpaq sahəsi Lənkəran rayon Aqrar İslahat Komissiyasının qərarı ilə xx.xx.2000-ci il taixli JN 216 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onların mülkiyyətinə verilmişdir. Qeyd olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Uzun müddətdir ki, cavabdeh ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin 1/4 hissəni qanunusuz zəbt etmişdir. Həmin torpaq sahəsinə DƏDRX-nin Lənkəran 10 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən mülkiyyət hüquqlarının qeydiyyatı barədə Texniki pasport tərtib edilmiş və müvafiq çıxarışın verilməsi məqsədi ilə yerində müayinə aparılmaqla koordinat nöqtələri dəqiqləşdirilmiş, mövcud vəziyyətə uyğun olaraq xx.xx.2023-cü il tarixli çıxarış sənədi verilmişdir. İş üzrə cavabdeh ona məxsus torpaq sahəsinin bir hissəsini çəpərlə əhatəyə alaraq zəbt etmişdir. O, bu barədə Siyavar Bələdiyyəsinə müraciət etmiş, lakin cavabdeh ona məxsus torpaq sahəsinin ayırılaraq ona tanıdılmasına imkan verməmişdir. Cavabdeh həmin torpaq sahəsinə dair mülkiyyət hüququ və ya digər hər hansı qanuni əsası olmadan ona maneələr yaradır və onun öz torpaq sahəsinə daxil olmasına imkan vermir. O, DƏDRX-nin Lənkəran 10 saylı Ərazi İdarəsindən özünə və ailə üzvlərinə məxsus torpaq sahəsinə yerində baxış keçirilməsini xahiş etmişdir. Adı çəkilən orqanın xx.xx.2023-cü il tarixli cavab məktubunda yaranmış mübahisə ilə əlaqədar məhkəmədən müvafiq sorğu, bildiriş və sərancam daxil olacağı təqdirdə müraciətinə münasibət bildiriləcəyi qeyd edilmişdir. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq cavabdehin qanunsuz və özbaşına hərəkətləri ilə bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib iddia tələbinin həcmini artıraraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, Lənkəran rayonu Siyavar kəndində yerləşən 0,7963 hektar torpaq sahəsinin məhkəmə prosesinin gedişində mütəxəssis arayışı ilə müəyyən edilmiş qaydada, həmin arayışa əlavə edilmiş yerquruluşu planında göstərilən koordinatlara uyğun olaraq zəbt olunmuş 0,42 hektardan ibarət hissəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və həmin torpaq sahəsinin cavabdehin qanunsuz zəbtindən azad olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarışda göstərilən cəmi 0,7963 hektar torpaq sahəsi islahatla əlaqədar iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh isə iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin bir hissəsini zəbt edərək həmin torpaq sahəsindən qeyri-qanuni istifadə edir. Cavabdeh həmin torpaq sahəsini könüllü olaraq zəbtdən azad etməyərək iddiaçı və ailə üzvlərinə özlərinə məxsus torpaq sahəsindən istifadə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində mütəxəssin arayışına əsasən məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsi 0,42 hektar təşkil edir. Hazırda o, iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilən hissəsindən cavabdehin çıxarılmasını və onun tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını, həmin torpaq sahəsinin boşaldılmasını istəyir. Qeyd etdiklərinə nəzərə alınmaqla hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı vəkili Vəkil da hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçının əri ilə qohumluq münasibətləri vardır. Eyni zamanda, iddiaçının ailə üzvlərinə məxsus torpaq sahəsi ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin qonşuluğunda yerləşir. Belə ki, torpaq islahatı zamanı onun atası X3 və ailə üzvlərinin mülkiyyətinə Lənkəran rayonu Siyavar kəndindən 0,50 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini uzun illər onun atası istifadə etmiş, atası vəfat etdikdən sonra isə o özü istifadə etməyə davam etmişdir. İddiaçının ailə üzvlərinə məxsus torpaq sahəsi də onun torpaq sahəsi ilə həmsərhəddir. Hazırki iddia tələbi üzrə mübahisə predmetinə aid olan və iddiaçının boşaldılmasını tələb etdiyi ərazi də əvvəllər atasının, 2013-cü ildən etibarən onun və ailə üzvlərinin faktiki istfadəsində olan torpaq sahəsidir. O, həmin torpaq sahəsinə özbaşına girməmiş, qeyd olunan ərazi ona torpaq şöbəsinin və bələdiyyənin səlahiyyətli nümayəndələri, kənd icra nümayəndəsi və sahə müvəkkilinin iştirakı ilə verilmişdir. O, istifadə etdiyi torpaq sahəsinin 0,42 hektardan ibarət hissəsinin iddiaçıya və onun ailə üzvlərinə məxsus torpaq sahəsi olduğunu məhkəmə araşdırması zamanı bilmişdir. İş üzrə verilmiş mütəxəssis arayışının nəticələri ilə razıdır və həmin arayışa heç bir etirazı yoxdur. Qeyd olunan 0,42 hektar ərazi sənəd üzrə iddiaçı və onun ailə üzvlərinə aid olduğu təqdirdə, həmin torpaq sahəsini boşaldaraq iddiaçıya təhvil verməyə etiraz etmir. Lakin, o, həmin torpaq sahəsinin sənəd üzrə iddiaçıya məxsus olması barədə əvvəllər heç bir məlumatı olmadığından qeyd olunan ərazidə 15 ədəd meyvə (alma, şaftalı, gilas, gavalı və s.) ağacı əkmiş, həmçinin, kənd təsərrüfatı məhsulları becərmişdir. Bu səbəbdən o, həmin torpaq sahəsində əkdiyi ağacların payız mövsümündə özünə məxsus torpaq sahəsinə köçürməsinə və digər məhsulları isə heç bir maneə olmadan yığmasına şərait yaradılmasını məhkəmədən xahiş edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarışın və həmin tarixli B 114545 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin, xx.xx.2000-ci il tarixli JN 215 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətlərindən, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müraciətə cavab məktublarından, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Lənkəran rayonu Siyavar kəndi ərazisində yerləşən 0,7963 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi iddiaçı və digər şəxslərin (cəmi 8 nəfər) ümumi birgə mülkiyyətindədir və qeyd edilən torpaq sahəsinə dair onların adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. Cavabdehin atası X3 və qeyrilərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,50 hektar torpaq sahəsi də qeyd olunan ərazidə yerləşir. İddiaçı və onun nümayəndəsi hazırki iddia tələbində qeyd edilən mübahisəli məsələnin həlli yolları ilə əlaqədar aidiyyəti orqanlara müraciət etmişlər və onlara mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu, məhkəmə prosesinin gedişində mütəxəssis arayışının verilməsi ilə əlaqədar 95 manat müayinə və tədqiqat xərci ödəmişdir. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsinin (və ya bir hissəsinin) cavabdeh və ya digər şəxslər tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün mütəxəssis arayışı verilməsindən ötrü məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli qərardad qəbul edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə göndərilmişdir. Həmin orqandan verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubu, mütəxəssis arayışı və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə müəyyən edilmişdir ki, mübahisə predmetinə aid olan əraziyə adı çəkilən orqanın əməkdaşları tərəfindən baxış keçirilmiş və GPS aləti vasitəsilə ölçmə işləri aparılmışdır. Aparılmış araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********59 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü ilə (ilkin hüquqmüəyyənedici sənəd JN-216 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) İddiaçı və qeyrilərinin ümumi birgə mülkiyyətlərində olan, Lənkəran rayonu Siyavar kəndi ərazisində yerləşən 0,7963 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı və qeyrilərinin faktiki istifadələrində olan torpaq sahəsinin də koordinatları müəyyən olunmuş və ölçüsünün 0,72 hektar olması məlum olmuşdur. Araşdırma zamanı İddiaçı və qeyrilərinin faktiki istifadələrində olan 0,72 hektar torpaq sahəsinin bir hissəsinin (0,27 hektar hissəsinin) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********59 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü ilə onların ümumi birgə mülkiyyətində olan 0,7963 hektar torpaq sahəsinin sərhəd hüdudları daxilinə, qalan hissəsinin (0,45 hektar hissəsinin) isə onlara məxsus torpaq sahəsinin sərhəd hüdudlarından kənara düşməsi müəyyən olunmuşdur. Beləliklə, sənəd üzrə iddiaçı və qeyrilərinin ümumi birgə mülkiyyətlərində olan 0,7963 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onların faktiki istifadələrində olan torpaq sahəsi ilə tam həcmdə üstüstə düşməməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı qeyd olunan ərazidə JN 215 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında X3 və qeyrilərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,50 hektar torpaq sahəsinin (İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan torpaq sahəsinin sərhədində) mövcud olması müəyyən olunmuşdur. Həmin 0,50 hektar torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sənəd üzrə iddiaçı və qeyrilərinin ümumi birgə mülkiyyətlərində olan 0,7963 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə JN 215 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında X3 və qeyrilərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 0,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə üst-üstə düşməməsi, qonşu torpaq sahələri olması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sənəd üzrə İddiaçı və qeyrilərinin ümumi birgə mülkiyyətlərində olan 0,7963 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 hektardan ibarət hissəsinin (1-2 döngə nöqtələri arasında X – Y koordinatları üzrə: 1 nöqtəsi X – 314032,4640, Y – 4278735,8280; 2 nöqtəsi X – 314047,0440, Y – 4278780,9560; 3 nöqtəsi X – 314131,4570, Y – 4278752,5540; 4 nöqtəsi X – 314117,4860, Y – 4278707,5470) faktiki vəziyyətdə Cavabdeh tərəfindən istifadə edilməsi, 0,10 hektardan ibarət hissəsinin isə mülki işdə adı çəkilməyən şəxs - X1 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq Lənkəran rayonu ərazisində olan mülkiyyətçilərin və icarəçilərin istifadələrindəki torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş, torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Araşdırma zamanı qeyd olunan ərazidə həm iddiaçının və həm də cavabdehin faktiki istifadələrində olan torpaq sahələrinin koordinatlarının torpaqların elektron kadastr uçotu informasiya sisteminə uyğun olmaması müəyyən edilmişdir. (Aparılmış müayinə və tədqiqatın dəyəri 95,00 manat təşkil edir). Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, Lənkəran rayonu Siyavar kəndi ərazisində yerləşən, mülkiyyət hüququnu tanıyan sənədlər əsasında iddiaçı və qeyrilərinin xüsusi mülkiyyətində olan 0,7963 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,42 hektardan ibarət hissəsi hazırki vəziyyətdə cavabdeh tərəfindən istifadə olunur. Hazırda iddiaçı özünün və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,7963 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilən 0,42 hektardan ibarət hissəsindən cavabdehin çıxarılması və onun tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq qeyd olunan torpaq sahəsinə dair onun və qeyrilərinin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərə, eyni zamanda, mütəxəssis arayışına və arayışa əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planına istinad edir. Cavabdeh iddia tələbini qismən qəbul edir, mübahisə predmetinə aid olan ərazi sənəd üzrə iddiaçıya aid olduğu təqdirdə, həmin torpaq sahəsini boşaldaraq təhvil verməyə etiraz etmədiyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmiş, yalnız torpaq islahatı zamanı özünün ailə üzvlərinə verilmiş torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,7963 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 hektardan ibarət hissəsinin faktiki olaraq cavabdeh tərəfindən istifadə edildiyi məhkəmə iclasında sübuta yetirilmişdir. İddiaçı və onun ailə üzvlərinin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərlə yanaşı, mütəxəssis arayışı və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə isə həmin torpaq sahəsinin sənəd üzrə iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsi olduğu təsdiq edilmişdir. Cavabdeh özü də mübahisəli ərazinin onun istifadəsində olduğunu inkar etməmiş, eyni zamanda, mütəxəssis tərəfindən aparılan müayinə və tədqiqatın nəticələrini mübahisələndirməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Lənkəran rayonu Siyavar kəndi ərazisində yerləşən 0,7963 hektar torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədinə əsasən hazırda iddiaçı və qeyrilərinin xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehin həmin torpaq sahəsinin bir hissəsindən, yəni 0,42 hektardan ibarət hissəsindən qanunsuz olaraq istifadə etməsi iddiaçı və onun ailə üzvlərinin əmlak hüquqlarının pozulması, onların özlərinə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Cavabdehin mübahisə predmetinə aid olan torpaq sahəsindən istifadə etməsinin qanuniliyinə dair hər hansı rəsmi sənəd və ya digər qanuni əsas mövcud deyildir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, cavabdeh iddiaçı və qeyrilərinin xüsusi mülkiyyətində olan 0,7963 hektar torpaq sahəsinin yerquruluşu planına əsasən cavabdeh tərəfindən qeyri-qanuni zəbt olunduğu müəyyən edilən 0,42 hektardan ibarət hissəsindən çıxarılmalıdır. 0,42 hektar torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. İddiaçının öz mülkiyyətindən sərbəst surətdə istifadə etməsini təmin etmək üçün qeyd olunan torpaq sahəsindən istifadə edilməsinə cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır. Eyni zamanda, məhkəmə iddiaçı və qeyrilərinin xüsusi mülkiyyətində olan 0,7963 hektar torpaq sahəsinin 0,10 hektardan ibarət hissəsinin X1 adlı digər şəxs tərəfindən istifadə edilməsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçının (və ya 0,7963 hektar torpaq sahəsinin digər mülkiyyətçilərinin) X1 adlı şəxsə qarşı hər hansı tələblərinin olması halları müəyyən edilmədiyindən, o, cavabdeh qismində cəlb edilmədiyindən və həmin şəxsə qarşı məhkəmə prosesinin gedişində də əlavə cavabdehin cəlb edilməsi barədə ərizə verilmədiyindən, habelə, məhkəmənin iddia tələbindən kənara çıxması üçün qanunda göstərilən müstəsna hallar və digər əsaslar mövcud olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində əsasən məhkəmə iddia tələbindən kənara çıxmadan iddiaya hazırki tələbdə qeyd edilən, yalnız Cavabdeh qarşı irəli sürülən iddia tələbi həddində baxılmasını qanunauyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin təmin edildiyi nəzərə alınmaqla iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 100,00 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İş üzrə mütəxəssis rəyi verilməsi zərurəti iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin (və ya bir hissəsinin) zəbt edilib-edilməməsinin müəyyən edilməsi ilə əlaqədar yarandığından və həmin torpaq sahəsinin bir hissəsinin, həqiqətən də, cavabdeh tərəfindən zəbt edildiyi müəyyən olunmaqla, iddia tələbi də təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iş üzrə müayinə və tədqiqat xərci olan, iddiaçı tərəfindən ödənilmiş 95,00 manat məbləğin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qanunauyğun hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh Abbasov X2 rayonu Siyavar kəndində yerləşən, xx.xx.2023-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı və qeyrilərinin xüsusi mülkiyyətində olan 0,7963 hektar torpaq sahəsinin mütəxəssis arayışına əlavə edilmiş yerquruluşu planında göstərilən koordinatlara uyğun olaraq zəbt olunmuş 0,42 hektardan ibarət hissəsindən (1-2 döngə nöqtələri arasında X – Y koordinatları üzrə: 1 nöqtəsi X – 314032,4640, Y – 4278735,8280; 2 nöqtəsi X – 314047,0440, Y – 4278780,9560; 3 nöqtəsi X – 314131,4570, Y – 4278752,5540; 4 nöqtəsi X – 314117,4860, Y – 4278707,5470) çıxarılsın. Qeyd olunan torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu, həmçinin, iş üzrə mütəxəssis arayışı verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 95 manat müayinə və tədqiqat xərci - cəmi 195 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-776/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-776/2024
29.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver