Məhkəmə qərarları › İş №2(049)-78/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-78/2023

26.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-78/2023 26.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszadə Xalid Fəxrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladları – xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin həcmini artırıb – alimentin miqdarını “yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu ilə hər bir uşağa görə müəyyən olunmuş yaşayış həddində (2022-ci il üçün – 195 manat manatdır) olmaqla ümumillikdə 390 manat həddində təyin edib, hər ay üçün Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(049)- 286/2020 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində aliment Cavabdeh tutularaq X6 verilməsini qət edilmişdir. Hal-hazırda övladının saxlanması üçün əvvəlki qətnaməsində qeyd olunan alimentin nəinki uşağın aylıq xərclərini ödəmir, heç aylıq vacib təlabatları ödəməyə yetmir. Uşaq böyüdükcə maddi ehtiyacları və gündəlik təlabatları da eyni dərəcədə artıb, lakin cavabdeh uşağın bu ehtiyaclarına qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Mövcud vəziyyətdə uşaq üçün tələb olunan geyimlərin və qida məhsullarının qiyməti çox bahalaşıb ki, bunları da bir valideyn olaraq həm o, həm də cavabdeh ödəməlidir. Lakin, bu sahədə cavabdeh ona təyin olunmuş aliment məbləğini gecikdirmələrlə ödəməkdən başqa heç bir maddi köməklik etmir. Bu və bu kimi xüsusatlardan başqa, uşağın inkişaf edən Azərbaycanın gələcəyinə öz töhvəsini verən xeyirli bir vətəndaş kimi yetişməsi üçün icbari orta təhsildən başqa, mədəni həyata inteqrasiya baxımından vacib olan dərnəklərdə təhsil almalıdır. Yuxarıda qeyd etdiyi kimi bütün bu xərcləri qarşılamağa çalışır, lakin cavabdeh bu xərclərdən boyun qaçırır. Ölkə qanunvericiliyi daima artmaqda olan qiymətləri nəzərə alaraq uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu hər il artırır. Hesab edir ki, qanunvericiliyin bu tələbini rəhbər tutub – onun uşağının da aliment miqdarı hər il uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu 195 manat miqdarında müəyyən edilməlidir. Fakt budur ki, cavabdehin yetəri qədər maddi imkanı var ki, təyin olunmuş alimentdən də çox miqdarda öz övladına maddi xərclər sərf etsin, lakin o bunu könüllü etmir. Hesab edir ki, maddi vəziyyətləri Məhkəmənin çıxaracağı adil qərarla düzələcək. Cavabdehin maddi imkanının artması barədə məhkəməyə heç bir sübut təqdim edə bilmir. Çünki cavabdeh Rusiya Federasiyasında yaşayır və orada biznes fəaliyyəti ilə məşğul olur, lakin alimenti cavabdehin anası ödəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 04 sentyabr 2008-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. X3, atası Cavabdehdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 30 aprel 2012-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. X3, atası Cavabdehdur. Lənkəran şəhər İHB-nın Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli arayışdan görünür ki, Ağayeva X8 şəhəri, Ak.Z.Əliyeva küçəsi 78/1 mənzil 20 ünvanında yaşayır. Ailə üzvləri oğlu X9 və qızı X2r. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-286/2020 saylı qətnaməsindən görünür ki, 28 oktyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh 04 sentyabr 2008-ci il tarixdə anadan olmuş X4 və 30 aprel 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatnadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından 04 sentyabr 2008-ci il tarixdə anadan olmuş X9 və 30 aprel 2012-ci il tarixdə anadan olmuş X11 adlı övladları vardır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-286/2020 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, adıçəkilən uşaqları iddiaçının yanında qalmaqla həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu və almentin məbləğinin artırılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Qanunun məzmunundan göründüyü kimi dövlət bir çox kateqoriyalardan olan insanları yaşaması üçün minimum xərcləri müəyyən etmişdir ki, uşaqları saxlanmasının minimum xərci kimidə 193 manat müəyyən edilmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyini vaxtdan artıq 2 ilə yaxın müddət keçdiyindən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşağının böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxt aşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hərtərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda X4 və X5 böyüdükcə hər il artan xərclərini nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün təyin edilmiş hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq tərəflərin birgə nikahından doğulmuş Məhəmməd və Mədinə adlı uşaqların yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödəməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən cəmi 240 manat alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 2880 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 48,80 manat (30+18,80) təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 48,80 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 48,80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-286/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2008-ci il tarixdə doğulmuş X9 və xx.xx.2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 48,80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar