Məhkəmə qərarları › İş №2(049)-825/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-825/2025

28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-825/2025 28.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı «8600 manat pul» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «8600 manat pul» tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, 8600 (səkkiz min altı yüz) manat pulun və məhkəməyə dövlət rüsumu kimi köçürdüyü 106 (yüz altı) manat pulun cavabdeh Lənkəran rayon Velədi kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayonu Kazımabad kəndində yaşadığı kənd sakinləri kimi o da kartof əkinçiliyi ilə məşğuldur. Əkib becərdiyi kartof məsullarını Rusiya bazarına alıcıların əli ilə çıxarırlar. 2023-cü ilin may ayında Lənkəran rayonu, Velədi kənd sakini Cavabdeh dostu onun isə tanışı Nazim ilə birlikdə onun yaşadığı evə gələrək, söhbət əsnasında Ramil Ukraynada yaşadığını, ona 20 ton kartof lazım olduğunu deyərək, o, öz kartofunu bazarda 0.35 qəpik satdığını bildirmiş cavabdeh ona “sən həmin kartofu cəminə 5000 (beş min manata satdıqdansa həmin məsulu mənə ver mən sənin üçün həmir kartofu sənin üçün Ukrayna Respublikasında aparıb 5000 abş dolların satacam” deyə söz verərək cavabdehin səmimiyyətinə tam inanaraq onu bu təklifi ilə razılaşmışdır. Cavabdehə 20 ton karof vermişdir. Cavabdeh isə ona 5000 (beş min) ABŞ dollarını yəni 8600 (səkkiz min altı yüz) mane pulu ona verəcəyini bildirmişdir. Lakin sonradan cavabdehin onu aldatdığını hiss edib cavabdehə zəng vurmuşdur. Cavabdehin ona telefon açmadığını görüb xx.xx.2024-cü il tarixdə Göytəpə PB-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh onun pulunu 8600 (səkkiz min altı yüz) manat dələduzluqla ələ keçirdiyini bildirərək, cavabdeh haqqında tədbir görməsini xahiş etmişdir. Lakin Cəlilabad rayon X1 bildirdilər ki, Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması ona tövsiyə edilmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri öyrənib belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilmədən verildiyindən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Lakin məhkəmə müdafiə hüququ qanunla müəyyən edilmiş məhdudiyyətlər çərçivəsində mümkündür. Məhz bunlardan biri də işin aidiyyəti üzrə düzgün məhkəmədə baxılması prosedurudur. Təsadüfi deyildir ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 24.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Hazırda iddia ərizəsi üzrə yaranmış mübahisənin kommersiya məhkəməsinə aid olmasını nəzərə alaraq diqqətin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarına yönəldilməsini zəruri hesab edirəm. Belə ki, həmin Qərarın 12-ci bəndində qeyd olunur ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Sözügedən Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Eyni zamanda həmin Qərarın 22-ci bəndində göstərilir ki, bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. MPM-nin müvafiq maddələrinin, eləcə də qeyd olunan Qərarının müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Eləcə də həmin Qanunun sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatından bəhs edən 10-cu maddəsinin İ və İİ hissələrinin məzmunundan görünür ki, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemində “vergi məlumatları” bölməsinə edilmiş sorğuların cavabından görünür ki, həm İddiaçı (VÖEN **********, fəaliyyət istiqaməti kartofun becərilməsi), həm də Cavabdeh (VÖEN **********, fəaliyyət istiqaməti yulafın becərilməsi ) vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınmışlar. Göründüyü kimi, hazırki iddia ərizəsi sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan və yuxarıda qeyd olunan Qərara, habelə sadalanan hüquq normalarına əsasən kommersiya məhkəməsində baxılmalı olduğundan iddia ərizəsinin geri qaytarılması qanunamüvafiqdir. Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan müddəalarına, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq belə nəticəyə gəlirəm ki, hazırki mübahisə kommersiya mübahisəsi olduğu üçün, işə Lənkəran Rayon Məhkəməsində baxılmalı olmadığından, İddiaçı Cavabdeh qarşı «8600 manat pul tələbinə» tələbi üzrə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş ********** №-li mədaxil qəbzindən görünür ki, iddianın verilməsi üçün 106 manat dövlət rüsumu ödənilmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 106 manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı «8600 manat pul» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 106 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar