Məhkəmə qərarları › İş №2(049)-831/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-831/2023

19.01.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-831/2023 19.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı «mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində olan iki mərtəbəli kommunal yaşayış evinin 1-ci mərtəbəsində yerləşən iki otaqlı 70 kv.m sahəsi olan mənzilinə mülkiyyət hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə yuxarıda qeyd edilən ünvanda yaşayır. Bütün kommunal xidmətlərdən istifadə edir və ödənişləri aparır. Mənzil üzərində mülkiyyət hüquqlarını müəyyən edib, rəsmiləşdirmək üçün müəyyən dövlət orqanlarına müraciət etmişdir. Lakin arxivdə ona sözügedən mənzilin ayrılması barədə məlumat aşkar edilməmişdir, bununla da aidiyyəti dövlət orqanları tərəfindən mənzilin üzərində mülkiyyət hüquqları rəsmiləşdirilməmişdir. İş materiallarından görünür ki, İddiaçı yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq qeydiyyatın aparılması ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 sayl Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir və ona ünvanlanmış **********67 saylı xx.xx.2022-ci il tarixli məktub əsasında qeyd edilən sənədləşdirmə işlərinin aparılmasından imtina edilmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibat Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində göstərilir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi barədə olduğundan, həmin məsələyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ında inzibati orqanların siyahısı verilmişdir. Həmin siyahıda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqan kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia ərizəsinə mülki icraat qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 Saylı Lənkəran Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar