Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-832/2023 31.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12000 manat məbləğində vurulmuş maddi ziyanın və 126 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində “Nissan Sunny” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş və o, bu nəqliyyat vasitəsini “B, C” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. O, xx.xx.2022-ci il tarixində, saat 16 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının qarşısında olarkən taksi axtaran, təxminən 40-42 yaşlarında bir xanımla rastlaşıb və həmin xanım Lənkəran rayonunda yerləşən vərəm dispanserinə getmək isteyib. O, mərkəzi xəstəxananın yaxınlığındakı aptekə getməli olduğunundan həmin xanımın gedəcəyi yerə götürə biləcəyi haqda razılığına gəlmiş və həmin xanım gedəcəyi yerə getmək üçün avtomobilin arxa sağ tərəfində əyləşmişdir. Sonra, o, idarə etdiyi avtomobillə yaşadığı Lənkəran rayon Göyşaban kənd istiqamətində hərəkətə başlayıb. Heydər Əliyev prospektində yerləşən vərəm dispanserinin qarşısına çatdıqda avtomobilin surətini azaldaraq, dönmə işıqlarını yandıraraq və yolun sol tərəfinə doğru avtomobilini hərəkət etdirməyə başlamışdır. Həmin vaxt onun avtomobilinin arxasınca “Mercedes” markalı avtomobil hərəkətdə olmuş və ötmə əməliyyatı etməyə çalışmışdır. Lakin, “Mercedes” markalı avtomobilin sürücüsü onun sola döndüyünü görmüş və ötmə əməliyyatını dayandırmışdır. Bundan sonra o, yolun tam təhlükəsiz olduğunu düşünərək avtomobili sola döndərmişdir. Lakin, o, idarə etdiyi avtomobilin əks hərəkət zolağının ortasında olarkən arxadan gəldiyini görməyib, bir avtomobilin onun idarə etdiyi avtomobilin sol arxa qanadından toqquşmasını görmüşdür. Toqquşmadan sonra onun idarə etdiyi avtomobil təxminən 5-6 metr sürüşmüş, toqquşan avtomobil isə yol səkisinə çırpılıb dayanmışdır. Sonra o, özünün idarə etdiyi avtomobilin arxa sağ oturacağında oturan xanım sərnişinlə maraqlanmış və xanımın heç bir xəsarət almadığının şahidi olmuşdur. Hadisə zamanı onun özü isə sol çiyin və sol çanaq sümüyündən, həmçinin bel və baş nahiyələrindən xəsarət almışdır. O, toqquşan avtomobilin arxadan hərəkət etdiyini və ötmə əməliyyatı etdiyini görmədiyindən hadisədən sonra bu avtomobilin Cavabdeh2 MMC şirkətinə məxsus olan “Khazar SD” markalı, **-PV- *** dövlət qeydiyyat nişanlı minik avtomobili olduğunu görmüş və avtomobilin sürücüsü Cavabdeh1 olduğunu öyrənmişdir. Hadisənin araşdırılması üçün həmin əraziyə polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirilmiş və hər iki tərəfdən yəni ondan və toqquşan avtomobilin sürücüsündən izahatlar alınmışdır. Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X2 xx.xx.2022-ci il tarixli, “cinayyət işinin başlanmasının rədd edilməsi haqqında” HK-4002 nömrəli materiallar üzrə qərarı ilə Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh1 yol nəqliyyat hadisəsi törətməsi faktı üzrə toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh1 barəsində inzibati qayadada tədbir görülməsindən ötrü Lənkəran ŞRPŞ-nin DYPB-yə göndərilmiş, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydə göstərilir ki, onun mülkiyyətində olan “Nissan Sunny” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi zamanı arxa sol hissədən deformasiyaya uğramış, burulmuş, təmir üçün yararsız hala düşmüşdür. Bu da onu deməyə əsas verir ki, onun avtomobili tam yararsız hala düşdüyündən və təmir olunması qeyri-mümkün olduğundan (“Nissan Sunny” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hazırkı bazar qiyməti 12000 manat dəyərində hesablandığından) cavabdehlər tərəfindən ona 12000 manat məbləğində ziyan vurulmuşdur. İşin məhkəmə baxışında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh1 məhkəmə iclasında iştirak edərək, ifadəsində qeyd etmişdir ki, o, iddia tələbi ilə qismən razıdır. Belə ki, o, həqiqətən “Nissan Sunny” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq hadisə törətmiş, qarşı tərəfə maddi ziyan dəymişdir. Lakin, iddia tələbində maddi ziyanın məbləği, yəni “Nissan Sunny” markalı, **- KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan həddən artıq məbləğdə göstərilmişdir və həmçinin onun hazırda maddi ziyanı ödəməyə maddi imkanı yoxdur. Məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə məlumat verilmiş digər Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Cavabdeh2 MMC tərəfindən “Elektron məhkəmə” İnformasiya Sistemində olan elektron kabieti vasitəsilə məhkəməyə ərizə ünvanlanyaraq işə onların iştirakı olmadan baxılması və Cavabdeh2 MMC-yə qarşı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutları yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, “cinayyət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla HK-4002 nömrəli material üzrə Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh1 yol nəqliyyat hadisəsi törətməsi faktı üzrə toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh1 barəsində inzibati qayadada tədbir görülməsindən ötrü Lənkəran ŞRPŞ-nin DYPB-yə göndərilməsi qəraraışdır. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin Yol Patrul Xidmətinin inspektoru Amid Şərifov tərəfindən Cavabdeh1 barəsində 19 dekabr 2022-ci il tarixdə Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 19/789 nömrəli məhkəmə-əmtəə ekspert rəyinin nəticə hissəsindən görünür ki, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəliki orta bazar qiyməti təxminən 12000 manat olmuş 2011-ci buraxılışlı “Nissan Sunny” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla nəzəri qaydada təxminən 7200 manat(12000 m- 40 faiz) manat müəyyən edilir. Sözügedən avtomobil servis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat qalmış hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə məhkəmə ekspertizası mərkəzinin xx.xx.2015-ci il tarixli, 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşunaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2(049)-832-2023nömrəli mülki iş üzrə ekspertiza tədqiqatı xx.xx.2023-cü il tarixli qüsur aktı üzrə təqribi və təxmini hesablanır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi təqdim etmək üçün 126 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödəmişdir. İş materiallarına əlavə edilmiş BD seriyalı, 274551 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, 2010-cu buraxılış ili olan “Nissan Sunny” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş BB seriyalı, 263073 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, 2022-ci buraxılış ili olan “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır.” İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.” Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (S.Bayramovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 16 iyul 2012-ci il tarixli Qərarı)” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti haqqında qaydaları pozaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı məxsus “Nissan Sunny” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomaşına ziyan vurmaqla, nəticədə iddiaçıya maddi ziyan vurmuşdur. İddiaçı hadisə zamanı idarə etdiyi “Nissan Sunny” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh2 MMC-nin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1 maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin məcəllənin 1108.2 maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin məcəllənin 1108.3 maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Cavabdeh2 2022-ci buraxılış ili olan “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun sahibliyindən çıxdığını sübuta yetirən hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də yüksək təhlükə mənbəyinin sahibi olaraq bu mənbənin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması) nəticəsində iddiaçıya dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək 7200 manat məbləğində vurulmuş maddi ziyan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən keçirilmiş məhkəmə-əmtəşünaslıq ekspertizalarının xərci olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,6 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş maddi ziyana dair 7200 (yeddi min iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı verilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,6 (yetmiş beş manat, altmış qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq, İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-832/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-832/2023
31.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver