Məhkəmə qərarları › İş №2(049)-857/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-857/2025

12.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-857/2025 12.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 2500 manat və dövlət rüsumuna görə ödədiyi 45 manat pul vəsaitinin alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonu, Əsgərabad kəndində yaşayır. Cavabdehlə heç bir düşmənçiliyi yoxdur və normal münasibətləri var. Cavabdeh ondan 2500 manat borc pul istəmiş və o da həmin pulu ona notarial qaydada təsdiq olunan ərizə ilə xx.xx.2024-cü il tarixədək qaytarmaq şərtilə vermişdir. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyinə əməl etməmiş və borcunu qaytarmamışdır. Ona görə də, məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 2500 manat və dövlət rüsumuna görə ödədiyi 45 manat pul vəsaitinin alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verib əlavə olaraq bildirdi ki, Cavabdeh 2500 manat borc pulu qaytarmaq şərtilə ərizə ilə rəsmi qaydada vermiş, lakin cavabdeh həmin borcundan ona qaytarmamış, buna dair hər hansı rəsmi sübutu da yoxdur. İkinci qrup əlildir və şəkər xəstəsidir. Dəfələrlə cavabdehin yaşadığ evə kimi gedib ondan aldığı borcunu qaytarmasını istəmiş, lakin cavabdeh könüllü olaraq borcunu qaytarmadığı üçün o da məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədən də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında bildirdi ki, İddiaçı ona 2500 manat borc vermişdir. O, həmin borcu notarial qaydada təsdiq olunan ərizə ilə ondan almış və 2024-cü ilin oktyabr ayına kimi borcunu qaytarmağa söz vermişdir. Lakin, maddi vəziyyətilə əlaqədar həmin borcu razılaşdıqları müddətdə tam qaytara bilməmişdir. Belə ki, onun hazırda iddiaçıya 2500 manat puldan cəmi 300 manat borcu qalmış, 2200 manatı müxtəlif vaxtlarda 50 manat, 100 manat, 200 manat olmaqla hissə-hissə qaytarmışdır. Onun iddiaçıdan borc pul alması barədə notarial qaydada təsdiq olunan ərizəsi olsa da, həmin borcdan qaytarmasını təsdiq edən hər hansı sənəd və ya sübutu yoxdur. O, iddiaçıdan 2500 manat borc pulu qaytarmaq şərtilə aldığını təsdiq edir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Lənkəran rayon 1 saylı notariat kontorunda, reyestrdə 8İ-14968 nömrə ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 2500 manat məbləğində borcu var və Cavabdeh həmin borcu xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Rzayev X1 rayonu, Əsgərabad kəndində yaşayır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət üçün 45 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh 2500 manat məbləğində borc pul vermişdir. Həmin pulu aralarındaxx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunan ərizəyə əsasən cavabdeh xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürsə də, könüllü olaraq borcunu vaxtında qaytarmadığı üçün iddiaçı da hazırki iddia tələbilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 329.2-ci maddəsinin tələbinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd olunan Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, tərəflər arasında borc müqaviləsindən yaranan öhdəlik münasibətləri yaranmışdır. Tərəflər həmin öhdəliyin xx.xx.2024-cü il tarixdə bitməsi barədə razılığa gəlmələrinə baxmayaraq, cavabdeh müqavilə üzrə göstərilən məbləği iddiaçıya qaytarmamış, bununla da onun iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək vəzifrəsi yaranmışdır. Cavabdeh məhkəmə iclasında izahat verərkən iddiaçıya 2500 manat puldan hissəhissə olmaqla 2200 manatını qaytardığını qeyd etsə də, məhkəməyə bu barədə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2500 manat məbləğində borc pul və ödənilmiş 45 manat dövlət rüsumu, cəmi 2545 manat tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2500 manat məbləğində borc pul və ödənilmiş 45 manat dövlət rüsumu, cəmi 2545 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar