Məhkəmə qərarları › İş №2(049)-858/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-858/2024

30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-858/2024 30.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2(049)-2299/2019 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş Jalə və xx.xx.2009-cu il tarixdə anadan olmuş Leylanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində müəyyən edilmiş 160 manat alimentin miqdarı artırılaraq hər ay 250 (iki yüz əlli) manat məbləğində Cavabdeh tutulub ona verilməsi və mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 19 may 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurub evlənmişlər və birgə nikahından xx.xx.2008-ci il tarixdə Jalə, xx.xx.2009-cu il tarixdə isə Leyla adlı 2 uşağı dünyaya gəlmişdir. Aralarında olan narazılıqlara görə ayrıldıqları üçün nikahları Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-2299/2019 saylı qətnaməsinə əsasən pozulmuş və həmin qətnaməyə əsasən azyaşlı uşaqlar onun yanında saxlanılmaqla cavabdehdən onlar üçün ümumilikdə hər ay 320 manat (bir uşaq üçün 160 manat) alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-2299/2019 saylı qətnaməsi ilə bir uşaq üçün müəyyən edilmiş 160 manat alimentin məbləği çox aşağıdır və həmin məbləğlə indiki dövrdə 14 və 15 yaşlı 2 uşağı saxlamaq olduqca çətindir. Belə ki, yuxarıda qeyd etdiyi qətnamənin qəbul edilməsindən artıq 4 ildən yuxarı vaxt keçmişdir. Bu müddət ərzində ölkədə həm sosial, həm də digər sahələrdə kifayət qədər artımlar, bahalaşmalar olmuşdur ki, bu da öz növbəsində dolanışığa böyük ölçüdə təsir göstərir. Odur ki, iddia ərizəsi ilə müraciət etməklə cavabdehdən hər ay sabit pul məbləğində 250 manat aliment tələb edir. Bu səbəbdən də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya qarşı məhkəməyə ünvanladığı etirazında iddiaçının alimentin artırılması tələbinə dair iddiasını qəbul etmədiyini, heç bir yerdə işləmədiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəziləşdirilmiş Elektron X4 haqqında xx.xx.2024-cü il tarixli ********** saylı arayışı etiraza əlavə etmişdir. İddiaçı ilə nikah pozulduqdan sonra xx.xx.2020-ci il tarixdə X10 ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2020-ci il tarixdə Yusif adlı uşağı olmuşdur. Uşağın doğum şəhatənaməsinin və nikah şəhatənaməsinin təsdiq olunmuş surətlərinin etirazına əlavə etmişdir. Bundan əlavə bir uşaq da ana bətnindədir. Bu barədə Lənkəran rayon Mərkəzi Xəstəxanası PHŞ 2 saylı Ailə Sağlamlıq Mərkəzin xx.xx.2024-cü il taixli 48 saylı arayışı işə əlavə etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049) 2299/2019 saylı qətnamə əsasında iki uşaq üçün hər ay 320 manat aliment qət etmişdir. Maddi imkanı olmadığından alimenti ödəyə bilmədiyi üçün xx.xx.2020-ci il və xx.xx.2021-ci illərdə iki dəfə hər dəfə 10 gün inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Lənkəran Rayon Məhkəməsinin qərarı ilə həbs olmuşdur. Lənkəran Rayon Məhkəməsinin inzibati qərarın surətlərini işə əlavə etmişdir. Hazırda maddi imkanı olmadığı üçün 850 manat aliment borcu vardır. Həmin borcu ödəyə bilmir. Lənkəra Rayon İcra və Probasiya Şöbəsinin 05.02.24-cü il tarixli 56 saylı arayışı işə əlavə etmişdir. Məhkəmə alimentin atırılmasına dair işə baxarkən Ailə Məcəlləsinin 76.2 və 101-ci maddəsinin tələblərinə əsasən baxır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti nəzərə almaqla azaldıla və artıra bilər. Lakin iddiaçı onun maddi imkanı olması barədə hər hansı sübut əlavə etməmişdir. Bundan əlavə onun maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. İddianın əsasını təsdiq edən sübutların siyahısında cavabdeh maddi imkanı barədə heç bir sənəd qoymamışdır. İddiaçının yeganə məqsədi ailəsində narazılıq salmaqdır. Özü də bilir ki, maddi vəziyyəti yaxşı deyildir. Maddi imkanının aşağı və ailəli olmasını və himayəsində azyaşlı uşağınının olmasını nəzərə almaqla iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etirazın dəlillərinə uyğun çıxış edərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: AZ-İİİ № 101982 saylı Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2008-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. AZ-İİ № 329998 saylı Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X2r. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-2299/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2019-cu il tarixdən başlayaraq iddiaçı Cavabdeh xx.xx.2008-ci il tarixli təvəllüdlü X13 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 160 manat olmaqla, hər ay cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 29 dekabr 2023-cü il tarixli, MŞL-02958 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər. 20 dekabr 2023-cü il tarixli müvafiq ödəniş qəbzindən görünür ki, İddiaçı 60 manat mediasiya xərci ödəmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəziləşdirilmiş Elektron X4 haqqında xx.xx.2024-cü il tarixli ********** saylı arayışından görünür ki, Cavabdeh X3 Filialında xx.xx.2024-cü il tarixdən işsiz statusu verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş AZ-İİ № 407022 saylı Nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən dən görünür ki, Cavabdeh və X10 17 sentyabr 2020-ci il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində 238 sayla nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Baxşıyev, arvada Baxşıyeva soyadı verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Doğum haqqında şəhadətnamənin təsdiq edilən surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X7r. Cavabdeh tərəfindən təqdim edilmiş Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ 2 saylı Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 48 №-li arayışdan görünür ki, X1 Ailə Sağlamlıq Mərkəzində tibbi müayinədən keçdi və hazırda 12 həftə hamilədir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh tərəfindən iddiaçı Ağayeva (Baxşıyeva) Nərgiz Mirfəxrəddin qızına xx.xx.2019cu il tarixdən bu günədək cəmi 850 manat aliment borcu vardır. Lənkəran Rayon Məhkəməsinin 3(049)-119/2020 saylı, 07 fevral 2020-ci il tarixli və 3(049)-1096/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qərarlardan görünür ki, Cavabdeh İXMnin 528.1-ci maddəsində inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixli təvəllüdlü X13 və xx.xx.2009-cu il təvəllüdlü X11 adlı iki uşağı doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-2299/2019 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 160 manat olmaqla, hər ay iki uşağa görə 320 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu və alimentin məbləğinin artırılmasını tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək, işsiz olduğunu, yenidən nikaha daxil olaraq himayəsində azyaşlı uşağının olmasını bildirərək iddianı rədd edilməsini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Digər tərəfdən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş və iddiaçı ilə birgə yaşayan Jalə və Leyla adlı uşaqların saxlanması üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-2299/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı, yəni 160 manat hazırki dövr üçün (2024-cü il) bir uşağa görə nəzərdə tutulmuş yaşayış minimumunun məbləği olan 235 manatdan azdır. Ona görə də məhkəmə yetkinlik yaşına çatmayan uşaqların üstün mənafeyi baxımından cavabdehin etirazında irəli sürdüyü dəlilləri iddia tələbinin rədd edilməsi üçün yetərli hesab etmir. Mövcud aliment məbləği hazırki dövr üçün Jalə və Leyla adlı uşaqların artan maddi ehtiyaclarının ödənilməsi üçün mütənasib olmamaqla, onların saxlanması xərcləri ilə uzlaşmır. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyi vaxtdan artıq iki il müddət keçdiyindən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşaqların böyüdükcə gündəlik tələbatlarının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda X13 və X6 böyüdükcə artan xərclərini nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-2299/2019 nömrəli qətnaməsi ilə xx.xx.2008-ci il tarixli təvəllüdlü X13 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün təyin edilmiş hər ay bir uşağa görə 160 manat olmaqla, hər ay iki uşağa görə cəmi 320 manat manat sabit pul məbləğində alimentin məbləği artırılaraq tərəflərin birgə nikahından doğulmuş Jalə və Leyla adlı uşaqların yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay bir uşağa görə 190 manat olmaqla, hər ay iki uşağa görə cəmi 380 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini, uşaqların böyüdükcə artan maddi ehtiyaclarının qarşılanması, eyni zamanda tərəflərin ailə və maddi vəziyyəti ilə əlaqədar olan diqqətəlayiq olan halların nəzərə alınması ilə əsaslandırır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 184.2-cü maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən tutulacaq alimentin miqdarının 60 manat artırılması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 720 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə münasib olaraq da 1000 manatdan azdır. Belə olan halda, sadalanmış normalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddianın qiymətinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən iddiaçı tərəfindən mediasiya prosesinə görə ödənilmiş 60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin Məhkəməsinin 2(049)-2299/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2008-ci il tarixli təvəllüdlü X13 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 190 manat olmaqla, hər ay iki uşağa görə cəmi 380 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Mediasiya xidməti üçün ödənilmiş 60 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar