Məhkəmə qərarları › İş №2(049)-955/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-955/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-955/2023 25.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı Cavabdeh Səxavət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Səxavət oğluna qarşı «1300 manat məbləğində pul və ödənilmiş 55 manat dövlət rüsumu» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1300 (min üç yüz) manat pulu 2000 manat əldə çıxmış fayda və ya ziyanı və 55 manat dövlət rüsumun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh bibisi oğludur. Özünə məxsus avtomobili 2019-cu ilin avqust ayında cavabdehə 10.000 manata razılaşıb satmışdır. Həmin puldan 2800 manat yerində ödəmişdir. Yerdə qalan 7200 manatı 2020ci ilin sonunda ödəyəcəyini öhdəsinə götürdü. Bu barədə aralarında yazılı razılaşma olmuşdur. Hər ay müxtəlif məbləğdə, yəni 400, 500,100 ödəyirdi. Cəmi 7200 manatdan 5900 manat hissə-hissə ödəmişdir. Cavabdehin sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə olmuşdur. Bundan əlavə söz vermişdir ki, hissə-hissə ödənişlərdən əlavə, 2020-ci ilin avqust ayında bir dəfəlik 2000 manat ödəyəcəyini vəd vermişdir. Lakin cavabdeh, istər hissə-hissə ödənişini və 2000 manatı bir dəfəlik verməsini icra etməmişdir. Hazırda cavabdeh 1300 manat pulu ödəməkdən boyun qaçırır. Lakin cavabdehdən dəfələrlə pulunun geri qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanlər gətirərək pulunun geri qaytarılmasından yayınmışdır. Bir ildən çoxdur ki, pulu geri almaqdan ötrü valideylərinə məlumat vermişdir. Lakin cavabdeh bu günə kimi pulu qaytarmaqdan yayınır. Bundan əlavə cavabdehlə razılaşmalarına əsasən 2020-ci ilin sonuna kimi tam ödəməli idi. Lakin cavabdeh iki ildən çoxdur ki, pul ödəməkdən qəsdən yayınır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iki min manatdan çox ona ziyan dəymişdir. O, cavabdehə 2019-cu il tarixdə avtomobili satanda bazar qiyməti 13000-14000 manat dəyərində idi. Hazırda cavabdehin verdiyi pul öz dəyərini itirmişdir. Ona görə hesab edir ki, 2000 manatdan çox ziyan ona dəymişdir. Vəziyyəti belə görüb, məcburiyyət qarşısında qalıb, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh Səxavət oğlundan 1300 (min üç yüz) manat pul, 2000 manat əldə çıxmış fayda və 55 manat dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh Səxavət oğlu iddia tələbini qismən, yəni 1300 (min üç yüz) manat pul hissəsində qəbul etdiyini, lakin iddianın 2000 manat əldə çıxmış fayda hissəsini qəbul etmədiyini bildirərək, iddianın qismən təmin edilməsinə heç bir etirazının olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş onun özü və cavabdeh tərəfindən öz əlyazma xətləri ilə tərtib edilmiş borc sənədindən görünür ki, cavabdehin sonuncu dəfə xx.xx.2022-ci il tarixdə iddiçıya 100 manat pul ödəmiş, bununla da cavabdehin iddiaçıya ödəməli olduğu qalıq məbləğ 1300 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında nisyə alğı-satqı münasibətləri olduğundan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 600-cü maddəsi təşkil edir. Azərbaycan Respublikası MM-nin 600.1-600.5-ci maddələrinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 1300 manat pulu tələb etməsi ilə bağlı iddia tələbi həmin hissədə əsaslıdır. İddia tələbinin əldən çıxmış 2000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən alınması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia bu hissədə əsassızdır. Çünki iddiaçı tərəfindən bu barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Halbuki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri) Mülki Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddianın verilməsinə görə, iddiaçı tərəfindən 55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, 1300 manat məbləğində pul və 33 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh Səxavət oğlundan alınaraq İddiaçı verilməli, 22 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Səxavət oğlundan 1300 manat pul, dövlət rüsumu kimi ödənilmiş 33 manat məbləğində pul alınaraq İddiaçı verilsin. 22 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar