Məhkəmə qərarları › İş №2(049)-964/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-964/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-964/2024 17.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3900 manat məbləğində borc pul və 60 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hal-hazırda 20 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Cavabdeh onun kəndçisidir və münasibətiləri də yaxşı olub. 2015-ci il tarixdə maddi sıxıntısı olduğundan ondan borca pul istədi və onun da imkanı olmadığından aralarınıda razılaşmaya əsasən "xxxx" ASC-dən öz adına kredit götürərək 4200 manat ona borca pul vermişdir. Lakin, o, aralarınıda olan razılaşmaya əsasən aylıq ödənişlərini ödəyə bilməmişdir. Bütün ödənişləri o, özü ödəyərək kredit borcunu bağlamışdır. O, olan borcdan müxtəlif vaxtlarda cəmi 300 manat qaytarmışdır. 2023-cü ilin son aylarında 100 manat qaytarmışdır (50 manat bir tarixdə, 50 manat da başqa tarixdə). Hal-hazırda ona 3900 manat borcludur və özü də bunu etiraf edir. Sadəcə hər dəfə maddi imkanının olmadığını bəhanə edərək pulunu qaytarmır. İddiaçın nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, əlavə olaraq bildirdi ki, İddiaçı onun atasının atasıdır və hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Əvvəllər Cavabdeh borcunu qaytarması ilə əlaqadar narahat etməmişlər. Lakin hazırda onların özlərinin də maddi vəziyyətiləri ağırlaşmışdır və borcu qaytarmasını ondan tələb edirlər. Atası Cəmilənin əvəzinə bankın borclarını tam ödəmişdir. Hazırda Cavabdeh atasına 3.900 manat borcu qalmışdır. Atasının həqiqətən də bankdan kredit götüərək cavabdehə verməsi məhkəməyə təqdim etdiyi bank çıxarışları ilə təsdiq edilir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin baxış iclasında Cavabdeh iddia tələbini qismən qəbul edib, izahatında göstərdi ki İddiaçı Sosial müdafiə fondundan tanımışdır. Belə ki, İddiaçı həmin fondda sektor müdiri vəzifəsində işləmişdir və o, da həmin fonda müəyyən pensiya, müavinat işləri ilə əlaqadar gedib-gəlirmiş. 2015-ci ildə iddiaçıya ona pul lazım olduğunu bildirmişdir və iddiaçı da Kapitalbankdan kreditə pul götürərək ona vermişdir. Belə ki, Rahim 2015-ci ildə bankdan 3.100 manat məbləğində kredit götürərək həmin vəsaiti tam şəkildə ona vermişdir. Bankı aylıq ödənişləri 125 manat olmuşdur. Razılıqları belə olmuşdur ki, Rahim onun üçün kreditə pul götürüb ona versin, aylıq ödənişləri isə özü ödəyəcək. Bundan başqa Rahim bankdan aldığı kredit katrını da ona ödəmişdir, o, həmin kartdan da 800 manat çıxarmışdır və həmin vəsait də Rahimin adına kredit borcu kimi hesablanmışdır. Beləliklə onun Rahimə cəmi 3.900 manat məbləğində borcu yaranmışdır. O, 4 ay müddətində kredit borcunu ödəmişdir. Sonradan maddi imkanı olmadığından kredit ödənişlərini ödəyə bilməmişdir və həmin ödənişləri onun əvəzinə iddiaçı özü ödəmişdir. Lakin sonradan iddiaçıya ümumilikdə 300 manat olmaqla, 100, 100, 50 və 50 manat ödəmişdir ki, iddiaçı pz iddia tələbində də bu xüsusatı təsdiq etmişdir. Hazırda onun iddiaçıya cəmi 3.100 manat borcu qalmışdır. Həmin borcu ödəmək istəyir, lakin buna maddi imkanı çatmır. İddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx/xx/2014-cü il tarixli, 138GTUM143180004 saylı kredit müqaviləsinə dair çıxarışlardan görünür ki, həmin müqavilə əsasında İddiaçı "xxxx" ASC tərəfindən illik 26% dərəcəsi tətbiq edilməklə 36 ay ərzində qaytarmaq şərti ilə 3100 manat məbləğində kredit verilmişdir. Kreditin aylıq ödənişləri 125 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs(varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin faktiki hallarından görünür ki, tərəflərin arasında yaranmış münasibət borc müqaviləsi olmasa da, cavabdehin hüquqi əsası olmadan əsassız varlanması öz təsdiqini tapır. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh, onun özünün də etiraf etdiyi kimi İddiaçı qarşısında 3.900 manat məbləğində pul öhdəliyi yaranmışdır. Cavabdeh həmin vəsaitdən 800 manatını iddiaçıya qaytardığını bildirir. İddiaçıya 3.100 manat borcunun olduğunu etiraf edir. Həmin hissədə iddiaçı sübutetmə vəzifəsindən azaddır. Bundan əlavə 800 manat məbləğində iddia tələbi ilə əlaqadar iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh oğlundan 3100 manat və 60 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan 3.100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar