Məhkəmə qərarları › İş №2(049)-99/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-99/2024

07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-99/2024 07.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vavabdeh Cavabdeh 1368 manat məbləğində maddi ziyan, ödənilmiş 34 manat dövlət rüsumu, cəmi 1402 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonunun Biləsər kəndində qeydiyyatda olmaqla Lənkəran rayonunun Şiləvar kəndində yaşayır. “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır və həmin vəsiqə ilə **-CC-*** dövlət qeydiyyat nişanlı “Ford Tranzit” markalı avtomobili idarə edir. 08 avqust 2023-cü il tarixdə saat 09:03 radələrində Lənkəran rayonunun Digah kəndi ərazisində köhnə Ələt-Astara yolunun Digah kəndi ərazisindən keçən hissəsində svetoforun qırmızı işığında dayanıb gözləyən zaman anidən maşınının arxasından digər bir maşının çırpılmasını hiss etmiş və zərbənin təsirindən idarə etdiyi avtomobil qarşısında olan ** Xİ *** dövlət qeydiyyat nişanlı “Lexus” markalı avtomobilə dəymiş və nəticədə ** CC *** markalı avtomobilinə ziyan dəymişdir. Hadisədən dərhal sonra avtomobildən düşmüş onun maşınına arxadan çırpılan maşının JAC XZL5163ZYS3 xüsusi markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu məlum olmuşdur. Hadisə yerinə gələn yol polisi əməkdaşlarının apardıqları araşdırma nəticəsində məlum olmuşdur ki, həmin avtomobili idarə edən şəxs Cavabdehdur və hadisəni törədən zaman o, sərxoş olmuşdur. Bundan sonra avtomobillərə dəymiş ziyanın hesablanması üçün mütəxəssis cəlb olunmuş mütəxəsisin verdiyi rəyə əsasən müəyyən olunmuşdur ki mənim **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəyişdirilməli olan hissələr, zədələnmiş hissələrin bərpası və rənglənməsi, eləcə də təmir xərcləri ilə birlikdə 1368 manat ziyanın vurulması müəyyən edilmişdir. Daha sonra sürücülərin sərxoşluq müayinəsi aparılmış və məlum olmuşdur ki hazırki iş üzrə Cavabdeh hadisəni sərxoş halda törətmiş və buna görə də onun barəsində Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün Lənkəran Rayon məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(049)-1367/2023 saylı qərarı ilə Cavabdeh həmin madə ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrinin idarəetmə hüququ məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilmiş və bununla da avtomobilə ziyanın vurulmasının cavabdehin təqsiri üzündən baş verməsi öz təsdiqini tapmışdır. Hadisənin baş verməsindən və cavabdehin ona ziyan vurmasından uzun müddət keçməsinə baxmayaraq cavabdeh vurduğu 1368 manat ziyanı ödəməkdən yayındığına görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Lənkəran Rayon Məhkəməsinin 3(049)-1367/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından, o həmin maddə ilə təqsirli bilinərək, 2 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli rəydən görünür ki, **-CC-*** dövlət qeydiyyat nişanlı “Ford Tranzit” markalı maşına 1368 manat maddi ziyan dəymişdir. İddiaçı verilmiş AE 432064 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, vəsiqə xx.xx.2027-ci il tarixədək etibarlıdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-CC-*** dövlət qeydiyyat nişanlı “Ford Tranzit” markalı nəqliyyat vasitəsinin sahibi X1r. ƏN-Vİ 511195 nömrəli etibarnamədən görünür ki, X2 **-CC-*** dövlət qeydiyyat nişanlı “Ford Tranzit” markalı nəqliyyat vasitəsini idarə etməyi İddiaçı etibar etmişdir. Etibarnamənin etibarlılıq müddəti xx.xx.2027-ci il tarixədək olmuşdur. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddianın verilməsi üçün 34 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, Cavabdeh təqsiri iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 3(049)-1367/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapır. Tərəflər arasında yaranmış mübahisə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir: İddiaçı vurulmuş zərərin məbləği kimi "xxxx" MMC tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli rəyə əsaslanmış və həmin rəydə zərərin məbləğinin 1368 manat müəyyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 19/1023 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli qüsur aktında xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2005-ci il buraxılışlı “Ford Transit” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təxminən 1288,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Ekspertin rəyində onun qeyri-mötəbər olmasını təsdiq edən hər hansı hal olmadığından məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş zərərin məbləği də ekspert rəyi əsasında müəyyən edilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş ziyana görə 1288 manat və 32,88 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun 1,12 manat hissəsi iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə rədd edilməli, eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Dəymiş ziyana görə 1288 manat və 32,88 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 1,12 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar