Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-99/2025 25.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 3215 manat miqqdarında maddi ziyan və ödənilmiş 53 manat dövlət rüsumu olmaqla, cəmi 3268 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mersedes-Benz C 180” minik markalı, ** LP *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın onun mülkiyyətindədir. O, 12 mart 2024-cü il tarixdə saat 16 radələrində sözügedən dövlət qeydiyyat nişanlı minik avtomaşı ilə Lənkəran şəhəri, M.Ağayev küçəsi ilə hərəkət edərkən qəfildən Cavabdeh idarə etdiyi “Vaz-21074” markalı ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın qarşısına çıxmış və nəticədə avtomaşınlar toqquşmuşlar. Hadisə nəticəsində Cavabdeh idarə etdiyi “Vaz- 21074” markalı ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşında sərnişin olan X1 xəsarət almış və eyni zamanda onun maşını əzilərək ona maddi ziyan dəymişdir. Baş vermiş hadisə barədə dövlət yol polis əməkdaşları gəlmiş, yol-nəqliyyat hadisəsinin sxemini çəkilmiş və hadisə ilə bağlı Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi, polis polkovnikleytenantı X2 araşdırma aparmış və hadisənin Cavabdeh təqsiri nəticəsində baş verdiyini müəyyən etmişlər. Bu barədə Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi, polis polkovnikleytenantı X2 tərəfindən 27 mart 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmiş və qərarın surətinin Lənkəran ŞRPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. Hadisə nəticəsində ona məxsus avtomaşına dəymiş maddi ziyanı müəyyən etmək üçün məni "xxxx" MMC-yə göndərdilər. "xxxx" MMC-də idarə etdiyi avtomaşına baxış keçirilmiş və avtomaşına dəymiş ümumi ziyanın məbləği 3215 manat olduğu müəyyən olunmuşdur. Əvvəlcə Cavabdeh dəymiş ziyanı ödəyəcəyini bildirsə də, sonradan cavabdeh mənə dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Cavabdeh ona vurduğu maddi ziyanı könüllü olaraq ödəməkdən yayındığı üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, mülkiyyətində olan avtomobilə dəymiş ziyanla bağlı verilmiş ekspert rəyi ilə razı olduğunu bildirərək, iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh 2810 manat miqqdarında maddi ziyan və 48.10 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* №-li qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli rəydən görünür ki, **-LP-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz C 180” markalı maşına 3215 manat maddi ziyan dəymişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-LP-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz C 180” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdur. Mədaxil qəbzindən görünür ki, iddianın verilməsi üçün 53 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, Cavabdeh təqsiri iş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* №-li inzibati tənbeh vermə haqqında qanuni qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapır. Tərəflər arasında yaranmış mübahisə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir: İddiaçı vurulmuş zərərin məbləği kimi "xxxx" MMC tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli rəyə əsaslanmış və həmin rəydə zərərin məbləğinin 3215 manat müəyyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 19/539 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli qüsur aktında xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1997-ci il buraxılışlı “Mercedes-Benz C 180” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təxminən 2810 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Ekspertin rəyində onun qeyri-mötəbər olmasını təsdiq edən hər hansı hal olmadığından məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş zərərin məbləği də ekspert rəyi əsasında müəyyən edilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş ziyana görə 2810 manat və 48.10 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməli, eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Dəymiş ziyana görə 2810 manat və 48.10 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-99/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-99/2025
25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver