Məhkəmə qərarları › İş №2(050)-1042/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1042/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1042/2024 06.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzin Fikrət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 50000 manat və dövlət rüsumuna ödənilmiş 50 manat, cəmi 50050 manat pul tələb etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh onun tanışıdır. Belə ki, Cavabdeh 01 yanvar 2023-cü ildə 1 (bir) il müddətinə, yəni 01 yanvar 2024-cü ilədək qaytarmaq şərti ilə onun etibarından sui-istifadə edərək ondan 50000 (əlli min) manat miqdarında borc pul almışdır. Göstərilən müddət tamam olduqda o, Cavabdeh pullarını qaytarmasını tələb etməyə başladı. Lakin cavabdeh ona vermiş olduğu borc pulunu qaytarmaqdan imtina etmişdir. Buna görə də, o pulunun məcburi qaydada qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, iddiaçıdan o, 03 yanvarda 1700 manat, 06 yanvarda 3500 manat, cəmi 5200 manat borc pul almışdır. Borc alma səbəbi isə atasının xəstəliyi olmuşdur. Odur ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan və tərəfin tələbini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Cavabdeh 50000 manat pulu bir il müddətinə qaytarmaq şərti ilə vermişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş CD diskdə tərəflər arasında olan telefon danışığından məlum olur ki, Cavabdeh İddiaçı “5000 vermisən, deyə 5000 manat da qaytaracam” demiş, İddiaçı isə cavabında “50000 manat niyə yazmısan?..” dedikdən sonra, Cavabdeh “sən 5000 manat vermisən, ama 50000 manat üçün qol çəkdirmisən” demişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin faktiki halları və təkzibolunmaz sübutlarla müəyyən olunur ki, İddiaçı Cavabdeh 5200 manat borc vermişdir. Bu tərəflər arasında olan telefon danışığı və Cavabdeh izahatı ilə təsbit olunur. İddiaçı 50000 manat borc pul verdiyini iddia etsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Təqdim etdiyi borc müqaviləsini də səs yazılarında qeyd olunduğu kimi dolayı yolla təkzib etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddələrinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: -öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; -icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış, cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. Beləliklə Cavabdeh öhdəliyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 427.3-cü maddələrində nəzərdə tutulmuş qaydalara uyğun icra etməmişdir. Qeyd olunan maddələrin şərtlərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin şərtləri baxımından öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bütün qeyd olunanlar məhkəməni belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı X1 iddia tələbində haqlı hesab olunmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5200 manat və hüquqi xidmət üçün 50 manat, cəmi 5250 manat pul alınaraq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar