Məhkəmə qərarları › İş №2(050)-1064/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1064/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1064/2024 10.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 76700 (yetmiş altı min yeddi yüz) manat pulu qanunsuz saxladığına görə bir il üçün həmin pula hesablanmış 7,75% bank uçot dərəcəsinə uyğun hesablanmış və ödənilməmiş 5944 manat (beş min doqquz yüz qırx dörd) manat faizin, dövlət rüsumu kimi ödənilmiş 80 (səksən) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 76700 (yetmiş alt min yeddi yüz) manat pulu qanunsuz saxladığına görə bir il üçün həmin pula hesablanmış bank uçot dərəcəsinə uyğun hesablanmış və ödənilməmiş 6313 manat (altı min üç yüz on üç) manat faizin, dövlət rüsumu kimi ödənilmiş 83 (səksən üç) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin əvvəllərinədək Cavabdeh ondan aldığı borc pulu qaytarmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(106)-2676/2021 saylı qətnaməsi ilə Cavabdeh 76700 manat alınıb ona verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qeyd olunan icra sənədi üzrə Masallı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmışdır. Lakin borclu sözügedən qətnamənin icrasından yayındığından barəsində axtarış elan edilmişdir. Buna baxmayaraq o, hazırkı vaxtadək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş vəsaiti ödəməmişdir. Qanunvericiliyin tələbinə əsasən cavabdehin ona məxsus 76700 manat pul vəaitini qanunsuz saxlaması məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən həmin pula görə ondan bank uçot dərəcəsinə uyğun faiz tələb edə bilər. Cari il üçün bank uçot dərəcəsi Mərkəzi Bank tərəfindən 7,75% müəyyən edilmişdir. Bu isə cavabdehin ona verməli olduğu pulun bir il üçün qanunsuz saxlanılmasına görə bank uçot dərəcəsinə uyğun faizinin (76700x7,75/100=5944) 5944 manat təşkil etməsini göstərir. İddiaçı iddia tələbində Cavabdeh ona borclu olduğu 76700 (yetmiş alt min yeddi yüz) manat pulu qanunsuz saxladığına görə bir il üçün həmin pula hesablanmış bank uçot dərəcəsinə uyğun hesablanmış və ödənilməmiş 6313 manat (altı min üç yüz on üç) manat faizin, dövlət rüsumu kimi ödənilmiş 83 (səksən üç) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin 17 aprel 2024-cü il tarixli etirazi məhkəməyə daxil olmuşdur. Etirazda göstərilmişdir ki, hazırkı iddia tələbinə qəti olaraq etirazını bildirir. Belə ki, o, İddiaçı 2012-ci ilin əvvəllərindən tanımış və daha sonra aralarında dostluq münasibəti yaranmışdır. Elçin Masallı rayonu ərazisində yerləşən bazarda faizə pul verməklə məşğul olmuşdur. Pula ehtiyacı olduğu üçün Elçinə müraciət etmiş, ondan faizə pul götürmüşdür. Götürdüyü pulun hamsını tam şəkildə qaytarmışdır. Lakin borc olaraq aldığı borcu qaytarsa da, həmin borca görə yaranmış faizləri ödəyə bilməmişdir. Odur ki, İddiaçı ilk öncə Masallı RPŞ-yə ərizə ilə müraciət etdi, daha sonra isə 2021-ci ildə Masallı Rayon Məhkəməsinə pul tələbi barədə iddia ərizəsi ilə müraciət etdi. Masallı Rayon Məhkəməsində hakim işə baxıb ədalətli araşdırma apararaq İddiaçı iddia tələbini rədd etdi. Lakin İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılaraq xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qətnamə ilə Masallı Rayon Məhkəməsinin qanuni qətnaməsi ləğv edilərək qanunsuz olaraq ondan 76700 manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edildi. Qəbul edilmiş qətnamə ədalətsiz olmuş olsa da, lakin icrası məcburi olduğu üçün ağırda olsa ödəməyə məcburdur. O, artıq bir dəfə aldığı borca görə iddiaçıya faiz ödəmiş, ödəyə bilmədiyi faizlər isə məhkəmə tərəfindən kəsilmişdir (Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 76700 manat). Nə üçün o ikinci dəfə təkrar olaraq faiz ödəməlidir. Onuda qeyd edir ki, onlar iddiaçı ilə aralarında məhkəmə qətnaməsi ilə kəsilmiş 76700 manat pulun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmişlər və iddiaçı bununla bağlı icra şöbəsinə ərizədə təqdim edərək icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. O isə bunların heç birini etməmiş. O, iddiaçı ilə dost olmuş və ondan özünündə dediyi kimi borc pul almışdır. Həmin borcuda qaytarmış, lakin aldığı borcu iddiaçı ona faizə verdiyi üçün o, əsas borcu qaytarsada faizləri qaytara bilməmişdir. Sonradan məhkəmə tərəfindən həmin faizlər 76700 manat pul şəklində ondan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. O, həmin tutulmuş məbləği ödəməyə etiraz etmir, lakin maddi imkanı yaxşı olmadığı üçün o, həmin məbləği bir dəfəyə tam şəkildə ödəyə bilmir, çünki o, ailə başçısıdır və bir ata kimi qayğıları vardır. Lakin hissə-hissə ödəyəcək. O, artıq iddiaçıya faiz vermişdir. İkinci dəfə verməyə qəti olaraq etirazını bildirir. İddiaçı Cavabdeh qarşı pul (faiz) tələbi barədə iddia ərizəsinə qəti olaraq etiraz edir və həmin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəməyə 30 sentyabr 2024-cü il tarixdə etiraz ünvanlamışdır. Etirazda göstərilmişdir ki, hazırki işə vəkil qismində xx.xx.2024-cü il tarixdə qoşulduğundan iddia ərizəsinə etirazı yalnız indi təqdim edə bilir. Hesab edir ki, iş üzrə İddiaçı tələbi aşağıda göstərilən səbəblərə görə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində icra sənədi üzrə ona cavabdeh tərəfindən ödənilməli olan 76700 manat pul vəsaitinin ödənilməsini gecikdirdiyi pul vəsatindən faydalanmaya görə bank uçot dərəcəsi ilə hesablanmış faizlərin tutulması tələbini irəli sürmüşdür. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Halbuki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. Belə olan halda iddiaçı tərəf cavabdehin onun vermiş olduğu puldan faydalanması halını sübut etməlidir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən iddiaçının faizlərin ödənilməsinə dair tələbi təmin edilə bilməz (bax AR Ali Məhkəməsinin 2-2(102)- 350/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, № 2-2(102)-225/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-2(102)-110/2023 nömrəli xx.xx.2023-cü tarixli Qərarları). Yuxarıda qeyd edilən hüquqi mövqe «Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli və «Mülki Məcəllənin 399.3, 3 99.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarlarında əks olunmuşdur. Konstitusiya Məhkəməsinin mövqeyinə görə MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir. Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur: 1) qanunsuz saxlama; 2) qaytarmaqdan boyun qaçırma; 3) ödənilməsini digər şəkildə gecikdirmə; 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adları çəkilən qərarlarda formalaşdırdığı hüquqi mövqeyə görə pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, bank uçot dərəcəsi ilə faizlərin tutulmasına dair iddia əsassız olmaqla rədd edilməlidir. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Eyni zamanda, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Digər tərəfdən, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyin tətbiqi zamanı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borcun borclunun əmlakına yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı Cavabdeh qarşı borc münasibətləri üzrə faizlərin ödənilməsinə dair iddiasına iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı pul (faiz) tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)2676/2021 nömrəli, 26 dekabr 2021-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2018-ci ilin oktyabr ayında pulu qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini tam olaraq icra etməmiş, borcundan 2000 manat qaytarmış, qalan 88500 manat borcu qaytarmamışdır. Göründüyü kimi, iddiaçı məhkəməyə verdiyi iddia ərizəsində və öz izahatlarında bildirmişdir ki, onun hüquqları cavabdeh tərəfindən 2018-ci ilin oktyabr ayında pozulmuşdur. Bu o deməkdir ki, borcun qaytarılması öhdəliyi üzrə iddia müddətinin axımı 2018-ci ilin oktyabr ayında başlamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələblərinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. MMnin 377.2-ci maddəsinə əsasən isə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-nin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. İddiaçının əsas tələbi borcun geri qaytarılması olmuşdur. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etdiyindən, həm əsas tələb üzrə, həm də əlavə tələblər üzrə iddia müddəti 2021-ci ilin oktyabr ayında başa çatmışdır. Halbuki, faizlərin ödənilməsinə dair iddia ərizəsi iddiaçı tərəfindən 2024-cü ilin fevral ayında məhkəməyə təqdim edilmişdir. AR Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etiraza və iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan; Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(106)1676/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh 76700 manat alınıb İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2024-cü il tarixli, 9/3091 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsi haqqında məlumatları rəhbər tutaraq, Cavabdeh iddiaçı tərəf İddiaçı ödənilməsi üçün 76700 manat olmaqla 20 fevral 2023-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək olan dövr üzrə hesablanmış faiz 6313.37 manat təçkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə cavabdehin vəkili və nümayəndəsinin iddia müddətinin (3 illik) tətbiqi barədə ərizəsinə münasibətdə isə bildirir ki, iddiaçı tələb etdiyi pulu 2014-cü ildə verdiyini, 2018-ci ildə tələb etməsini bildirir. Mülki Məcəlləyə müvafiq olaraq ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (maddə 373.1, 373.2, 3801, 380.2). “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilir ki, “...Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Göstərilənlərə əsasən məhkəmə iddia müddəti ilə bağlı bildirir ki, tərəflər arasında borc münasibətləri 2014-cü ildə yaransa da, cavabdeh tərəfindən onun tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlər edilmişdir. Belə ki, iş üzrə tərəflər arasında Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(106)1676/2021 saylı qətnaməsi olmuşdur. Belə olan halda iddia müddətinin axımı həmin vaxtdan hesablanmalıdır. Bu isə onu deməyə əsas verir ki, tələb üzrə iddia müddəti keçməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, verilmiş ekspert rəyinə əsasən Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2021ci il tarixli, 2(106)1676/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 76700 manat məbləğində borca 20 fevral 2023-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək Mərkəzi Bankın uçot dərəcələrinə uyğun olaraq hesablanmış ümumilikdə 6313 manat məbləğində faiz pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 80 manat və iddia tələbinin həcminin artırıldıqdan sonra 3 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, ödənilmiş 83 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(106)1676/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 76700 manat məbləğində borca 20 fevral 2023-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək Mərkəzi Bankın uçot dərəcələrinə uyğun olaraq hesablanmış ümumilikdə 6313 manat məbləğində faiz pulu və 83 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 100 manat X1 (kod:210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SWİFT- CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına hesabına tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar