Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1075/2024 16.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24300 (iyirmi dörd min üç yüz) manat miqdarında pulun və 163 (yüz altımış üç) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özünə fərdi yaşayış evi almaq üçün rieltor (makler) vasitəsilə Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh ona Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində faktiki istifadəsində olan 0.02 ha torpaq sahəsində yerləşən, 1 mərtəbədən ibarət olan, 3 (üç) otaqlı fərdi yaşayış evini satdığını bildirmişdir. Cavabdeh ilə fərdi yaşayış evinə baxış keçirilmiş, mətbəx mebeli daxil olmaqla fərdi yaşayış evini 24.300 (iyirmi dörd min üç yüz) manata alqı-satqısına razılıq əldə etmişlər. Fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd olmadığından alqı-satqı prosesi rieltor Hüseyn Malikovun işlədiyi ofisdə həyata keçirilmiş, razılıq və pulun verilməsi video çəkiliş vasitəsi ilə yazılmışdır. O, Cavabdeh 24.300 (iyirmi dörd min üç yüz) manat pulu tam şəkildə vermiş, alqı-satqı xx.xx.2022-ci il tarixli evlərin alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən notariat qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli, **********997 saylı ərizə ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Abşeron rayonu, X3 ünvanında faktiki istifadəsində olan 200 kv.m torpaq sahəsində inşa etdiyi 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı fərdi yaşayış evini müvafiq qanunvericiliyə uyğun olaraq ona satmış, həmin torpaq sahəsinə və tikiliyə dair heç bir iddia və tələbi olmayacağını yazılı şəkildə bildirmişdir. Cavabdeh ondan 1 ( bir) ay möhlət istəmiş, onun tərəfindən Cavabdeh vaxt verilmişdir. Qeyd edilən müddət bitdikdən sonra evə köçmüş, lakin evə köçdükdən bir neçə gün sonra evdə olmamağından istifadə edən Cavabdeh həyat yoldaşı hasardan həyətə keçərək evə daxil olmuş və evdən çıxmamışdır. Sonradan mənzilə köçürülmə tələbi ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, məhəkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul edərək mübahisəli evin onun olduğunu, həmin evi 2016-cı il tarixdə aldığını, evdəki əşyaların da ona məxsus olduğunu və evi 12 iyun 2022-ci il tarixdə ona 24300 manata satdığını bildirmişdır. Satılan zaman cavabdeh arvadı Aynur Həsənovaya da məlumat vermiş və hətta ona evə köçməyə, əşyaları daşımağa kömək etmişdir. Lakin, Suraxanı Rayon Məhkəməsi həmin evin özbaşına tikili olduğu qənaətinə gələrək xx.xx.2023-cü il tarixli, 2(010)-1495/2023 saylı qətnaməyə əsasən iddiasını təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5827/2023 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmişdir. İşə baxan məhkəmələr tərəfindən bildirilmişdir ki, iddiaçının istinad etdiyi xx.xx.2022-ci il tarixli müqavilə və notarial qaydada təsdiq edilmiş ərizə iddiaçının məhkəmə qaydasında Cavabdeh mübahisəli tikiliyə görə ödədiyi pul vəsaitini geri tələb etmək hüququnu yaradır. Cavabdeh hal-hazıradək pulunu qaytarmamış və hərəkətlərindən bəlli olur ki, onun pulunu qaytarmaq fikri yoxdur. Dəfələrlə ondan pulunu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Hesab edir ki, cavabdehin ona qarşı bu cür qanunsuz hərəkətləri onun əmlak hüquqlarını pozur və qeyd etdiklərini nəzərə alınmaqla cavabdehin ona ödəməli olacağı pul ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalıdır. İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; 12 iyun 2022-ci il tarixli evlərin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Xəzər rayonu, Binə qəsəbəsində yerləşən faktiki istifadəsində olan 200 kv.m torpaq sahəsində inşa etdiyi 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini mətbəx mebeli qalmaq şərti ilə İddiaçı 24300 manata satmışdır. Cavabdeh tərəfindən verilmiş və Bakı şəhəri, 31 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş 06 sentyabr 2022-ci il tarixli ərizədə göstərilir: “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Abşeron rayon X3” ünvanında faktiki istifadəsində olan 200 kv.m torpaq sahəsində inşa etdiyi 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini müvafiq qanunvericiliyə uyğun olaraq İddiaçı satdım. Həmin torpaq sahəsinə və tikiliyə dair heç bir iddiam və tələbim olmayacaq. Hər-hansı bir mübahisə yaranarsa şəxsən özüm cavabdehlik daşıyacağam”. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(010)- 1495/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, X2 və X1 qarşı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində 0.02 torpaq sahəsində yerləşən 1 mərtəbədən ibarət olan 3 otaqlı, 6093 saylı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2(103)-5827/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1495/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən olundu ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı münasibətləri yaranmış, iddiaçı cavabdehə 24300 manat verərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində 0.02 torpaq sahəsində yerləşən, 1 mərtəbədən ibarət olan 3 otaqlı fərdi yaşayış evini almış və cavabdehin iddiaçıdan həmin pul məbləğini alması məhkəmə qətnamələri və tərəflər arasında bağlanmış 12 iyun 2022-ci il tarixli yazılı müqavilə ilə təsdiq olunur. Sonradan iddiaçı cavabdehin arvadı tərəfindən həmin evdən çıxarıldığı üçün hazırda cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vermiş olduğu 24300 manat məbləğində pulun geri qaytarılmasını tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında yaranan münasibətlər daşınmaz əmlakın alqı-satqısına dair münasibətlər olsa da, qanunvericiliyin tələbinə uyğun olaraq rəsmləşdirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1 və 139-1.1.3-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı əsas hesab olunur. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Sadalanan qanunvericilik aktlarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış evlərin alqı-satqı müqaviləsi qanunvericiliyin müəyyən etdiyi formada bağlanmadığından etibarsızdır. Müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı 24.300 manat pulu ona geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 163 (yüz altımış üç) manat məbləğində dövlət rüsumu cavabdehə adi edilməli və ondan alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 24300 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 163 manat, cəmi 24463 (iyirmi dörd min dörd yüz altımış üç) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-1075/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1075/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver