Məhkəmə qərarları › İş №2(050)-1076/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1076/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1076/2024 06.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh notarial qaydada verdiyi 83000 manat, yazılı qəbzlə verdiyi 12000 manatı, cəmi 95000 manat pulun və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 350 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehi yaxından tanıyır və dost münasibətləri olmuşdur. Cavabdeh xx.xx.2014-cü il tarixdə ona 12000 manat pul lazım olduğundan, ona borc verməsini bildirmişdir. Bu barədə cavabdeh yazılı qəbz yazaraq, borcunu 18 aya qaytaracağını vəd etmişdir. Daha sonra cavabdeh xx.xx.2016-cı il tarixdə ona iş qurmaq üçün 83000 manat pul lazım olduğunu bildirərək və ona pul verməsini istəmişdir. Cavabdehə daha əvvəl 12000 manat aldığı borcunu qaytarmamasını bildirmiş, cavabdeh isə ona pulu notarial qaydada verməsini, borcunu hissə-hissə qaytaracağını demişdir. Cavabdeh borcunu xx.xx.2020-ci il tarixə kimi qaytarmalı olsa da, müqavilənin müddəti bitmiş, lakin cavabdeh borcunu qaytarmamışdır. Hər dəfə müxtəlif bəhanələrlə onu aldadaraq, yalan vədlər vermişdir. Ona borc müqaviləsi üzrə verdiyi pulun icraya yönəldilməsi üçün Bakı şəhər 9 saylı notarial ofisinə müraciət etmiş, onlar icraya yönəldə bilməmişlər və məhkəməyə müraciət etməsi üçün 375 saylı rəsmi məktub vermişlər. Odur ki, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsi o, anlama gəlir ki, cavabdeh iddianı qəbul edir. İddia müddətinin tətbiq edilməsinə etiraz edir. Hesab edir ki, cavabdeh borcunu hər dəfə qaytaracağını vəd verdiyindən iddiaçı da ona inanmış və məhkəməyə müraciət etməmişdir. Ona görə də iddia müddəti tətbiq edilə bilməz. Odur ki, iddia tələbinin tam olaraq təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı 12000 manat pulu 2014-cü il tarixdə əlyazması şəklidə kağıza imza etdirməklə cavabdehə vermişdir. Həmin vaxtdan 10 ildən artıq müddət keçmişdir. Bundan başqa 83000 manat pulun verilməsi isə notarial qaydada 2016-cı ildə təsdiq olunmuş bunun da üstündən 8 ildən artıq müddət keçmişdir. Bundan başqa notarial qaydada kredit müqaviləsi bağlansa da, pul notariusun depozit hesabı vasitəsi ilə deyil, digər hər hansı bir əqdi pərdələmək üçün formal olaraq bağlanmışdır. Həmin müqavilə üzrə guya borc pul xx.xx.2020-ci il tarixə qədər qaytarılması şərti ilə verilmiş, müqavilə müddəti bitməsi tarixindən 4 il keçmişdir. Odur ki, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materialında olan xx.xx.2014-cü il tarixdə Cavabdeh tərəfindən imzalanmış, əl yazısı ilə qeyd edilmiş qəbzdən görünür ki, Cavabdeh Masallı rayon sakini İddiaçı 12000 manat məbləğində pul borc aldığını, bu məbləği 18 ay ərzində qaytaracağına söz verdiyini qeyd etmiş, həmin qəbzi imalamışdır. Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış və 3M-628 № ilə qeydə alınmış 01 may 2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 01 fevral 2020-ci il tarixədək qaytarmaq şərti ilə 83000 (səksən üç min) manat borc almışdır. 16 may 2024-cü il tarixli ərizədən görünür ki, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, həmin ərizənin surətinin məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 verilməsi məhkəmə tərəfindən təmin edilmiş və sonuncu tanış olması ilə bağlı ərizədə müvafiq qeyd aparmışdır. xx.xx.2024-cü il tarixdə Məhkəmənin elektron ünvanına Bakı şəhəri 9 saylı notariat ofisinin notariusu X1 tərəfindən gəlmiş məktubdan görünür ki, xx.xx.2016-cı il tarixli 3M/628 reyestr saylı kredit müqaviləsi rəsmiləşdirilərkən verilən borc onun depozit hesabına köçürülməmişdir. Tərəflər aralarında razılaşaraq nağd şəklində verilmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, cavabdehi və onun vəkilini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, qeyd edilən mübahisə üzrə iddia müddəti tətbiq edilməklə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, həqiqətən də İddiaçı Cavabdeh notarial qaydada təsdiq edilmiş müqavilə ilə 83000 manat, yazılı şəkildə tərtib edilmiş qəbzlə 12000 manat, ümumilikdə 95000 manat pulu vermiş, sonuncu aldığı borcu qaytarmamışdır. Cavabdeh nümayəndəsi və vəkili qeyd edilən borcu almadıqlarını, qeyd edilən müqavilələri formal olaraq bağladıqlarını bildirərək, almamasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş, lakin iddia müddətinin tətbiqi ilə əlaqədar iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli Plenum Qərarında göstərilir ki, “... hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.” Məhkəmə müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2014-cü il tarixdə əllə yazdığı qəbzə əsasən iddiaçıdan 18 aya qaytarmaq şərti ilə 12000 (on iki min) manat, notarial qaydada bağlanmış və 3M-628 № ilə qeydə alınmış 01 may 2016-cı il tarixli borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı 01 fevral 2020-ci il tarixədək qaytarılması şərti ilə 83000 (səksən ün min) manat borc almışdır. Məhkəmə qeyd edilən müqavilələri etibarlı müqavilələr saymaqla hesab edir ki, iddiaçının cavabdehdən borcu tələb etmək hüququ yaranmış, bu hüquq yazılı formada tərtib edilmiş müqavilələrə əsaslanmışdır. Cavabdeh tərəf qeyd edilən müqavilələrin başqa əqdi pərdələmək məqsədi ilə bağlanmasını göstərsələr də, həmin müqavilələrlə məhz hansı əqdin pərdələndiyini izah edə bilməmiş, hətta izahatında cavabdehin nümayəndəsi alınmış borcun böyük bir qisminin qaytarıldığını qeyd etmişdir. Bu da onu göstərir ki, cavabdeh tərəf əqddən irəli gələn öhdəliyinin bir qismini icra etdiyini göstərməklə, qeyd edilən əqdləri etibarlı əqdlər kimi qəbul etmişdir. Cavabdeh almış olduğu borcunu qaytarması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, sadəcə olaraq cavabdehin vəkili iddiaçının iddia müddətini ötürməsini bildirmiş, bununla da dolayısı yolla cavabdeh tərəf iddianı qəbul etmiş, lakin müddətin ötürülməsinə istinad edərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayədəsi və vəkili iddia müddətinin tətbiq edilməsinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin yaxın münasibətləri olmuş, cavabdeh hər dəfə borcu qaytaracağını deməklə onu inandırdığını bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə gec müraciət etmişdir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilir ki, “... Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı iddia müddətinin axımının kəsilməsinin əsası kimi çıxış edəcək hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili izahatında verilən borcun bir qisminin cavabdeh tərəfindən ödənildiyini şifahi şəkildə bildirmiş, lakin bununla bağlı təsdiqedici sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Yəni iddiaçı borclunun borcunu etiraf etməsini göstərən hərəkətlər etdiyini təsdiq edə bilməmişdir. İşin faktiki halları ilə təsdiq olunur ki, tərəflər arasında bağlanmış cavabdehin xx.xx.2014-cü il tarixdə əllə yazdığı qəbzə əsasən iddiaçıdan 18 aya qaytarmaq şərti ilə aldığı 12000 (on iki min) manat pulun qaytarılması barədə öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2015-ci il tarixdə, 3M-628 № ilə qeydə alınmış 01 may 2016-cı il tarixli borc müqaviləsinə əsasən iddiaçıdan xx.xx.2020-ci il tarixə kimi qaytarmaq şərti ilə aldığı 83000 (səksən ün min) manat pulun qaytarılması barədə öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2020-ci il tarixdə bitmiş və qeyd edilən tarixlərdə hər birinə münasibətdə iddia müddətinin axımı başlanmışdır. Belə olduğu təqdirdə isə iddia müddəti cavabdehin xx.xx.2014-cü il tarixdə əllə yazdığı qəbzə əsasən xx.xx.2018-ci il tarixdə, 3M-628 № ilə qeydə alınmış 01 may 2016cı il tarixli borc müqaviləsinə əsasən isə xx.xx.2023-cü il tarixdə başa çatmış, nəticədə iddia müddəti ötürülməklə xx.xx.2014-cü il tarixdə iddia ərizəsi ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia müddəti keçdiyinə görə iddia təmin edilməməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar