Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1103/2024 24.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 235 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdehla nikahlarını xx.xx.2015-ci il tarixdə Masallı rayon Qeydiyyat Şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2017-ci il təvəllüdlü Həmidov Orxan adlı bir uşaqları olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan aralarında narazılıqlar yaranmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(050)-1972/2019 nömrəli qətnaməsi ilə cavabdehlə olan nikah qeydinin pozulması və cavabdehdən yuxarıda adı qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 80 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Sonradan Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-1001/2022 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq 110 manat müəyyən edilmişdir. Lakin alimentin məbləği hazırda uşağın saxlanılması üçün yetərli deyildir. Cavabdeh isə lazımi köməklik etmir. O, özü isə uşağa qulluq etməyilə əlaqədar olaraq heç yerdə işləyə bilmir. Belə vəziyyətdə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı uşağın normal yaşayışını təmin etmək üçün yetərli deyildir. Qanunvericiliyin tələbindən də göründüyü kimi cavabdeh birgə nikahdan olan uşağın 18 yaşına çatmasınadək saxlanılması üçün aliment ödəməlidir. Cavabdehlə birgə nikahdan olan uşaqların yaşı 18-dən aşağıdır. Qeyd olunan azyaşlı uşağın bir aylıq ərzaq, geyim və digər zəruri təlabatlarının ödənilməsindən ötrü ayda 300 manatdan artıq vəsait sərf edilir. Yaşayış minimumu uşaqlar üçün aliment təyin edilən vaxtla müqayisədə artmışdır. 2019-cu illə müqayisədə bir çox ərzaq məhsulları və zəruri gündəlik təlabat mallarının qiymətində də artımlar vardır. Lakin cavabdehin ödəməli olduğu alimentin məbləği yalnız 2022-ci ildə artırılmış, həmin vaxtdan bəri dəyişməmişdir. Bu xüsusat isə bir daha cavabdehin ödəməli olduğu alimentin məbləğinin də artırılması zərurətini göstərir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ikinci dəfə ailə həyatı qurmuşdur və bu evlilikdən uşaqları vardır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə, 76 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X6 15 yanvar 2017-ci ildə Lənkəran şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)- 1001/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilməsi, 15 yanvar 2017ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(050)-1972/2019-cu saylı qətnaməsi ilə müəyyən edilmiş 80 (səksən) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq 110 (bir yüz on) manat məbləğində müəyyən edilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin artırılmış məbləğinin hesablanmasına başlanılması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1392/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-1001/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)- 142/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X3 arasında Masallı Rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış 06 noyabr 2015-ci il tarixli, 607 saylı nikah pozulması, Tərəflərin birgə nikahdan 15 yanvar 2017-ci ildə doğulmuş X6 adlı uşaqları anası X1 yanında qalması qət edilmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında 14 fevral 2023-cü il tarixdə Masallı regional ASAN xidmət mərkəzində Qeydiyyat şöbəsində 155 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Həmidova soyadı verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır.Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir.Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir.Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasının hesablanmasına hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1001/2022 saylı qətnaməsi ilə 15 yanvar 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat müəyyən edilərək İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılmış məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1103/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1103/2024
24.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver