Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-111/2024 09.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobil üzərində payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Renault Megane” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair 10 avqust 2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin avtomobil üzərində Cavabdeh1 ilə onun hər birinin ½ hissədə pay hüququnun olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 ilə nikahlarını 17 avqust 2005-ci il tarixdə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahları dövründə «Renault Megane» markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. «Renault Megane» markalı markalı avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına qeydə alınmışdır. Cavabdeh1 ilə nikahları Masallı Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Masallı Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli qərardadı ilə «Renault Megane» markalı avtomobilin üzərinə həbs qoyulmuş, lakin həmin qərardad xx.xx.2023-cü il tarixdə Masallı rayon İcra və Probasiya Şöbəsinə daxil olsa da, hansısa səbəbdən DİN-nin BDYPİ-nə göndərilməmiş, lakin Cavabdeh1 qərarın mövcudluğunu bilmiş və onun icrasına, o cümlədən həmin əmlak üzərində payının müəyyən edilməsinə maneçilik törətmək üçün avtomobili formal olaraq xx.xx.2023-cü il tarixli müqavilə ilə Cavabdeh2 satmışdır. Bu xüsusat Baş X11 İdarəsinin məktubundan və ona əlavə edilmiş sənədlərdən də aydın olur. Halbuki, həmin ərəfədə Cavabdeh1 ilə ayrı yaşamaqla məhkəmə qətnaməsi ilə nikahları pozulmuş, bu səbəbdən avtomobil satılarkən razılığının alınması mümkün deyildi. Avtomobilin faktiki olaraq Cavabdeh2 istifadəsində olmaması da göstərir ki, həmin alqı-satqı formal xarakter daşımışdır. Məqsəd birgə nikah dövründə əldə edilmiş əmlakda olan payından onu məhrum etmək olmuşdur. Nəticədə qeyd olunan avtomobil birgə nikah dövründə əldə edilməsinə baxmayaraq razılığı olmadan onun üzərində sərəncam verilməklə həmin avtomobilə dair hüquqları pozulmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə 2005-ci ildə faktiki olaraq ailə qurmuş və nikahlarını 17 avqust 2005ci ildə Masallı RİHB-nın Kolatan kənd ərazi nümayəndəliyində qeyd etdirmişlər. Daha sonra münasibətləri pozulduğu üçün ayrılmışlar. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən «Renault Megane» markalı, ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi birgə nikah dövründə onun adına alınmış, 2023-cü ildə uşaqlarının maddi təlabatını ödəməkdə çətinlik çəkdiyi üçün avtomobili Cavabdeh2 satmış və pulunu da uşaqları üçün xərcləmişdir. Hazırda iddiaçıya hər-hansı məbləğdə pul ödəməyə imkanı yoxdur. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun həmkəndlisi, Cavabdeh1 isə onun qohumudur. Mübahisəli «Renault Megane» markalı, ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 10 avqust 2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında almış və hazırda avtomaşın onun istifadəsindədir. O, həmin avtomobilin tərəflərin birgə nikahı dövründə alındığını və iddiaçının həmin avtomobildə pay hüququnun olmasını bilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Masallı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 avqust 2023-cü il tarixli nikah haqqında arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında Masallı Rayon İcra Hakimiyyəti başçısının Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən bağlanmış 17 avqust 2005-ci il tarixli, 27 saylı nikah qeydi olmuşdur. Masallı Rayon Məhkəməsinn 14 fevral 2023-cü il tarixli 2 (050)-105/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında Masallı RİHB-nın Kolatan kənd ərazi nümayəndəliyində xx.xx.2005-ci il tarixdə bağlanmış, 27 № ilə qeyd edilmiş nikahın pozulması, İddiaçı Cavabdeh1 tərəfindən doğulmuş 27 iyun 2005-ci il təvəllüdlü X1 atası olmasının müəyyən edilməsi, 27 iyun 2005-ci il təvəllüdlü X4, 25 yanvar 2008-ci il təvəllüdlü X6 və 19 dekabr 2009-cu il təvvəlüdlü X2 anaları Cavabdeh1 yanında saxlanılmaları və 19 oktyabr 2022-ci il tarixdən başlayaraq 27 iyun 2005-ci il təvəllüdlü X1, 25 yanvar 2008-ci il təvəllüdlü X3 və 19 dekabr 2009-cu il təvvəlüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, üç uşaq üçün 360 (üç yüz altımış) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən verilmiş 13 sentyabr 2023-cü il tarixli, 2-123962-2023 saylı məktubdan göünür ki, 25 dekabr 2019-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış və sonradan qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən «Renault Megane» markalı, ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 adına 10 avqust 2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X7 tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli, 19/980 saylı rəyindən görünür ki, 2007-ci il buraxılışlı, mühərrik həcmi 1461 sm3 «Renault Megane» markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 9000 manat müəyyən olunur. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 17 avqust 2005-ci ildə rəsmi nikaha daxil olmuş və birgə nikahları dövründə 27 iyun 2005-ci ildə X4, 25 yanvar 2008-ci ildə X6 və 19 dekabr 2009-cu ildə X5 adlı uşaqları olmuşdur. Tərəflər birgə nikahları dövründə «Renault Megane» markalı, ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əldə etmişlər. Lakin, həmin nəqliyyat vasitələri 10 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Hazırda isə iddiaçı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanarkən onun razılığı alınmadığını, buna görə də həmin müqavilənin etibarsız hesab olunmasını və həmin nəqliyyat vasitəsində 1/2 hissədə pay hüququnun olmasının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə digər Cavabdeh2 arasında bağlanılmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlandığından və tərəflərin iradəsini ifadə etdiyindən həmin müqavilənin etibarsız hesab olunması əsasları mövcud deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Məhkəmə iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlakın alqı-satqı müqaviləsi bağlanarkən onun razılığının alınmaması tələbi ilə bağlı qeyd edir ki, iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlak kimi payların müəyyən edilməsini tələb etdiyi əmlak, nəqliyyat vasitəsidir, yəni daşınar əmlaklardır və qanunvericiliyin tələbinə əsasən daşınar əmlak üzərində sərəncam əqdini ər və ya arvaddan biri həyata keçirirsə, bu halda güman edilir ki, digərinin razılığı ilə hərəkət edir. Belə olan halda həmin daşınar əmlak üzərində Cavabdeh1 sərəncam verməsi özlüyündə güman edilməlidir ki, İddiaçı razılığı ilə həmin sərəncamı yerinə yetirmişdir. Odur ki, həmin daşınar əmlakın, yəni nəqliyyat vasitəsinin alqı-satqısı zamanı İddiaçı razılığının alınmaması həmin müqavilənin etibarsız hesab olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İş materiallarından göründüyü kimi «Renault Megane» markalı ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 məxsusdur. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı mübahisə İddiaçı ilə Cavabdeh1 arasında birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi ilə bağlı olduğundan və qeyd olunan nəqliyyat vasitəsi artıq Cavabdeh1 deyil, Cavabdeh2 mülkiyyətində olmaqla o da həmin əmlakın vicdanlı əldə edəni olduğundan, onun qanunla qorunan mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti üzrə qəbul etdiyi 08 may 2008-ci il tarixli qərarında «vicdanlı alıcı»nın mövcud olduğu mübahisələr üzrə yalnız ilkin mülkiyyətçilərin hüquqlarının qorunması və onların tələbi ilə «vicdanlı alıcı» ilə bağlanmış əqdin etibarsız hesab olunması əleyhinə gedərək qeyd etmişdir ki, belə yanaşma «vicdanlılıq faktorunun hüquqi təyinatını və əhəmiyyətini heçə endirərək mülkiyyətçiyə bu müdafiə vasitəsindən məhdudiyyətsiz istifadə etməklə nəinki ilk əqdin, habelə sonradan bağlanmış bütün əqdlərin etibarsız hesab olunması və əmlakın naturada qaytarılmasını (o cümlədən vicdanlı sahibdən) tələb etmək imkanını yaradardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı». Məhkəmə öz mövqeyinə İnsan Hüquqlarının Müdafiəsi üzrə Avropa Məhkəməsinin presedentləri baxımından da aydınlıq gətirmək istəyir. Belə ki, həmin məhkəmə tamamilə oxşar bir iş, «Qladışeva Rusiyaya qarşı» iş üzrə qəbul etdiyi 06 dekabr 2011-ci il tarixli qərarında mənzilin özəlləşdirilməsində rol oynamış mühüm dövlət orqanlarının qərarlarının «vicdanlılıq» məsələsinin müəyyən olunmasındakı roluna toxunaraq qeyd etdi ki, xeyli sayda dövlət orqanlarının mənzili özəlləşdirmək hüququnu təsdiq etməsi həmin mənzili onu özəlləşdirən şəxsdən almış şəxsi özəlləşdirmə zamanı yol verilmiş pozuntulara görə mənzilə sahiblik hüququnu itirmək təhlükəsi altında qoymamalıdır. Dövlət hakimiyyət orqanlarının işdə buraxdıqları səhv və çatışmazlıqlar həmin şəxslərin xeyrinə işləməli, bu səhvlər onların hesabına düzəldilməməlidir. Avropa Məhkəməsi bu qərarında belə mübahisələrin vicdanlı alıcının əldə etdiyi əmlakı itirməsi ilə nəticələnməsinin ilkin mülkiyyətçinin mülkiyyət hüquqlarının qorunmasında ifadə olunan «ictimai maraq»la vicdanlı alıcının hüquqlarının qorunmasında ifadə olunan «fərdi maraq» arasındakı ədalətli tarazlığı pozduğunu qeyd etmiş və belə tarazlığın vicdanlı alıcının hüquqlarının müdafiə olunması hesabına təmin olunması zəruriliyini qabartmışdır. Beləliklə, məhkəmə bütün bu göstərilənlərə istinadən belə hesab edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilik bu iş üzrə «vicdanlı alıcı» olan Cavabdeh2 hüquqlarının qorunmasını tələb edir və bu səbəbdən də iddiaçının həmin hissədə iddiası təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir əmlakın ərarvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlak məhz nikah müddətində ər-arvadın qazancları hesabına əldə edilmiş olmalı, hədiyyə və ya vərəsəlik qaydasında aldıqları əmlak isə onların hər birinin ayrıca mülkiyyətidir. Göstərilənlərə əsasən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, mübahisəli «Renault Megane» markalı, ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hazırda Cavabdeh2 məxsus olsa da, həmin nəqliyyat vasitəsi İddiaçıla Cavabdeh1 birgə nikahı dövründə əldə olunduğundan, iddiaçının həmin avtomobilin ½ hissəsində pay hüququ vardır və avtomobilin ekspert rəyinə əsasən müəyyən olunmuş dəyərinin yarısı, yəni 4500 manat Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq dövlət rüsumunun əvəzi olaraq 52,50 manat Cavabdeh1 aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 4500 manat və ödənilmiş dövlət rüsumuna görə 52,50 manat, cəmi 4552 (dörd min beş yüz əlli iki) manat 50 qəpik pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-111/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-111/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver