Məhkəmə qərarları › İş №2(050)-1140/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1140/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1140/2025 11.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X1, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 15000 manat məbləğində pulun və dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin mart ayında əvvəllər tanıdığı Əhmədli kənd sakini Cavabdeh ona yaxınlaşaraq pula ehtiyacı olduğunu və yaxın vaxtlarda qaytaracağını bildirmişdir. Onu əvvəllər tanıdığından, yaxın qohumu olduğundan və ona inandığından onunla razılaşmış və borcu ona yalnız müqavilə ilə verə biləcəyini bildirmiş, o da onunla razılaşmışdır. 02 mart 2022-ci ildə onunla borc müqaviləsi bağlayaraq Xudayara 15000 manat borc vermişdir. Müqavilə bağlayarkən aralarında belə razılaşmışlar ki, həmin pulu Xudayar ona 6 aya, yəni 02 sentyabr 2022-ci ilə kimi qaytaracaqdır. Lakin cavabdeh Xudayar ondan aldığı pulu həmin tarixə geri qaytarmamışdır. Müqavilə üzrə götürülmüş öhdəliklərini cavabdeh pozduğundan bir neçə dəfə telefon danışıqları olmuş, lakin heç bir nəticə çıxmamışdır. Odur ki, cavabdehə verdiyi 02 mart 2022-ci il tarixli borc müqaviləsi üzrə 15000 manat pulun və dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş gəlmək istəyib istəməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: 02 mart 2022-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 15000 manat məbləğində pulu borc vermiş, cavabdeh aldığı borc məbləğini 6 ay müddətində iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı müəyyənəşdirilmiş pul məbləğini cavabdehə borc vermiş, cavabdeh isə aldığı borc məbləğini müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 168 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, iddia təmin edildiyindən qeyd olunan məbləğ də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 15000 manat məbləğində pul vəsaiti, ödənilmiş 135 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 15135 manat alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15000 manat məbləğində pul vəsaiti, ödənilmiş 135 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 15135 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar