Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-115/2023 17.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə və üçüncü şəxs “X3 LTD” MMC-nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Masallı regional “Asan Xidmət” mərkəzinin notariusunun 25 oktyabr 2022-ci il tarxli icra qeydinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, "X3 LTD" MMC Masallı Regional “ASAN Xidmət” mərkəzində yerləşən notariat ofisinə müraciət edərək ondan 81602 manat 63 qəpik borcunun və 25 manat məbləğində dövlət rüsumunun tutulması barədə icra qeydinin verilməsini xahiş etmişdir. Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi xx.xx.2022-ci il tarxili icra qeydini Masallı rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. O, "X3 LTD" MMC-nin mallarını Salyan rayonu ərazisində satmaqla məşğul olaraq nümayəndəlik funksiyasını yerinə yetirmişdir. Mal dövriyələri çox olmuş və onun qeyd edilən təşkilata borcu qalmamışdır. Hal-hazıradək təşkilatın onun Salyan rayonunda yerləşən anbarında 45000 (qırx beş min) manatdan çox vaxtı keçmiş malları qalmış və bu günə kimi təşkilat qeyd edilən malları ondan təhvil götürməmişdir. Yəni bu iş üzrə araşdırılmalı çox məqamlar vardır. Belə ki, bu iş məhkəmə qaydasında araşdırılmalı, iş üzrə ekspertizalar təyin edilməli, ekspertlərin rəyinə uyğun olaraq qərar verilməlidir. Odur ki, məhkəmədən Masallı Regional “ASAN Xidmət” mərkəzinin notarusunun 25 oktyabr 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs “X3 LTD” MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, icra qeydi qanunvericiliyin tələblərinə riayət edilməklə verilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, İddiaçı ilə “X3 LTD” MMC arasında distribüter və ipoteka müqavilələri bağlanmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyi üçün onlar tərəfindən icra qeydinin verilməsi ilə bağlı Masallı Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə müraciət olunmuş və həmin mərkəzin notariusu tərəfindən 25 oktyabr 2022-ci il tarixli icra qeydi verilmişdir. İş üzrə icra qeydinin verilməsi ilə bağlı bütün lazimi sübutlar notariat ofisinə və məhkəməyə təqdim edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin notariusu Əlövsət İbrahimov məhkəməyə ünvanladığı məktubda işə onların iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar təqdim etdikləri aşağıdakı sübutları tədqiq etmişdir: 19 yanvar 2021-ci il tarixli, 10/DİS-SY/21 nömrəli Distiribüter Müqaviləsinin surətindən görünür ki, "X3 LTD" MMC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən Distiribüter Şirkət tərəfindən müəyyən olunmuş Azərbaycan Respublikasının fəaliyyət regionunda, yəni Şirvan şəhəri, Salyan, Neftçala, Biləsuvar və Hacıqabul rayonları ərazisində Şirkətə məxsus məhsulların, şirkətin müəyyənləşdirdiyi qaydalar və strategiyalar əsasında satışının təşkil edilməsini öhdəsinə götürmüşdür. 19 yanvar 2021-ci il tarixli, 3M/123 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, Masallı regional “Asan Xidmət” mərkəzində notariat ofisində X1 və İddiaçı məxsus olan ünvan 1i ünvanında olan 0.14 ha torpaq sahəsinin birgə mülkiyyət üzrə və onun üzərində yerləşən, ümumi sahəsi 229.1 kv.m olan fərdi yaşayış evi İddiaçı kredit öhdəliklərinin icrasını təmin etmək üçün "X3 LTD" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Masallı Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli, reyestrdə 8İ-18728 nömrə ilə qeyd edilmiş icra qeydən görünür ki, tələbkar "X3 LTD" MMC-nin xeyrinə borclu İddiaçı 3M-123 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 81602 manat 63 qəpik və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 81627 manat 63 qəpik pulun tutulması qeyd edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İcra qeydi aşağıdakı hallarda aparılır: əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün Notariat Ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya, tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməli olduğu halda bunu etməmiş (göndərməmiş) və belə bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə edilməmişdir. Bundan başqa tərəflər arasında olan mübahisədən aydın göürünür ki, borc məbləği mübahisəlidir. "X3 LTD" MMC bir tərəfli qaydada yalnız qaimələr əsasında borc məbləğini hesablamaqla notariusa təqdim etmişdir. Həmin borc məbləğinin real olması isə notariusa təqdim edilmiş sənədlərlə müəyyən etmək mümkün deyil. Bununla da notariusa təqdim olunmuş sənədlərin mübahisəsiz olması araşdırılmamışdır. Həmçinin, Notariat Ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın (bundan sonra-Təlimat) 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq, əsassız icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə, Notariat Ofisi borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız elektron qaimələrə əsaslanmaqla həmin qaimələr üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Məhz bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsaslıdır və mübahisələndirilən icra qeydinin ləğv olunması üçün kifayət qədər asəslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun 25 oktyabr 2022-ci il tarixli, reyestrdə 8İ-18728 № ilə qeydə alınmış icra qeydi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun 25 oktyabr 2022-ci il tarixli, reyestrdə 8İ-18728 № ilə qeydə alınmış icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-115/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-115/2023
17.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver