Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-118/2023 06.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9000 (doqquz min) manat məbləğində ona borclu olduğu pulun və ödədiyi 110 (yüz on) manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 9110 (doqquz min yüz on) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş qudasıdır. Qızı X1 İsayevin oğlu X6 ilə ailə həyatı qurmuşdur. Aralarında qohumluq əlaqələri mövcud olduğundan Cavabdeh 2019-cu ilin sonunda ondan 10000 (on min) manat borc pul istəmiş və o, da həmin vəsaiti ona borc olaraq vermişdir. Bir neçə ay sonra 2020-ci ilin əvvəllərində Cavabdeh 1000 (bir min) manat borcundan ona ödəmiş, lakin qalan 9000 (doqquz min) manat borcu hələ də ona ödəməmişdir. Aralarında qohumluq əlaqələri olduğuna görə, həmin pulu istədiyi zaman çox da israr etməmiş, yüngül formada bir neçə dəfə borcunu tələb etmişdir.Lakin Cavabdeh pandemiya dövrü olduğunu işlərinin yaxşı getmədiyini bildirərək daha sonra ödəyəcəyini ona bildirmişdir. Hazıda X2nın X6 ilə bağladığı nikah Masallı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Qohumluq əlaqəsi bitdikdən sonra münasibətləri tamamilə kəskinləşmişdir. O, dəfələrlə sözügedən borcun ona ödənilməsini Cavabdeh bildirilmişdir. Lakin Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəblə də artıq işin yalnız məhkəmə qaydasında həllinin mümkün olduğunu görərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, tərəfindən qanunvericiliyin tələbinə əsasən cavabdehə pretenziya ünvanlanmış, lakin 20 günə yaxın vaxt keçməsinə baxmayaraq pretenziyasına cavabdeh tərəfindən cavab verilməmişdir. Həmin pretenziya məktubunu və məktubun göndərilməsini təsdiq edən poçt qəbzini iddia ərizəsinə əlavə etmişdir. İddiaçı tələbində Cavabdeh 9000 (doqquz min) manat məbləğində borclu olduğu pulun və ödədiyi 110 (yüz on) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 9110 (doqquz min yüz on) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya, onun vəkilinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər, məhkəməyə ayrı-ayrı vaxtlarda ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etdikləri üçün məhkəmə iclasları iddiaçının məhkəmə iclasında iştirakının təmin edilməsi üçün dəfələrlə təxirə salınmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır, tələb edilən pula dair heç bir sübut olmadığından və təqdim edilmədiyindən iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, 10 gün ərzində 9000 (doqquz min) manat məbləğində pul vəsaitinin ödənilməsini xahiş etmiş və ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini qeyd etmişdir. Məhkəmə həmin pretenziya məktubunu tədqiq etməklə yanaşı borc pul verilməsi hər hansı sübutla təsdiq olunmadığı üçün iddianın təmin edilməsi baxımından sübut növü kimi qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında şərtləri notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmamış, tərəflər arasında yazılı borc müqaviləsi olmamış, iddiaçı müəyyənəşdirilmiş pul məbləğini cavabdehə borc verməsi barədə sübut təqdim edə bilməmiş və cavabdeh iddiaçıdan borc pul almadığı üçün iddiaçının qarşısında öhdəliyi yaranmamışdır. Məhkəmə baxışı zamanı iddiaçı cavabdehə pul verməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı məhkəməyə ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil1 iddiaçının ərizənin baxılmamış saxlanılması barədə ərizəsi ilə bağlı işə mahiyyəti üzrə baxılmasını tələb edərək bildirdi ki, iddiaçının heç bir sübutu olmadığı və iddianın əsassız olduğunu bildiyi üçün məhkəmə iclasını uzadır, iddiaçı cavabdehdən tələb etdiyi pul barədə heç bir yazılı və şifahi sübut təqdim etməmişdir, ona görə də, ərizənin baxılmamış saxlanılması barədə ərizənin təmin edilməməsini, işə mahiyyəti üzrə baxılaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İşdən görünür ki, iddiaçı tərəf məhkəmə iclasları barədə məlumatlı olmuş, məhkəməyə ərizə göndərərək işin baxılmasını təxirə salınmasını xahiş etdikləri üçün məhkəmə iclası təxirə salınmış, lakin məhkəmə iclasına gəlməmişlər, cavabdehin nümayəndəsi isə işin mahiyyəti üzrə baxılmasını tələb etdiyi üçün ərizənin baxılmamış saxlanılması barədə ərizənin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 110 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia rədd edildiyindən qeyd olunan məbləğ iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 110 (yüz on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-118/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-118/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver