Məhkəmə qərarları › İş №2(050)-12/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-12/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-12/2023 30.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili Vəkil iştirakı ilə. İlk iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi, fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılma, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 22 fevral 2016-cı il tarixli zaminlik müqaviləsinin ləğv olunması tələbi barədə mülki işə, Masallı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlk iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə 24421.91 (iyirmi dörd min dörd yüz iyirmi bir dollar 91 sent) ABŞ dolları əsas, 20084.43 (iyirmi min səksən dörd dollar 43 sent) ABŞ dolları faiz, 7307.93 (yeddi min üç yüz yeddi dollar 93 sent) ABŞ dolları cərimə, cəmi borcu 53587.24 (əlli üç min beş yüz səksən yeddi dollar 24 sent) ABŞ dolları, bundan kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1772.97 (bir min yeddi yüz yetmiş iki dollar 97 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 363.29 (üç yüz altmış üç manat 29 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışınbdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaklara yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılaraq, LPO İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı ASC ilə bağlanmış 22 fevral 2016-cı il tarixli, MAS-03244/16 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh1 arasında bağlanmış 22 fevral 2016-cı il tarixli MAS-03244/16 saylı Əlavə Kredit Müqaviləsinə əsasən Cavabdeh1 48 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 25015 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında xx.xx.2016-cı il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2010-cu il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Masallı şəhəri, R.Abbasov küçəsi, 110/1 ünvanında yerləşən fərdi yaşayış evi, mülkiyyətində olan 0.04 ha torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evi və torpaq sahəsinin ipoteka qoyulması barədə Bank ilə borc alan-ipoteka qoyan Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli MAS- 0652/13 saylı İpoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********567 saylı 27 sentyabr 2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 53587.24 (əlli üç min beş yüz səksən yeddi dollar 24 sent) ABŞ dolları təşkil edir. Bundan 24421.91 (iyirmi dörd min dörd yüz iyirmi bir dollar 91 sent) ABŞ dolları əsas, 20084.43 (iyirmi min səksən dörd dollar 43 sent) ABŞ dolları faiz, 7307.93 (yeddi min üç yüz yeddi dollar 93 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1772.97 (bir min yeddi yüz yetmiş iki dollar 97 sent) ABŞ dolları faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsədə kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2016 tarixində 101 (yüz bir) ABŞ dolları məbləğində ödəniş etmişdir. Qarşılıqlı iddia üzrə tələb onuna əsaslandırılmışdır ki, Cavabdeh2 ilk İddiaçı ASC ilə heç bir zaminlik müqaviləsi bağlamamışdır. Həmin müqavilədə olan imza ina məxsus deyil. Şəxsiyyət vəsiqəsinin surətini əldə edən bank işçiləri həmin zaminlik müqaviləsinə onu adından imza etmişlər. Odur ki, həmin müqavilənin etibarsız hesab edilməsi xahiş olunur. İlk iddiaçı LPO İddiaçı ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, lakin nümayəndə X3 məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirdi ki, imza Cavabdeh2 aid deyildir, bu hal ekspert rəyində də öz əksini tapmışdır. Zaminlik müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: xx.xx.2013-cü il tarixli, MAS-0652/133 saylı Əsas kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə əsas borclu Cavabdeh1 arasında 180 ay müddətinə kredit xətti müqaviləsi bağlanmış xx.xx.2013-cü il tarixli MAS-0652/13 saylı İpoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə borc alan-ipoteka qoyan Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında Masallı şəhəri, R.Abbasov küçəsi, 110/1 ünvanında yerləşən fərdi yaşayış evi, mülkiyyətində olan 0.04 ha torpaq sahəsi ilə birlikdə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2016-cı il tarixli, MAS-03244/16 saylı əlavə kredit müqaviləsindən görünür ki, Cavabdeh1 48 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 25015 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli MAS-03244/16 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2016-cı il tarixli, MAS-03244/16 saylı əlavə kredit müqaviləsi üzrə əsas borclunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə zamin olan digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. 22 fevral 2016-cı il tarixli MAS-03244/16-1 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2016-cı il tarixli, MAS-03244/16 saylı əlavə kredit müqaviləsi üzrə əsas borclunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə zamin olan digər Cavabdeh X2 ilə zaminlik müqaviləsi bağlanmış, zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. 23 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, MAS-03244/16 saylı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə Cavabdeh1 24421 ABŞ dolları 91 sent əsas kredit borcu, 20084 ABŞ dolları 43 sent faiz borcu, 7307 ABŞ dolları 93 sent cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1772 ABŞ dolları 97 sent olmaqla, cəmi 53587 ABŞ dolları 24 sent borc yaranmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərdən görünür ki, ipoteka saxlayan "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.3-cü bəndində uyğun olaraq 27 sentyabr 2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizədən görünür ki, Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. Elektron qəbzlərdən görünür ki, "xxxx" ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Masallı şəhəri, R.Abbasov küçəsi, 110/1 ünvanında yerləşən fərdi yaşayış evi, mülkiyyətində olan 0.04 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC xevrinə ipoteka ilə yüklü edilməsi qevdiyyata almmışdır. Əsas borclu- ipoteka qoyan Cavabdeh1, zaminlər Cavabdeh3, Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borcun ödənilməsi barədə onlara bildiriş göndərilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankın ərizəsinin təmin edilməsi, İddiaçı ASC müflis elan edilməsi, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəməmühasibatlıq ekspertizasının 21 aprel 2022-ci il tarixli, 9/2454 saylı rəyindən məlum olur ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 22 fevral 2016-cı il tarixli, MAS-03244/16 nömrəli əlavə kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2020-ci il tarixədək banka 24987,63 ABŞ doları əsas, 14666,32 ABŞ dolları faiz və gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanan 1815,07 ABŞ dolları, cəmi 41469,02 ABŞ dolları məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəməxətşünaslıq ekspertizasının 23 may 2022-ci il tarixli, 4/512 saylı rəyindən məlum olur ki, 22 fevral 2016-ci il tarixli, MAS-03244/16 saylı zaminlik müqaviləsinin arxa tərəfində “Zamin Cavabdeh2” yazılarından aşağıdakı imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. "xxxx" MMC-nin 10 may 2023-cü il tarixli qiymətləndirmə barədə mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan evin bazar qiyməti 80000 manat, likvid qiyməti 68000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəməxətşünaslıq ekspertizasının 22 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1431 saylı rəyindən məlum olur ki, xx.xx.2023-cü il tarixli MAS-0652/13 nömrəli Əsas kredit müqviləsində və MAS-0652/13 nömrəli ipoteka müqaviləsində borcalan Cavabdeh1 adından imzalar – Cavabdeh1 tərəfindən icra olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia qismən əsaslı, qarşılıqlı iddia əsaslıdır. İşin faktiki hallarına, tədqiq olunmuş mötəbər və təkzibolunmaz sübutlara əsasən İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh1 arasında bağlanmış 22 fevral 2016-cı il tarixli MAS-03244/16 saylı Əlavə Kredit Müqaviləsinə əsasən Cavabdeh1 48 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 25015 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında xx.xx.2016-cı il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2010-cu il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Masallı şəhəri, R.Abbasov küçəsi, 110/1 ünvanında yerləşən fərdi yaşayış evi, mülkiyyətində olan 0.04 ha torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evi və torpaq sahəsinin ipoteka qoyulması barədə Bank ilə borc alan-ipoteka qoyan Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli MAS-0652/13 saylı İpoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Azərbaycan Respubikası Mülki Məcəllənin 317.1. 317.2.-ci maddələrinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respubikası Mülki Məcəllənin 319.1. və 319.4.-cü maddələrinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2. maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: -öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; -icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 465.1.-ci maddəsinə görə əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1., 470.2. və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1.-472.3.-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1.-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: -34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; -34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; -34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 41.1-41.2-ci maddələrinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək, ilk iddia tələblərinə münasibətdə qeyd edir ki, əsas kredit müqaviləsi üzrə əsas borclu Cavabdeh1la və borc məbləğinin təminatçısı kimi zamin Cavabdeh3 üçün müqavilə öhdəlikləri əsasında birgə borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. Kredit müqaviləsi üzrə ödəniş müddəti ötməsinə baxmayaraq, onlar öhdəliklərini layiqincə icra etməmişlər. Belə olan halda iddiaçı tərəfin borc məbləğlərini tələb etməklə, tələbin ipoteka ilə yüklü olunmuş əmlaka yönəldilməsini və hərracda satılmasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə ödənilməli olan borc məbləğinin həcmini müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəməmühasibatlıq ekspertizasının 21 aprel 2022-ci il tarixli, 9/2454 saylı rəyindən məlum olur ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 22 fevral 2016-cı il tarixli, MAS-03244/16 nömrəli əlavə kredit mqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2020-ci il tarixədək banka 24987,63 ABŞ doları əsas, 14666,32 ABŞ dolları faiz və gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanan 1815,07 ABŞ dolları, cəmi 41469,02 ABŞ dolları məbləğində müəyyən olunur. İddia ərizəsində borc tələbi xx.xx.2021-ci il tarixinə qədər hesablanmış olsa da, kredit müqaviləsindən görünür ki, müqavilə öhdəliyi xx.xx.2016-xx.xx.2020-ci il tarixlərini əhatə edir. Odur ki, müqavilə üzrə faiz məbləği həmin tarixlər üzrə, gecikdirilmiş vaxt üçün illik 5 faiz tələbi isə, xx.xx.2020-ci il tarixdən iddia tələbinin həddinə uyğun olaraq xx.xx.2021-ci il tarixə qədər hesablanmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qanunla qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanin 1 saylı Protokolunun 1-ci maddəsinin və İnsan Hüquqları Avropa məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə cavabdehlərin əmlak vəziyyətləri nəzərə alınmalı və cərimə pulu azadılmalıdır. Odur ki, məhkəmə cərimə pulunun 1000 ABŞ dolları həddində tutulmasını daha ədalətli hesab edir. Bundan başqa tutma ipoteka ilə yüklü edilmiş Masallı şəhəri, R.Abbasov küçəsi, 110/1 ünvanında yerləşən fərdi yaşayış evinə və mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə yönəldilməli, hərracda satılmalı və hərracda ilkin satış (likvid) qiyməti 68000 manat müəyyən olunmalıdır. Bundan əlavə evə tutma yönəldildikdən və satıldıqdan sonra ev və torpaaq sahəsi boşaldılmalıdır. Məhkəmə hərracdan əldə olunmuş vəsatinin borcun ödənilməsinə kifayət etmədiyi halda, qalan məbləğin cavabdehlərdən tutulması tələbinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia əsaslı hesab olunmalıdır. Belə ki, borc məbləğinin tam ödənilməsi üçün, hərracdan əldə olunmuş vəsait kifayət etmədikdə, icra tədbirləri davam etdirilməlidir. Bundan başqa məhkəmə xərcləri ilə bağlı ödənilmiş ipoteka bildirşinin qeydə alınmasına görə 40 manat rüsum cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikas Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu 02 aprel 2021-ci il tarixli Qərarında vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəməxətşünaslıq ekspertizasının 23 may 2022-ci il tarixli, 4/512 saylı rəyindən məlum olur ki, 22 fevral 2016-ci il tarixli, MAS-03244/16 saylı zaminlik müqaviləsinin arxa tərəfində “Zamin Cavabdeh2” yazılarından aşağıdakı imza- Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə həmin rəyi mötəbər, təkzibolunmaz sübut kimi qəbul edir və hesab edir ki, zaminlik müqaviləsindən Cavabdeh2 məlumatı yoxdur. Belə olan halda yuxarıda qeyd olunmuş əqdlərin etibarsızlığı ilə bağlı maddi normaların tələblərinə əsasən həmin zaminlik müqaviləsi etibarsız hesab edilməlidir. 335 manat ekspertiza xərci cavabdeh hesab edilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ********** X1 KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 4№-li Plenum Qərarının 10-cu maddəsində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan ABŞ dolları məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, ilk iddia qismən, qarşılıqlı iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 24987,63 ABŞ dolları əsas, 14666,32 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə, gecikdirilmiş müddət üşün illik 5 faiz hesablanan 1772.97 ABŞ dolları, cəmi 42426.92 ABŞ dolları qətnamənin icra olunduğu günə olan ABŞ dolları məzənnəsi ilə hesablanmaqla, o cümlədən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum və məhkəmə üçün ödənilmiş 363,29 manat dövlət rüsumu müştərək qaydada alınaraq LPO İddiaçı ASC-nin hesabına ödənilsin. Tələb Masallı şəhəri, R.Abbasov küçəsi, 110/1 ünvanında yerləşən fərdi yaşayış evinə və mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə yönəldilsin, əmlak açıq hərracdan satılsın, ilkin satış qiyməti olaraq likvid dəyər 68000 manat müəyyən edilsin və satışdan əldə olunun vəsait LPO İddiaçı ASC-nin hesabına ödənilsin. Evə tutma yönəldildikdən və satıldıqdan sonra fərdi yaşayış evi, torpaq sahəsi bоşaldılsın və ləğv prosesində olan LPO İddiaçı ASC-yə təhvil verilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ birgə borclular Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq LPO İddiaçı ASC-nin hesabına ödənilsin. Məhkəmə-mühasibatlıq və məhkəmə-xəttşünaslıq ekspertiza tədqiqatının dəyəri 335 manat borclular Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ********** X1 KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 adından LPO İddiaçı ASC ilə bağlanmış 22 fevral 2016-ci il tarixli, MAS-03244/16 saylı zaminlik müqaviləsi etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar