Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1264/2025 16.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında baxaraq, məhkəmə müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh avtomobili alarkən ondan aldığı 2850 manat, ona vurduğu mənəvi zərərə görə 500 manat, gedib gəlməyi üçün yol xərci olaraq ödədiyi 500 manat, əlavə xərc olaraq 200 manat, məhkəmə rüsumu kimi ödədiyi 61 manat dövlət rüsumunun, cəmi 41011 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbində pul məbləğinin cəmi 41011 qeyd edilməsinin texniki səhv kimi nəzərə alınmasını, həmin məbləğin əslində 4111 manat pul məbləği kimi qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayon Mahmudavar kəndindən olan, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh 11 mart 2024-cu il tarixdə özünə məxsus VAZ 21013 markalı ** BH *** qeydiyyat nişanlı avtomobili 2850 manata ona satmışdır. Göstərilən məbləği cavabdehin yaşadığı Masallı rayonunun Mahmudavar kəndindəki OBA marketin önündə Elvirin qardaşı Elton və onunla birlikdə ora gedən həmkəndlisi X3 yanında vermişdir. Alqı-satqıdan sonra elə həmin gün avtomobili yaşadıqları Cəbrayıl qəsəbəsinə aparmışlar. Alqı-satqıdan 2 gün sonra Cəbrayıl polisləri yaşadığı qəsəbədə idarə etdiyi zaman avtomobili saxlamışlar və maşının əvvəlki sahibi olan Lənkəran şəhər sakini X1 adına, həmin şəxsin isə 3660 manat borcunun olduğuna görə avtomobilə həbs qoyulduğunu bildirmişlər. Onlar bunu biləndən sonra qaytarmaq üçün avtomobili Cavabdeh yaşadığı Mahmudavar kəndinə aparıb ondan 2850 manat pulu tələb etmişdir. Elvir onlara 5 gün vaxt vermələrini xahiş etmiş, həmin müddətdə maşını satıb pullarını qaytaracağını bildirmişdir. Lakin, bu günə qədər pulunu ala bilməmişdir. xx.xx.2024-cü il tarixində Masallı rayon Boradigah Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh izahatında yaxın vaxtlarda onun pulunu qaytaracağını bildirmişdir. Polis işin mülki xarakterli olduğunu bildirmişdir. Hər dəfə 50 manat ödəməklə yerlisi X8 ilə 10 dəfə Masallı rayonuna gəlməli olmuşdur. Bundan əlavə, həmin gəl-get vaxtlarında 200 manat əlavə xərc çəkmişdir. Eyni zamanda, bu müddət ərzində hədsiz dərəcədə əsəb, stress keçirmiş, bunun da nəticəsində səhhətində müəyyən problemlər yaranmışdır. Cavabdeh buna görə ona 500 manat ödəməlidir. O, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərək məhkəmə iclası zamanı işdə olacağı səbəbindən məhkəmədə iştirak edə bilməyəcəyini bildirərək, onun iştirakı olmadan işə baxıb qərar verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Biləsuvar rayonu, Cəbrayıl qəsəbəsi ev 162-də qeydiyyatda olan və yaşayan İddiaçı DİN-nin 102 xidməti zəng mərkəzinə etdiyi müraciəti əsasən araşdırma aparılmış, tərəflərin arasındakı mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanılması rədd edilmiş, tərəflərə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Həmin araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Ruhin İsmayılov və İddiaçı onun yaşadığı Mahmudavar kəndinə gəlmişlər və VAZ 21013 markalı qara rəngli **-BH-*** qeydiyyat nömrə nişanlı avtomaşın danışıqları əsasında 2850 manat pula satmışdır. Ancaq onun etibarnaməsinin vaxtı az qaldığı üçün 25 günlük sürmək üçün İddiaçı tanışı Ruhin İsmayılova etibarnamə vermişdir. Sonradan avtomobilin üzərində həbs olduğu müəyyən edildiyindən avtomobili ona qaytamışlar. O, Ruhin İsmayılov və İddiaçı avtomobili satıb pulunu qaytaracağına söz vermişdir. Hal-hazıradək İddiaçı aldığı 2850 manat pulu qaytara bilməmişdir. BD300869 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 21013 markalı qara rəngli **-BH-*** qeydiyyat nömrə nişanlı avtomaşın xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamədən görünür ki, X4 VAZ 21013 markalı, **-BH-*** qeydiyyat nömrə nişanlı avtomobili X5 nəqliyyat vasitəsini idarə etmək üçün etibar etmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixdədək qüvvədə olmuşdur. Əsaslandırıcı hissə: İddia ərizəsinə məhkəmədə baxılarkən işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh X1 mülkiyyətində olan VAZ 21013 markalı qara rəngli **-BH-*** qeydiyyat nömrə nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə İddiaçı satmaq məqsədi ilə şifahi qaydada razılaşaraq, sonuncunun tanışı X6 etibarnamə əsasında sahibliyinə vermiş, lakin tərəflərin arasında nəzərdə tutulmuş formada avtomobilin alqı-satqı müqaviləsi bağlanmamışdır. Sonradan İddiaçı avtomobilin üzərində həbs olduğundan cavabdehə qaytarmış, sonuncu avtomobili qəbul edərək pulu tezliklə qaytaracağına söz vermiş, avtomobilin dəyəri olan 2850 manat pulu hal-hazıradək ona qaytarmamışdır. İşin mübahisəli halları müəyyən edilməmişdir. Məhkəmə qeyd edilən mübahisə ilə əlaqədar əvvəlcə Mülki Məcəllənin avtomobilin alqı-satqı müqaviləsinə dair aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla tərəflər arasında nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsinin bağlanmadığı müəyyən olunmuşdur. Belə ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (MM-nin 389.1. 389.2. 390.1. 390.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Qeyd edilən Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Prezidentinin 564 saylı, xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”na əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Göründüyü kimi, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə şifahi alqı-satqı yolu ilə deyil, mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə əməl edilməklə bağlanmalı idi. Bu səbəbdən də qeyd edilən tələblərə riayət edilmədən tərəflərin nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı şifahi razılaşması qarşılıqlı öhdəlikləri yaratmamışdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh satmaq niyyəti ilə avtomobili iddiaçının sahibliyinə versə də, iddiaçının həmin əmlak üzərində mülkiyyət hüquqlarını yaratmamışdır. Lakin, tərəflər arasında müqavilə münasibətləri yaranmadığından, iddiaçının qeyd edilən avtomobilin alqı-satqısı məqsədi ilə 2850 manatı ödəməsi işin faktiki halları ilə tam təsdiq edildiyindən onun tərəfindən heç bir hüquqi əsas olmadan cavabdehə verdiyi pul sonuncunun əsassız varlanmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[771] 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;[772] 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə avtomobilin alqı-satqısı məqsədi ilə pulu verməsi və cavabdehin ona 2850 manat borcunu qaytarmadığı tam şəkildə sübut edilmişdir. Belə ki, cavabdeh hələ məhkəməyəqədər polis şöbəsində araşdırma aparıldığı zaman izahatında iddiaçıya tələb edilən məbləğdə borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin polis şöbəsində verdiyi izahatını da əsas götürərək iddia tələbinin əsasını təşkil edən mötəbər sübut kimi qəbul edir. Məhkəmə iddia ərizəsində gedib gəlməyi üçün yol xərci olaraq ödədiyi 500 manat, əlavə xərc olaraq 200 manat pul tələbi ilə bağlı qeyd edir ki, iddiaçı həmin tələblərə görə qeyd edilən məbləğdə pulun ödənilməsini təsdiq edən sübutları (ödəniş çeki, qəbz) məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edilən səbəblərdən hesab edir ki, iddiaçı həmin xərclərlə bağlı tələbini sübut edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə 500 manat mənəvi ziyan tələbinə münasibətdə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin bəndin 2-ci abzasına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin faktiki hallarına əsasən cavabdehin pulu qaytarmamaqdan ibarət hərəkəti mövcud olmuş, lakin cavabdehin iddiaçıya mənəvi ziyan vurması sübuta yetmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi kimi başa düşülməlidir. İşin hallarından görünür ki, iddiaçı avtomobilin tam dəyərini ödəməsinə baxmayaraq, avtomobili mülkiyyətinə keçirilməsini tələb etməmiş, sürücülük etibarnaməsi əsasında avtomobili alaraq gələcəkdə baş verəcək risqlərdən özünü qorumamışdır. Yəni, sonradan həmin avtomobilin həbslə yüklü olması, iddiaçının özünün könüllü qaydada avtomobili geri qaytarması və sonradan pulunun cavabdeh tərəfindən qaytarılmamasına gətirib çıxaran vəziyyətin yaranmasına iddiaçı birbaşa özü şərait yaratmışdır. Qeyd edilən səbəblərdən iddiaçının iddia ərizəsində göstərdiyi mənəvi ziyanla bağlı tələbi də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh avtomobilin dəyəri kimi ödənilmiş 2850 manat və dövlət rüsumu kimi ödənilmiş 61 manat məbləğində pul vəsaitinin 48.5 manat məbləğində hissəsi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2850 manat və dövlət rüsumu kimi ödənilmiş 61 manat məbləğində pul vəsaitinin 48.5 manat məbləğində hissəsi alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-1264/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1264/2025
16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver