Məhkəmə qərarları › İş №2(050)-1275/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1275/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1275/2024 11.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6000 manat və dövlət rüsumuna görə ödənilmiş 80 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qardaşıdır. Qardaşı xeyir iş görəcəyini deyərək ondan borc pul istəmiş, o, da qardaşı olduğunu nəzərə alıb ona 6000 manat borc vermişdir. Elxan pul aldığı zaman qısa zamanda qaytaracağını demişdir. Lakin pulu qaytarmamışdır. Ona pulun verilməsini rəsmiləşdirməyi təklif etmiş, Elxan ona mediasiya qrumuna gedərək orada barışıq sazişi imzalamağı təklif etmişdir. O, da razılaşmışdır. Birlikdə mediasiyaya getmişlər və orada xx.xx.2023-cü ildə barışıq sazişi bağlamışdılar. Sazişə görə Elxan ondan aldığı 6000 manat pulu 6 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin vaxtdan keçməsinə baxmayaraq, cavabdeh aldığı pulu qaytarmamışdır. Ona görə də, məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinin məzmunun uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişini Cavabdeh çatdırılması üçün onun yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Cavabdeh tərəfindən imzalanmış məhkəməyə poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizədə göstərilmişdir ki, 05 dekabr 2023-cü il tarixdə Qızqayıdın qardaşı qızının evində saat 12:00-da 60 ədəd yüz manatlıq şəklində 6000 manat pulu həyat yoldaşı X1 tərəfindən İddiaçı qaytarılmışdır. Həmin vaxt Qızqayıdın qardaşı qızının əri Teymurov Əmənulla, qardaşı qızı Əzizova Töhfə, qardaşı oğlanları iştirak etmişdilər. Pulu alan zaman Qızqayıd demişdir ki, Elxandan alınan pulu onlara deməyin. Çünki əlindən alıb maşın almaq istəyir. Bacısı əri Quliyev Firqan pulu öz evində gizlədəcək. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını dinələyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-02125 saylı barışıq sazişində göstərilir ki, ikinci tərəf Cavabdeh bu saziş imzalandıqdan sonra İddiaçı ödəməli olduğu 6000 manat borc pulunu 6 ay ərzində hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən imzalanmış məhkəməyə poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizədə göstərilmişdir ki, 05 dekabr 2023-cü il tarixdə Qızqayıdın qardaşı qızının evində saat 12:00-da 60 ədəd yüz manatlıq şəklində 6000 manat pulu həyat yoldaşı X1 tərəfindən İddiaçı qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Qanunvericilik mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda hüququ pozulmuş şəxsi iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (739.2). Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır (742.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Məhkəmə qeyd edir ki, barışıq sazişi əqddir. Tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli, MŞL/MT014/2023-02125 saylı barışıq sazişi onu deməyə əsas verir ki, Cavabdeh İddiaçı 6000 manat borc pul almış və saziş imzalandıqdan sonra aldığı pulu 6 ay ərzində hissə-hissə ödəmək barədə öhdəlik götürmüşdür. Pulun alınması cavabdeh tərəfindən imzalanmış məhkəməyə poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizədə də sonuncu tərəfindən etiraf edilmiş, lakin cavabdeh aldığı 6000 manat pulun iddiaçıya qaytarmasını bildirmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mübahisə üzrə cavabdeh aldığı pulun qaytarmasını sübut etməlidir. Lakin bununla bağlı onun tərəfindən sübut təqdim edilməmişdir. Beləliklə, cavabdeh öhdəliyini icra etməyərək borc aldığı pulu qaytarmamışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 6000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 6000 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 80 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar