Məhkəmə qərarları › İş №2(050)-1282/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1282/2024

13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1282/2024 13.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 20 yanvar 2008-ci il təvəllüdlü Əliyeva Xədicə Aur qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat alimentin, uşağın xəstəliyi ilə bağlı əlavə 150 manat, uşağa baxmağına görə 150 manat, cəmi 535 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti ilə toy edərək ailə qurmuşlar. Nikahlarını xx.xx.2006-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 21 may 2004-cü il təvəllüdlü X5 və 20 yanvar 2008-ci il təvəllüdlü Əliyeva Xədicə Aur qızı adlı uşaqları doğulmuşdur. X1 anadan olandan xəstə olmuşdur. Münasibətləri pozulduğundan ayrılmışlar. Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar onun yanında saxlanılmış və uşaqların saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Uşaqlardan 21 may 2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatmışdır. Anadangəlmə xəstə olan uşağı 20 yanvar 2008-ci il təvəllüdlü Əliyeva Xədicə Aur qızına müəyyən olunmuş 100 manat aliment uşağın təlabatının ödənilməsinə, dərmanlarının alınmasına kifayət etmir. Özü də xəstə uşağa baxdığından heç ber yerdə işləyə bilmir. Ona görə də müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 20 yanvar 2008-ci il təvəllüdlü Əliyeva Xədicə Aur qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat alimentin, uşağın xəstəliyi ilə bağlı əlavə 150 manat, uşağa baxmağına görə 150 manat, cəmi 535 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, övladı 20 yanvar 2008-ci il təvəllüdlü Əliyeva Xədicə Aur qızı xəstədir, onunla birlikdə yaşayır. Uşağın saxlanılması üçün 235 manat aliment tələb edir. Uşağa baxdığına görə işləmir. Cavabdeh usta işləyir, qazancı vardır. Cavabdehin 2000 manata yaxın aliment borcu var. Dövlət tərəfindən uşağın xəstəliyinə görə 200 manat, uşağa baxdığına görə isə 100 manat müavinət verilir. Uşağı xəstəliyi ilə bağlı müalicə üçün Masallı rayonunda yerləşən tibb müəssisəsinə gətirir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə iclasının katibi tərəfindən telefon vasitəsi ilə də məlumat verilməş və bununla bağlı telefonqramma tərtib edilmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 oktyabr 2015-ci il tarixli, 2(050)-1479/2015 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah qeydi pozulmuş, cavabdehdən 05 iyun 2015-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 21 may 2004-cü il təvəllüdlü X3 və 20 yanvar 2008-ci il təvəllüdlü Əliyeva Xədicə Aur qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, 20 yanvar 2008-ci il təvəllüdlü Əliyeva Xədicə Aur qızı “uşaq serebral iflici, ətrafların tetraparezi, ikitərəfli çox ağır sensonevral ağıreşitmə və dərin ağıl zəifliyi” diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaqdır, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2026-cı ildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə aliment miqdarını müəyyən edərkən, tərəflərin ailə və maddi vəziyyətini, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli qətnaməsinin qəbulundan 8 ildən artıq bir müddətin keçməsini və bu müddət ərzində uşağın böyüdükcə artan tələbatlarını, dünyada baş verən hadisələrlə bağlı ölkədə də baş vermiş müəyyən qiymət artımını, yaşayış minimumu uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özüözlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini, uşağın cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını, məhkəmə qətnamə çıxararkən tərəflərin əsaslı mənafelərini və diqqətəlayiq digər halları nəzərə alaraq ödənilməli olan alimentin miqdarının 200 manat sabit pul məbləğində müəyyən olunmasını uşağın hüquq və mənafelərinə uyğun hesab edir. Cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. Yetər ki, cavabdeh üçün övladı ön planda olsun. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8 saylı Qərarının 8-ci maddəsinin 14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin övladı - 20 yanvar 2008-ci il təvəllüdlü Əliyeva Xədicə Aur qızı sağlamlıq imkanları məhdud uşaqdır, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti üzrə növbəti qiymətləndirmə müvafiq icra hakimiyyəti orqanı tərəfindən xx.xx.2026-cı il müəyyən edilmişdir. İddiaçıya sağlamlıq imkanları məhdud uşağı ilə bağlı 300 manat müavinət verilir. İddiaçının bildirməsinə görə uşağı xəstəliyi ilə bağlı müalicə üçün Masallı rayonunda yerləşən tibb müəssisəsinə gətirir. Məhkəmə qeyd edir ki, cavabdeh sağlamlıq imkanları məhdud uşağı ilə bağlı əlavə xərclərə cəlb olunmalıdır. Lakin məhkəmə nəzərə alır ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın müalicə xərclərinin qarşılanması üçün ayda 150 manat məbləğində pulun ödənilməsini xahiş etsə də, xərclərin ayda həqiqətən də 150 manat təşkil etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin məhkəmə uşağın xəstəliyi ilə bağlı iddiaçı tərəfindən təqdim olunmuş sübutu, həqiqətən də bu xəstəliyin müalicəsi ilə bağlı vəsaitin tələb olunduğunu, habelə əlavə xərclərdə hər bir valideynin iştirak etməli olduğunu, tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə almaqla hesab edir ki, müalicə ilə bağlı xərclərin məbləği 30 manat və tutulma müddəti xx.xx.2026-cı ilədək müəyyən edilməlidir. Eyni zamanda məhkəmə iddiaçıya izah edir ki, uşağın müalicəsi ilə bağlı tutulan əlavə xərcin miqdarının artırılması üçün əsas olarsa və ya uşağın müalicəsi göstərilən müddətdən sonra da davam edərsə bununla bağlı o, məhkəməyə müraciət edə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı aliment öhdəliyi olduğu üçün uşağın müalicəsi ilə bağlı tutulan əlavə xərc iddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 12 mart 2024-cü il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalı və qətnamə həmin hissədə dərhal icra edilməlidir. Məhkəmə iddiaçının - uşağa baxmağına görə cavabdehdən özü üçün 150 manat aliment tutulması ilə bağlı tələbinə münasibətdə isə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad-uşaq 18 yaşına çatana qədər; 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Normanın məzmunundan görünür ki, maddi yardımın tələb olunması üçün digər tərəfin zəruri vəsaitə malik olması əsas şərt kimi qeyd olunmuşdur. Lakin iddiaçı cavabdehin maddi yardımın göstərilməsi üçün zəruri vəsaitə malik olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə 20 yanvar 2008-ci il təvəllüdlü Əliyeva Xədicə Aur qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilsin və həmin məbləğ Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub uşaq yetkinlik yaşına çatanadək İddiaçı verilsin. 12 mart 2023-cü il tarixdən başlayaraq 20 yanvar 2008-ci il təvəllüdlü Əliyeva Xədicə Aur qızının müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Cavabdeh hər ay 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə pul vəsaitinin tutulma müddəti xx.xx.2026-cı ilədək müəyyən edilsin. X4 Aur qızının müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Cavabdeh 12 mart 2023-cü il tarixdən başlayaraq hər ay 30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissədə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. 35.6 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar