Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1294/2025 05.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi ziyana görə 3000 manat və dövlət rüsumuna görə 50 manat pul alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02 iyul 2024-cü il tarixdə, saat 15:30 radələrində yaşadığı Masallı rayonu, Qəriblər kəndində ona məxsus inək gəlini Nərminə Abdullayeva tərəfindən yolun kənarı ilə yaşayış məntəqəsində evə gətirilərkən Cavabdeh tərəfindən idarə olunan “Kia Stringer” minik markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ ehtiyyat hissəsində vurulmuş və nəticədə avtomobilin sağ hissəsi əzilmiş, inək isə bir neçə saat sonra ölmüşdür. Hadisə baş verən zaman Cavabdeh hadisə yerindən qaçmış, “Turist” istirahət mərkəzinin həyətində gizlənmiş, o və həmkəndlisi X2 onun idarə etdiyi VAZ 21074 markalı avtomobillə onun arxasınca gedib onu “Turist” istirahət mərkəzinin həyətində tapmışlar. Sonra o, hadisə yerinə gətirilmiş və baş vermiş hadisə barəsində DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra YPX-nin Fərəməz və Azər adlı əməkdaşları həmin yerə gəlmiş, lakin həmin zaman hadisə yerinin sxemi çəkilməmiş və avtomobili cərimə meydançasına aparmamışlar. Təkrarən 102 xidmətinə məlumat verildikdən sonra avtomobil duracağa yerləşdirilmiş və araşdırılma başlanılmışdır. Lakin, araşdırma düzgün və qanuni aparılmamış, bir sıra saxtakarlıqlar edilmişdir. Buna görə də onun inzibati məsuliyyətə cəlb olunması barədə 18 iyul 2024-cü il tarixli qərardan məhkəməyə şikayət etmiş və Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(050)-1639/2024 saylı qərarına əsasən onun əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilmişdir. Həmin qərar qüvvəyə minmiş və apellyasiya şikayəti verilməmişdir. Göründüyü kimi hadisədə onun təqsiri olmamış, hadisə Cavabdeh təqsiri ucabtından baş vermişdir. Heyvan yolun kənarında piyadaların hərəkəti hissəsində vurulmuş və heyvanın yanında gəlini Nərminə Abdullayeva olmuşdur. Yəni cavabdehin qeyd etdiyi kimi heyvan nəzarətsiz olmamış, heyvanın yanında gəlini olmuş, heyvanı nəzarət altında evə aparmaq istəmişdir. Lakin cavabdeh heyvanı yolun kənarında vurmuş və bu hal da təsdiq olunmuşdur. Bundan sonra 10 mart 2025-ci il tarixdə Cavabdeh barəsində Azərbaycan Respublikası Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Belə olduqu halda hadisə Cavabdeh təqsiri ucbatıdan baş verdiyi üçün ona dəymiş ziyan ödənilməlidir. Onun heyvanı “Şvis” cinsindən olmaqla diri çəkisi təxminən 500 kq olmuş, təxmini bazar qiyməti isə 3000 manat olmuşdur. Cavabdeh hazırki vaxtadək ona dəymiş ziyanı ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: -Masallı Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 3(050)-1639/2024 saylı qərarından görünür ki, Masallı Rayon Polis şöbəsinin X5 Bölməsinin rəisi, X1 tərəfindən qəbul edilmiş 18 iyul 2024-cü il tarixl, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və İddiaçı barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. -10 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli, UNİ/İ 13-287/2025 saylı ekspert rəyindən görünür ki, bir baş, diri çəkisi 455-500 kq olan, 4 yaşlı (6 aylıq boğaz), xarici (şves) cinsli heyvanın 12 iyun 2025-ci il tarixə orta bazar qiyməti 3500 (üç min beş yüz) manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi 02 iyul 2024-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin təqsiri nəticəsində ona məxsus bir baş, diri çəkisi 455-500 kq olan şves cinsli heyvanının ölməsini və nəticədə ona maddi ziyan vurulduğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh təqsirli, hüquqa zidd əməli (qanunsuz hərəktləri) nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Məhz bu səbəbdən də cavabdehdən vurulmuş ziyana görə 3000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 3050 (üç min əlli) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Həmçinin, ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-1294/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1294/2025
05.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver