Məhkəmə qərarları › İş №2(050)-13/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-13/2024

23.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-13/2024 23.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zərərə görə 9000 manat və dövlət rüsumu qismində ödənilmiş 100 manat, cəmi 9100 manat pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır. Mənzili təmirsiz vəziyyətdə olduğundan cari ilin təxminən may-iyun aylarında “Facebook” sosial şəbəkəsində sonradan adları və soyadları ona məlum olan Cavabdeh2 və Cavabdeh1 ilə tanış olub mənzilin təmiri barədə razılığa gəlmişdilər. Qarşılıqlı razılaşmaya əsasən cavabdehlər təxminən 1 ay müddətində mənzilin dəhlizini, sanitar qovşağını təmir etməli və “Kombi” qızıdırıcı avadanlığı quraşdırmalı, əvəzində isə o, cavabdehlərə 2000 manat xidmət haqqı ödəməli idi. Sonradan işin həcmi artdığından, yəni mətbəxi təmir etməyi qərara aldığından belə bir razılığa gəlmişdilər ki, cavabdehlərin ümumi zəhmət haqqı 3500 manat təşkil edəcəkdir. Beləliklə cavabdehlərə 3500 manat xidmət haqqı və alınan tikinti materiallarının dəyəri daxil olmaqla ümumilikdə 9000 manat məbləğində pul vəsaiti alınmışdır. Cavabdehlər öhdəliklərini lazımi şəkildə yerinə yetirməmişlər, təmir işləri təxminən üç ay davam etmiş və keyfiyyətsiz şəkildə həyata keçirilmişdir. Belə ki, giriş qapısı, dəhlizin və mətbəxin laminatı, su xətləri qüsurlarla quraşdırılmış, laminat, suvaq, oboylar səliqəsiz vurulmuşdur. “Kombi” qızıdırıcı avadanlığı nasaz işləyir, su tam qızmır, gəlmir və sair. Bununla yanaşı alınan materialların bir çoxu artıq qalmaqla zədəli vəziyyətdə mənzildə atılmışdır. Yəni, zərurətdən artıq materiallar alınmış və nəticədə lüzümsüz xərclər çəkməli olmuşdur. Dəfələrlə etdikləri danışıqlara baxmayaraq, cavabdehlər nə pulu qaytarmışlar, nədə ki, qüsurları aradan qaldırmışlar. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097.1, 1113, 1128.1 və 1129.2-ci maddələrinə istinad edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs anasıdır. Anasının tapşırığı ilə onun evinin təmir edilməsi ilə məşğul olmuş, “Facebook” sosial şəbəkəsində “Namaz” adlı şəxslə sonradan adı və soyadı ona məlum olan Cavabdeh1 ilə mənzilin təmiri ilə bağlı danışmışdır. Məsmud ona mənzilə gəlib baxılacağını bildirmiş, ona ünvanı demiş, Cavabdeh1 və Cavabdeh2 görüləcək işlə bağlı təmir ediləcək mənzilə gəlib baxmışdılar. İlkin olaraq mənzilin dəhlizi, hamam və tualetin təmir edilməsi ilə bağlı raşılaşmışlar, sonradan isə əlavə mətbəxin təmiri, qızıdıcı sisteminin quraşdırılması və sair işlərin görülməsi ilə bağlı razılığa gəlmişdilər. Mənzilin təmiri ilə bağlı danışıqlar hər iki cavabdeh ilə aparılmışdır. Cavabdeh1 mənzilin təmiri ilə bağlı görüləcək işə baxılması ilə bağlı gəldikdən sonra onlara gəlməmişdir. Bununla bağlı Məsmuddan soruşmuş və sonuncu ona demişdir ki, o, gəlməyəcək, işi Valehgil görəcək. Bütün təmir işləri Valeh və ona kömək edən əlavə 2 fəhlə tərəfindən görülmüş, zəhmət haqqı Valehə verilmişdir. Məsmuda pul verilməmişdir. Mənzilin təmiri ilə bağlı mal-materialı Valeh ilə gedərək almışdır. Müəyyən vaxtlarda Valeh də verilmiş pul ilə mal-material almışdır. Görülmüş işlərə görə dəqiq yadında deyil, təxmini 3500-4000 manat Valehə zəhmət haqqı verilmişdir. Ustanın sifarişi əsasında artıq mal-material alınmış və onlar yerindədir. Təmir işləri keyfiyyətli görülməmişdir. Anası birinci dərəcəli əlil olmaqla yaşlı olduğundan, həm də təmir işlərindən başı çıxmadığı üçün ilkin olaraq təmir işlərinin keyfiyyətsiz görüldüyünü bilməmiş, 10-15 gün sonra zəng vurularaq, təmir işlərindən nöqsanların olduğu bildirilmiş və aradan qaldırılması tələb edilmiş, məsələ ilə bağlı Polisə şikayət olunmuşdur. Ümumən zəhmət haqqı və mal-material daxil olmaqla cavabdehlərin hərəkətləri nəticəsində 9000 manat məbləğində zərər dəymişdir. Ekspert rəyləri də təmir işlərinin keyfiyyətsiz görülməsini və zərər dəyməsini sübut edir. Baş vermiş problem ilə bağlı cavabdehlər ilə əlaqə saxlanılmış, qarşı tərəf nə yaranmış problemi aradan qaldırmış, nədə ki, dəymiş zərəri ödəmişdir. Sonda Nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin teleqramla müraciət edərək, məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəməyə gəlməmişdilər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişini Cavabdeh1 çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına; Cavabdeh2 çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanına da göndərmişdir. Həmçinin, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsi üçün onun məhkəməyə verdiyi (050/055)-424-09-64 nömrələrinə zəng vurulmuş, lakin həmin nömrələrə zəng çatmamışdır. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, Cavabdeh1 ona bildirmişdir ki, mənzilin təmiri ilə bağlı iş var. Gedək işə baxaq, götürüb birlikdə işləyək. Əsas usta özüdür. Görülmüş işlə bağlı əldə edilmiş qazanc onunla Məsud arasında bölünməli idi. Məsud ilə aralarında ilkin olaraq belə razılaşmışdılar. Məsud ilə birlikdə təmir olunası mənzilə getmişlər, görüləsi işlər onlara bildirilmiş, o, isə bununla bağlı zəhmət haqqı olaraq 3500 manat pul veriləcəyini bildirmişdir. Şeyda xanım imkan olmadığını bildirmiş, o, da zəhmət haqqı olaraq 2000 manata razılaşmışdır. Mənzildən çıxdıqdan sonra Məsud ona bildirmişdir ki, çox pula danışılmadı, işləri özün görərsən. Səhəri gün o və ona kömək üçün apardığı 2 fəhlə mənzilə gedərək, təmir işlərinə başlamışdılar. İddiaçı bildirmişdir ki, Məsud gəlməyəcək, təmir işlərini o, görəcəkdir. Sümər xanım da ona kimin işləməsinin fərqinin olmamasını, işinin görülməsini bildirmişdir. Bütün təmir işləri onun tərəfindən görülmüş, ona özü ilə gətirdiyi 2 fəhlə kömək etmiş, zəhmət haqqı ona verilmişdir. Mənzilin təmiri ilə bağlı dəqiq xatırlamır 3600 və ya 3800 manat məbləğində mal-material alınmışdır. Divar kagızlarını qarşı tərəf almışdır. İşlər görüldükcə yeni işlər çıxmış və qarşı tərəf həmin işlərin də görülməsini istəmişdir. Belə ki, əlavə olaraq qarşılıqlı razılıq əsasında 400 manat müqabilində elektrik xətləri, 400 manat müqabilində istilik sistemi çəkilmiş və 400 manat müqabilində zal adlandırılan otaq təmir edilmişdir. Ümumən görüləsi işlərə görə zəhmət haqqı olaraq 3200 manat razılaşmışdılar. Razılaşdırılmış 3200 manat puldan da 300 manatını almamış, 2900 manat zəhmət haqqı almışdır. Alınmış mal-materialdan artıq ona görə qalmışdır ki, ev sahibi demişdir ki, sonradan gəlib əlavə iş görəcəksən. Sonra onlar ona iş görmək üçün zəng etməmişlər. Onların əlavə dediyi iş barədə razılığa gəlməmişdilər. Alınan materialları qaytarmaq üçün onlara demişdir ki, nə vaxt istəsəniz alınmış yerə aparıb qaytara bilərlər. Lakin onlar bu barədə ona heç nə deməmişdilər. Mənzili təmir edərək, 2022-ci ilin iyun ayında təhvil vermişdir. Əgər görülmüş işlərdə hər hansı bir qüsur olsaydı, zəhmət haqqı və təmir işlərinin görülməsi üçün alətləri ona verilməzdi. Ekspert rəyi ilə razı deyil. Onun iştirakı olmadan ekspertiza keçirilmişdir. Sonda Cavabdeh2 iddianın rədd edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, Məsmud adı onun baba adıdır, hər kəs onu Namaz adı ilə tanıyır. İddiaçının qızı Nümayəndə “Facebook” sosial şəbəkəsində mənzilin təmiri ilə bağlı usta axtarması barədə yazmışdır. O, da işi görə biləcəyini yazmışdır. Bir müddət sonra Şeyda xanım ona işə başlamaq istədiklərini bildirmiş, o, da Valehə zəng edərək, iş olduğunu və evə baxmaq üçün getmək lazım olduğunu bildirmişdir. Valeh ilə birlikdə təmir işlərinin görüləcəyi mənzilə getmişdilər. Görüləcək işlərə görə 2000 manat zəhmət haqqı danışılmışdır. Mənzildən çıxdıqdan sonra Valehə bildirmişdir ki, 2000 manata ucuz danışıldı, o, işləyə bilməyəcək, özün tək işlə və çıxıb getmişdir. Mənzildə olarkən ev sahibinə təmir işlərinin onun tərəfindən görülmədiyini deməmişdir. Mənzil onun tərəfindən təmir edilməmiş və alınmış puldan ona verilməmişdir. Sonradan iş qurtardıqdan sonra Şeyda xanım ona bildirmişdir ki, bizə gələ bilərsən? O, isə bunun səbəbini soruşmuşdur. Qarşı tərəf təmir işlərinin yaxşı görülmədiyini bildirmişdir. Bir gün həmin mənzilə getmiş, qarşı tərəf ona işin keyfiyyətsiz görüldüyünü və artıq qalmış boruları göstərərək onlara lazımsız yerə əlavə materiallar aldırdıqlarını bildirmişdir. Əlavə olaraq soyducunun altında laminatın qalxdığı bildirilmiş, o, da demişdir ki, Valehə deyər, gəlib düzəldər, problemi həll edər. Bu barədə Valehə demiş, Valeh ona başqa yerdə işlədiyini, ona işlədiyi yerdə boru lazım olduğunu, lazım olarsa evdə qalan boruları pul qarşılığında qarşı tərəfdən alacağını bildirmişdir. Lakin Şeyda xanım onunla razılaşmamış, hədəqorxu gələrək, onların barəsində polisə şikayət edəcəyini bildirmişdir. Məsələ ilə bağlı Polisə şikayət olunmuşdur. Sonda Cavabdeh1 iddianın rədd edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsinin və cavabdelərhin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsində istifadədə olan 0.5192 ha torpaq sahəsində yerləşən 241 nömrəli, 5 mərtəbəli binada 56.77 kv.m ümumi, 43.77 kv.m yaşayış sahəsindən ibarət 48 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 667 nömrəli reyestr kitabının 61197 nömrəli vərəqində qeydiyyata alınmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-3527/2022 saylı qərardadından görünür ki, iddiaçının nümayəndəsinin ərizəsi əsasında iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında aşagıdakı suallar qoyulmuşdur: 1) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində aparılmış təmir işlərində hər hansı qüsur varmı? 2) Əgər qüsur varsa həmin qusurlar təmir işlərini görən şəxsin qüsurlu (səhv) təmiri nəticəsində yaranmışdır? 3) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təmir işlərinə tam olaraq sərf edilmiş mal-materialın dəyəri nə qədər təşkil edir? 4) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təmiri ilə bağlı görülmüş işlərin zəhmət haqqı nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli, 10/1161 saylı ekspert rəyinin nəticə hissəsində görünür ki, qardadın 1-ci və 2-ci sualları üzrə: Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 214, mənzil 48 ünvanında yerləşən mənzildə görülmüş təmir işlərinin tikinti texnologiyasına uyğun olaraq aparılmadığı (divarlara vurulmuş divar kağızlarının birləşən yerlərində aralanmalar, üst-üstə vurulmalar, laminat örtüyündə şişmə, qabarmalar, plintus və künclərin vurulmasında qüsurlar və.s) müəyyən edilir. Qardadın 3-cü və 4-cü sualları üzrə: ünvan 2 ünvanında yerləşən mənzildə aparılmış təmir işlərinə sərf edilmiş materiallara dair qaimə-faktura sənədləri və görülmüş işlərə dair müqavilə olmadığından həmin işlərə sərf edilmiş vəsaiti müəyyən etmək məqsədilə baxış zamanı əldə olunmuş məlumatlar əsasında aparılmış hesablamalar aparılmaqla həmin mənzildə aparılmış təmir işlərinə sərf olunmuş vəsaitin məbləği (material və usta pulu birlikdə) mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 3818.2 manat məbləğində müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Rəyin təsviri hissəsində smetada döşəməyə laminat vurulması-102 manat, laminat- 266 manat, haşiyə (künclük)-43.2 manat; divar kağızının vurulması-228 manat, divar kağızı-272 manat, yapışdırıcı-21 manat, cəmi 932.2 manat göstərilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-121/2023 saylı qərardadından görünür ki, Cavabdeh2 ərizəsi əsasında iş üzrə əlavə ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında aşagıdakı suallar qoyulmuşdur: 1) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində aparılmış təmir işlərində hər hansı qüsur varmı? 2) Əgər qüsur varsa həmin qusurlar təmir işlərini görən şəxsin qüsurlu (səhv) təmiri nəticəsində yaranmışdır? 3) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təmir işlərinə tam olaraq sərf edilmiş mal-materialın dəyəri nə qədər təşkil edir? 4) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təmiri ilə bağlı görülmüş işlərin zəhmət haqqı nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 10/6924 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, qardadın 1-ci və 2-ci sualları üzrə: ünvan 1 ünvanında yerləşən mənzildə aparılmış təmir işlərinin tikinti texnologiyasına uyğun olaraq aparılmadığı (divarlara vurulmuş divar kağızlarının birləşən yerlərində aralanmalar, üst-üstə vurulmalar, laminat örtüyündə şişmə, qabarmalar, plintus və künclərin vurulmasında qüsurlar və.s) müəyyən edilir. Qardadın 3-cü və 4-cü sualları üzrə: ünvan 2 ünvanında yerləşən mənzildə aparılmış təmir işlərinə sərf olunmuş materialların və əmək haqqının dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 3818.2 manat müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Rəyin təsviri hissəsində smetada döşəməyə laminat vurulması-102 manat, laminat- 266 manat, haşiyə (künclük)-43.2 manat; divar kağızının vurulması-228 manat, divar kağızı-272 manat, yapışdırıcı-21 manat, cəmi 932.2 manat göstərilmişdir. Mülki Məcəllənin müvafiq maddələrinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (maddə 752.1). Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur (maddə 753.1). Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır (maddə 753.2). Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır (maddə 753.3). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (maddə 762.1 və 762.2). Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər (maddə 763.1 və 763.2). Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir (maddə 773). Məhkəmə bildirir ki, iddiaçının tələbinin hüquqi əsasını podrat müqaviləsi üzrə yaranmış hüquq münasibəti çərçivəsində vurulmuş zərərin ödənilməsi tələbi təşkil edir. İşin araşdırılması zamanı iddiaçının iş üzrə cavabdeh olan Cavabdeh1 ilə podrat müqaviləsinin bağlanılması, onun tərəfindən sifarişçi qarşısında hər hansı işin görülməsi üçün öhdəlik götürülməsi, görülmüş işə görə ona muzd ödənilməsi və ya alınmış muzddan ona hər hansı bir vəsaitin verilməsi müəyyən edilməmişdir. Hər bir halda sübutların bölgüsü baxımından qeyd edilən xüsusatları iddiaçı sübut etməlidir. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, “...Səhəri gün o və ona kömək üçün apardığı 2 fəhlə mənzilə gedərək, təmir işlərinə başlamışdılar. İddiaçı bildirmişdir ki, Məsud gəlməyəcək, təmir işlərini o, görəcəkdir. Sümər xanım da ona kimin işləməsinin fərqinin olmamasını, işinin görülməsini bildirmişdir.” “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Hər bir halda hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, Cavabdeh1 iddiaçı qarşısında nə qanun, nə də müqavilədən irəli gələn hər hansı bir öhdəliyi yaranmadığından iddia ona münasibətdə təmin edilməməlidir. Məhkəmə iddia üzrə digər Cavabdeh2 münasibətdə isə bildirir ki, iddiaçı ilə onun arasında mənzilin təmiri ilə bağlı şifahi podrat müqaviləsi bağlanmış, onun tərəfindən təmir işləri görülmüş, bunun müqabilində ona muzd ödənilmiş, ekspert rəyləri ilə müəyyən edilmişdir ki, görülmüş işlərdə qüsurlar var, yaranmış problem ilə bağlı qarşı tərəfə və hüquq mühafizə orqanına müraciət edilmiş, qüsurlar aradan qaldırılmamış, ekspertiza tədqiqatı ilə bağlı cavabdehlərə məlumat verilsədə, onlar iştirak etməmişdilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli, 10/1161 saylı və 12 yanvar 2024-cü il tarixli, 10/6924 saylı ekspert rəylərindən görünür ki, ekspert qarşısında qoyulmuş sualların cavablandırılması üçün təmir işlərinin görüldüyü mənzilə baxış keçirilmiş, mənzildə aparılmış təmir işlərinin tikinti texnologiyasına uyğun olaraq aparılmadığı (divarlara vurulmuş divar kağızlarının birləşən yerlərində aralanmalar, üst-üstə vurulmalar, laminat örtüyündə şişmə, qabarmalar, plintus və künclərin vurulmasında qüsurlar və.s); mənzildə aparılmış təmir işlərinə sərf olunmuş materialların və əmək haqqının dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 3818.2 manat olması müəyyən olunmuşdur. Hər 2 ekspert rəyində qüsur kimi - döşəməyə laminat vurulması-102 manat, laminat-266 manat, haşiyə (künclük)-43.2 manat; divar kağızının vurulması-228 manat, divar kağızı-272 manat, yapışdırıcı-21 manat göstərilmiş və onlarla bağlı xərcin 932.2 manat olması müəyyən edilmişdir. Podrat müqaviləsinə görə tərəflər müqavilə azadlığına və iradə sərbəstliyinə əsaslanaraq görüləcək işlərə görə könüllü şəkildə müqavilə məbləği müəyyən etmişlər. Məntiqi baxımından əgər yuxarıda göstərilmiş qüsurlar olmasaydı, tərəflər arasında görülmüş işlə bağlı hər hansı bir problem olmayacaqdır. Həmin qüsurlar yuxarıda göstərilənlərdən ibarətdir və onlar ilə bağlı xərc isə hər 2 ekspert rəyinə əsasən 932.2 manat təşkil edir. Görülmüş işlərdə hər hansı digər bir qüsurun olması iddiaçı tərəfindən sübuta yetirilməmiş və ya işdə olan sübutlarla bu təsdiqini tapmır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçının ustanın sifarişi əsasında artıq mal-materialın alınması və buna görə də ziyana düşməsinə münasibətdə bildirir ki, mənzilin təmiri ilə bağlı alınmış malmaterialdan artıq qalmasını Cavabdeh2 da məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Lakin həmin mal-materialların nələrdən ibarət olması, onların dəyərləri, tələb edilən ümumi 9000 manat zərərdən hansı məbləğdə həmin hissə üzrə tələb edildiyi göstərilmədiyindən, yəni həmin hissədə tələb qeyri-müəyyən olduğundan əsaslı hesab edilə bilməz. Hansı ki, həmin hallar birbaşa işə təsir edəcək hallardır. Məhkəmə, həmçinin nəzərə alır ki, iddiaçı həmin hal ilə bağlı göstərilmiş nöqsanları nəzərə almaqla ümumi qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, 932.2 manat pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. MPM-in 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş pul vəsaitinin 30 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, ekspertiza tədqiqatlarının dəyərləri olan 200 manat pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 932.2 manat pul Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumuna görə ödənilmiş pul vəsaitinin 30 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatlarının dəyərləri olan 200 manat pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar