Məhkəmə qərarları › İş №2(050)-135/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-135/2023

15.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-135/2023 15.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə. İddiaçı Cavabdeh qarşı 4500 manat maddi ziyan tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 4500 manat maddi zərərin və dövlət rüsumunun ödənilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin oktyabr-noyabr aylarında yaşadığı kənddə özünə məxsus yaşayış evi və həyətində olan saraya suvaq vurdurmaq üçün tanışlarından usta maraqlanmış və ona cavabdehi məsləhət görmüşlər. Cavabdeh ilk öncə evinin çöldən beton örtüyünü bərkitmək üçün yerdən evə 40 sm beton tökmüş, su axarı qoymuş və su damcıları tökülməsin deyə evə 40 sm suvaq vurmuşdur. Cavabdeh işi qurtardıqdan sonra həyətə piltə vurmağı bacarmasını demiş, onunla razılaşmışlar, həyətə və evin 1-ci mərtəbəsinə daş piltə vurmağa başlamışdır. Həyətə düzülən daş piltələri 185 kv.m cavabdeh hər kv.m 5.50 manata almış, evin 1-ci mərtəbəsinə düzülən 40 kv.m daş piltəni isə özü 10.5 manata almışdır. Həyət düzülən piltələrə sement və qumu cavabdeh gətirmiş, pulunu isə o vermişdir. Cavabdeh suvağın 1 kv.m-nə zəhmət haqqı 3 manatdan, həyətə və evin 1-ci mərtəbəsinə düzülən piltənin 1 kv.m-nə isə 5 manatdan zəhmət haqqı almışdır. Həyətə düzülən 185 kv.m (185x5=925, evin 1-ci mərtəbəsi 40x5=200) 925 manat, evin 1-ci mərtəbəsinə düzdüyü piltəyə görə 200 manat zəhmət haqqı almışdır. Cavabdeh işini görün qurtardıqdan sonra oğlu ilə Rusiyaya getmişdir. 2022-ci ilin aprel ayında Azərbaycana qayıtdıqda evinə gələndə görmüşdür ki, həyətə düzülən daş piltələr çartlayıb, çoxu yerindən qopub və yararsız hala düşmüşdür. Evin kənarına tökülən betonlar çartlayıb, evə vurduğu suvaqlar isə tökülür. Həyətə düzülən piltələrin altına vurulmuş beton ovulur və bilinir ki, lazımi qaydada sement vurulmamışdır. Evin 1-ci mərtəbəsinə düzülən daş piltələr isə lazımı səviyyədə əyləmi verilmədiyindən evin altına su yığılır. O, daş piltələrin alınmasına 1017,50 manat, piltələrin vurulmasına 1125 manat, digər qum və sementin alınmasına isə xeyli pul xərcləmişdir. Cavabdehin səhlənkarlığı, səriştəsiz işi nəticəsində ona 4500 manat ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının həyətində suvaq və daş piltələrin düzülməsi işini icra etmişdir, lakin icra etmiş olduğu onun təqsiri ucbatından hər hansı qüsur olmamışdır. Qüsur olsa belə, daş piltələrin keyfiyyətsizliyinə görə olmuş və o, buna görə cavabdehlik daşımır. Həmçinin İddiaçı piltələrin vurulmasından sonra qurumamış onların üzərinə nəqliyyat vasitəsi çıxarmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi işləri o, son dərəcə keyfiyyətli görmüşdür. Onlar 40 sm beton tökmüş və suvaq işləri görmüşlər. Su arxının içinə isə əlavə suvaq işləri görmüşlər. O, iddiaçıya həmin suvaq işlərinə cavabdehlik daşımadığını bildirmiş, iddiaçı isə cavabdehliyin ona məxsus olduğunu bildirmişdir. İddiaçının həyətində piltə işlərini də o, görmüş, lakin piltəni, sementi və qumu o almamışdır. Bütün işini gördükdən sonra iddiaçıya təhvil vermiş, iddiaçı da razılığını bildirmişdir. Əgər iddiaçının aldığı materiallar keyfiyyətsizdirsə, bu onun günahı deyil və buna görə cavabdehlik daşımır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil Cavabdehla eyni əsaslarla çıxış edərək bildridi ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki 30 may 2023-cü il tarixli, 10/1537 saylı rəyindən məlum olur ki; İddiaçı məxsus Masallı rayon, Yeyənkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətinə vurulmuş daşların altının hamarlanma işləri düzgün aparılmadığından, döşənmiş daşların altında boşluqlar olduğundan, həmin daşların (piltələrin) çatladığı və həmin daşların tikinti norma və qaydalarında (tikinti texnologiyasına) uyğun döşənmədiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6845 saylı rəyindən məlum olur ki; İddiaçı məxsus Masallı rayon, Yeyənkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətinə vurulmuş daş piltələrin üzərində müxtəlif çatların olduğunu, bəzi yerlərdə daşlarının üzərinə ağırlıqla təsir etdikdə daşların tərpəndiyini, qopduğunu və həmin daşların altına hamarlanma işlərinin düzgün aparılmadığını, döşənmiş daşların altında boşluqların olması nəzərə alınsa, fərdi yaşayış evinin həyətinə vurulmuş daş piltələr bütünlüklə bərpa olunmalıdır. Smeta üzərinə aparılmış hesablamalar nəticəsində iddiaçı X2 məxsus, Masallı rayon, Yeyənkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətinə vurulmuş daş piltələrdə mövcud qüsurun aradan qaldırılması üçün yararsız halda olan daş piltələrin sökülüb yenidən bərpa edilməsinə mövcud bazar qiymətinə uyğun olaraq 2883 manat vəsaitin tələb olunduğu müəyyən edilir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1.-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6.-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1.-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 755-ci maddəsinə görə podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 762.1.-ci maddəsinin tələbinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 763.1.-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 765-ci maddəsinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən maddi hüquq normalarına və tədqiq olunmuş sübutlara əsasən, yaranmış hüquq münasibəti üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını şərh edərək məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi formada podrat müqaviləsi bağlanmışdır. İşin faktiki halları və tədqiq olunmuş mötəbər, təkzibolunmaz sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh və iddiaçı arasında olan razlaşmaya əsasən, cavabdeh iddiaçının həyətinə piltə düzməli, iddiaçı müzd pülünü ödəməlidir. Təyin edilmiş ekspertiza rəyləri ilə müəyyən olunmuşdur ki, cavabdeh Azər Hüseyov qeyd olunan daşları tikinti norma və qaydalarına (tikinti texnologiyasına) uyğun döşəməmiş, bununla da işini qüsurlu icra etmişdir. Məhz bunun nəticəsində iddiaçıya 2883 manat maddi ziyan dəymişdir. Belə ki, cavabdehin qanuna zidd hərəkəti, həmin hərəkətlə dəymiş maddi ziyan arasında səbəbli əlaqənin mövcuddur. İddia 2883 manat həddində əsaslı olduğu üçün, həmin məbləğə mütənasib olaraq, yəni 48.83 məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə cavabdeh tərəfin etirazlarına hüquqi qiymət verərək qeyd edir ki, etirazın əsasları sübuta yetmir və işdə olan hallarla təkzib olunur. Belə ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, izahatla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticıyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 2883 manat maddi ziyan və dövlət rüsumuna görə 48.83 manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada təqdim edildiyi gündən tərəflər bir ay müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar