Məhkəmə qərarları › İş №2(050)-1395/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1395/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1395/2024 25.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4200 manat və dövlət rüsumu kimi ödənilmiş 63 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə Masallı şəhərində anadan olmuş və hazırda Masallı şəhəri, H.Əliyev prospekti 100 ünvanında yaşayır. Cavabdeh uzun müddətdir ki, tanıyır və onunla aralarında pul məsələsi olmuşdur. Belə ki, ona başqa bir şəxsin borcu olmuş, Cavabdeh də həmin şəxsi tanımış, onunla əlaqələrinin olduğunu və həmin şəxsin ona olan borcunun alınmasına köməklik edə biləcəyini və qarşılığında ona pul verməli olduğunu bildirmişdir. Buna görə də ondan 4200 manat pul almışdır. Həmin pulu alarkən işi görə bilməyəcəyi halda pulu xx.xx.2022-ci il tarixədək tam olaraq geri qaytaracağını bildirmişdir. Lakin, cavabdeh pulu geri qaytarmamış, dəfələrlə tələb etməyinə baxmayaraq nəticəsi olmamışdır. Odur ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh tanımış, qarşı tərəf ona 4200 manat borcu olduğunu yazılı şəkildə, həmçinin telefon danışıqları zamanı etiraf etmişdir. Bundan başqa bu barədə Masallı RPŞ-də araşdırma da aparmışdır. O, Anar Kərimov adlı şəxsə verdiyi, lakın ala bilmədiyi 13080 manat pulun alınmasına köməkliyin göstərilməsi üçün Cavabdeh 4300 manat pul vermiş, sonradan ehtiyacı olduğundan Səfərdən 100 manatı almış, qalan pul isə Səfədə qalmışdır. Həmçinin Səfər borcu ilə qəbz verərkən bilərəkdən soyadını Məmmədov kimi qeyd etmişdir. Qəbzi Səfər şəxsən özü öz xətti ilə yazmışdır. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq ona köməklik etmədiyindən onu alatdığını anlamış və bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Qədiyev (Məmmədov) Səfər Cəfərqulu oğlu tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmış əlyazması qəbzdən görünür ki, o, İddiaçı 4300 manat pul aldığını, aldığı pulu xx.xx.2022-ci il tarixdə qaytaracağını, sözləri özünün yazdığını və imzası ilə təqdiq etdiyini qeyd etmişdir. Qəbz Məmmədov S.C tərəfindən imza edilmişdir. Masallı RPŞ-nin 11 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında İddiaçı 4200 manat pul aldığını və həmin pulun hamısını Anar Kərimova verdiyini göstərmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmiş, CD diskdə qeyd edilmiş İddiaçıla Cavabdeh arasında olan telefon danışıqlarının səs yazılarında Cavabdeh İddiaçı 4200 manat borcu olduğunu dəfələrlə söyləməklə, həmçinin borcu ona qaytaracağını bildirir. Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 63 manat pul ödəmişdir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Qədiyev X2 Fərəc Daməd oğlundan xx.xx.2022-ci il tarixdə 4300 manat almış və aldığı pulu xx.xx.2022-ci il tarixdə qaytaracağına söz versə də, həmin məbləğdən 100 manat pulu iddiaçıya qaytarmış, qalan 4200 manat pulu isə qaytarmamışdır. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də, iddiaya qarşı hər hansı etiraz etməmiş, məhkəməyəqədər polis şöbəsində araşdırma aparıldığı zaman iddiaçıya 4200 manat borcunun olduğunu etiraf etmişdir. Göründüyü kimi, iddia tələbi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh əlyazma yolu ilə kağızda yazaraq borc aldığını bildirməklə zahirən tərəflərin arasında borc müqaviləsinin bağlanması görünsə də, əslində isə işin hallarından görünür ki, İddiaçı qeyd edilən məbləğdə pulu borc kimi deyil, başqa şəxsdə olan pulunun qaytarılmasına köməkliyin edilməsi müqabilində cavabdehə vermişdir. Nəticədə cavabdeh heç bir əsas olmadan varlanmışdır. Ona görə də qeyd edilən mübahisənin hüquqi əsası kimi Mülki Məcəllənin borc müqaviləsi ilə bağlı normaları deyil, əsassız varlanma ilə bağlı normaları tətbiq edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdeh “borcun qaytarılmasına köməklik göstərməsi“ xidmətini həyata keçirəcəyinə söz verərək iddiaçının 4200 manat pulunu ələ keçirmiş, halbuki mülki məcəllədə elə bir xidmət növünün olması, qeyd edilən xidmətin göstərilməsi ilə bağlı müqavilə münasibətlərinin olması nəzərdə tutulmamışdır. Göründüyü kimi, qanuni əsas və ya müqavilə əsası olmadan Qədiyev X2 Fərəc Daməd oğlunun pulunu ələ keçirmişdir. Beləliklə müəyyən edildi ki, Cavabdeh İddiaçı heç bir əsas olmadan 4200 manat pulu alması cavabdeh tərəfindən yazılmış qəbz, telefon danışıqlarının səs yazıları, Polis şöbəsində cavabdehin verdiyi izahatı və digər sübutlarla təsdiq edilmişdir. Məhkəmə əlyazma üsulu ilə yazılmış qəbzdə “Qədiyev“ soyadının əvəzinə X1 yazmasına münasibət bildirərək qeyd edir ki, şəxsin soyad fərqli olsa da, adı və atasının adı düz yazılmışdır. Eyni zamanda şəxs polisə izahat verdiyi zaman izahatında əlyazma vərəqdə yazdığı kimi qeyd edilən məbləğdə pulu iddiaçıdan aldığını etiraf etməsi onu göstərir ki, qeyd edilən əlyazma Cavabdehna məxsus olmuşdur. Eyni zamanda qeyd ediləməlidir ki, hazırki mübahisənin müqavilə əsası kimi həmin əlyazma əsas götürülməmiş, yəni tərəflər arasında borc müqaviləsi bağlanmamış, sadəcə olaraq pulun alınması hissəsində əlyazmanın mətni sübut kimi götürülmüşdür. Ona görə də, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 4200 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 63 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 4200 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 63 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar