Məhkəmə qərarları › İş №2(050)-1427/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1427/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1427/2025 14.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdeh iştirakları ilə. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1000 manat məbləğində pulun alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh oğlu İddiaçı2 iş yoldaşı olmuşdur. Uzun müddətdir ki, aralarında yoldaşlıq münasibətləri olmuş, o da onu bu səbəbdən tanımışdır. Həmin münasibətlərə dayanaraq bir birilərinə qarşı inam, etibar var idi. Belə ki, cavabdeh bir neçə nəfərdən ibarət loteraya oyunu yaratmaq istədiyini, hər ay yığılan pulların püşk vasitəsi ilə seçilən bir şəxsin götürəcəyi ilə bağlı fikrini bildirdi və oğlunu da həmin oyuna qoşulmağı təklif etdi. Onun əməliyyatı ilə əlaqədar olaraq maddi sıxıntıları olduğundan, pula olan ehtiyacıları səbəbindən cavabdehin təklifini qəbul etmişlər. Aralarında yaranmış şifahi razılaşmaya görə hər ay ona qurulmuş növbəlik cədvəlinə uyğun olaraq 200 manat məbləğində pul ödəyəcək, ən son növbə isə oğlunun növbəsi olacaq, pulu ümumi olaraq o götürməlidir. Loteraya oyunun şərtlərinə uyğun olaraq 2024-cü ilin yanvar ayından başlayaraq onlar hər ay cavabdehə 200 manat məbləğində pul ödəməyə başlamışlar. Həmin pulların bəzilərini terminal vasitəsi ilə, bəzilərini oğluna məxsus olan kart hesabında onlayn şəkildə ödəmişlər. Hal-hazırda həmin kartın müddəti ötmüş, yenisi ilə əvəzlənmişdir. Odur ki, həmin kartdan ödənilən ödənişləri çıxartmaq mümkün olmamışdır. 2024-cü ilin oktyabr ayında oğlunun növbəsi çatmış, onlar götürülməli olan məbləği ondan tələb edərkən cavabdeh səbəbsiz bəhanələrlə suallardan qaçır, pulu vermək istəmirdi. Çoxsaylı zənglərdən sonra cavabdeh pula ehtiyacı olduğundan oğluna çatmalı olan pulu özü götürdüyünü, səbrli olmaqlarını yanvar ayının 25-i pulu onlara verəcəyi ilə bağlı söz verdi. Daha dəqiq olaraq 2025-ci ilin yanvar ayının 25-dən sonra bununla bağlı dəfələrlə cavabdeh şəxs olan Cavabdeh ödədikləri pulları geri ödəməyilə bağlı müraciət etsələr də, müraciətləri cavabsız qalmış, ödəməkdən boyun qaçırmışdır. Hətta onun Mingeçevir şəhərində yaşamağına baxmayaraq onun yaşadığı evə gəlmiş, pulu tələb etdikdə özü evdə olmamış, qızı onlarla kobud danışaraq qapını üzlərinə bağlamışdır. Bundan başqa onlar cavabdehə zəng edərkən ona zəngləri, mesajları cavabsız qoymuşdur. Bundan başqa qanunvericiliyin tələblərinə uyğun olaraq o, cavabdehin bu qanunsuz hərəkətləri ilə bağlı DİN 102 xidmətinə zəng vuraraq şikayətini bildirmişdir. Həmin şikayəti üzrə araşdırma aparılan zaman məlum olmuşdur ki, cavabdeh onları heç bir loteraya oyununa qoşmamış, hər ay onlardan öz maddi marağına görə pul atmaqlarını tələb edirdi. Belə ki, onun şikayəti araşdırılması üçün AR DİN SŞPİ-nin 4-cü Polis bölməsiniə göndərilmişdir. Araşdırma zamanı hər birinin izahatları alınmış, cavabdeh ona 1000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Həmçinin o, polis bölməsinə aralarında yaranan danışıqları, səs yazılarını sübut olaraq təqdim etmişdir. Lakin buna baxmayaraq iş materiallarına cavabdehin izahatları, etirafı barədə heç bir yazı əlavə edilməmişdir. Yuxarıda qeyd olunanlarla bağlı cavabdehlə aralarında dəfələrlə sms vasitəsi ilə, səs yazı vasitəsi ilə danışıqları olmuşdur. Həmin səs yazılarından, danışıqlardan görünür ki, cavabdeh onlara qarşı oyun oynamış, pullarını qanunsuz şəkildə mənimsəmişdir. Buna baxmayaraq borcu ödənilmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək bildirdi ki, cavabdeh bir neçə nəfərdən ibarət loteraya oyunu yaratmaq istədiyini bildirmiş və onlarda qoşulmuşlar. Cavabdehə ümumillikdə 1000 manat pul verilmişdir. Lakin onların növbəsi çatanda onlara pul verilməmişdir. Cavabdeh 1000 manat pulun 400 manatını qaytarmışdır. Cavabdehə verilən pul onun oğlu İddiaçı2 olmuşdur. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, ona 1000 manat pul verilmişdir, lakin vaxtında qaytara bilməmişdir. Verilən puldan bir dəfə 400 manat, bir dəfə 150 manat və bir dəfə 50 manat, ümimillikdə 600 manat qaytarmışdır. Qalan pulu da hər ay hissə hissə ödəyəcək. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı1 hazırki iddia ilə bağlı subyektiv hüquqa malik olub-olmamasına münasibətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Sadalanan hüquqi mövqelərdən irəli gələrək məhkəmə hesab edir ki, İddiaçı1 hazırkı iddia üzrə subyektiv hüquqa malik deyildir. Odur ki, iddia İddiaçı1 münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında İddiaçı1 izahat verərək bildirmişdir ki, cavabdehə verilmiş pul oğluna məxsus olmuş və cavabedhə pulu oğlu vermişdir. Mülki qanunvericiliyin tələblərinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir (maddə 427). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olundu ki, tərəflər arasında şifahi şəkildə razılaşdırılmış qaydada lotareya oynanılmışdır. Şərtlərə əsasən İddiaçı2 cavabdehə hər ay 200 manat pul vermiş və son növbə olaraq ona 1000 manat pul qaytarılacaqdır. Lakin cavabdeh tərəfindən İddiaçı2 1000 manat pul məbləğini qaytarmamışdır. İddiaçı tərəfin izahatından görünür ki, 400 manat pul qaytarılmışdır. Lakin cavabdeh 600 manat pulun qaytarılmasını bildirir və izahatlar arasında olan 200 manat fərqi sübut edə bilməmişdir. Halbuki, sübutların bölgüsü baxımından aldığı pulunu qarşı tərəfə verməsini sübut etmək önun vəzifəsidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 600 amant məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin Məcəlləsinin 238-244, 252, 253, 216-220, 227, 233, 238-245, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 600 manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar