Məhkəmə qərarları › İş №2(050)-1440/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1440/2023

12.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1440/2023 12.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan aliment məbləğinin artırılaraq hər ay 250 manat müəyyən edilməklə cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında olan narazılıqlara görə ayrılmışlar. Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(050)- 2068/2020 saylı qətnaməsi ilə xx.xx.2009-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 110 manat məbləğində aliment cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilmişdir. İşləmir, gəliri yoxdur. Həmin aliment məbləği uşağın təlabatının ödənilməsinə kifayət etmir. Cavabdeh pensiya alır, bundan başqa mövsümü meyvə satışı ilə məşğul olmaqla gəlir əldə edir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildi ki, iddiaçı onun qızıdır. Qızı Cəmilə ikinci dəfə ailə həyatı qurmuşdur. Nəvəsi xx.xx.2009-cu il təvəllüdlü Hüseyn Cəfərov ona öyrəşdiyindən qızı ərə getdikdən sonra onunla birlikdə yaşayır. İcra Hakimiyyətinin qərarı ilə uşaq onun qəyyumluğuna verilmişdir. Sonda Nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, bildirdi ki, İddiaçı ilə 2008-ci ildə qeyrirəsmi ailə həyatı qurmuşdur. Həmin evlilikdən xx.xx.2009-cu il təvəllüdlü X5 adlı övladı var. Sonradan ayrılmışlar. 2010-cu ildə X4 ilə evlənmişdir. Həmin evlilikdən övladı yoxdur. İİ dərəcəli əlildir. Həyat yoldaşı ilə birlikdə kirayədə qalırlar. Hər ay aldığı 327 manat pensiyadan 100 manat kirayə haqqı, 110 manat da ailment ödəyir. Qalan pulu yemək və dava-dərman alır. Əlavə gəliri yoxdur. Sonda Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili Cavabdeh ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Masallı Rayon Məhkəməsinin 19 sentyabr 2012-ci il tarixli, 2(050)-112/2012 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 atalığın müəyyən olunması tələbi təmin edilmiş, Cavabdeh 21 aprel 2009-cu ildə vətəndaş X2 doğulmuş X1 atası olması müəyyən edilmişdir. Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(050)-2068/2020 saylı qətnaməsindən görünür ki, 21 aprel 2009-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilən 80 manat aliment miqdarı artırılaraq 110 manat müəyyən olunmuş və Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, Cavabdeh müddətsiz İİ dərəcəli əlilldir. Elektron sistemdən çıxarılmış sosial arayışdan görünür ki, Cavabdeh əlilliyə görə 327.21 manat pensiya alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə aliment miqdarını müəyyən edərkən, tərəflərin ailə və maddi vəziyyətini, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(050)-2068/2020 saylı qətnaməsinin qəbulundan 2 ildən artıq bir müddətin keçməsini və bu müddət ərzində uşağın böyüdükcə artan tələbatlarını, dünyada baş verən hadisələrlə bağlı ölkədə də baş vermiş müəyyən qiymət artımını, diqqətəlayiq digər halları, eləcə də uşağın cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını nəzərə alaraq ödənilməli olan alimentin miqdarının 160 manat sabit pul məbləğində müəyyən olunmasını uşağın hüquq və mənafelərinə uyğun hesab edir. Cavabdeh İİ dərəcəli əlill olsada, bu onun tam əmək qabiliyyətinin olmaması demək deyil. Uşaq üçün tutulan 110 manat aliment məbləği onun saxlanılması üçün yetərli deyil. Hər bir halda uşağın üstün mənafeyi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün hər ay sabit pul məbləği ilə 250 manat manat alimentin tutulub ona verilməsini xahiş etsədə, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8 saylı Qərarının 8-ci maddəsinin 14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(050)-2068/2020 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 160 (bir yüz altımış) manat sabit pul məbləğində müəyyən edilsin və həmin məbləğ Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya xərci qismində ödənilmiş 55 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar