Məhkəmə qərarları › İş №2(050)-1473/2025

Masallı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(050)-1473/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1473/2025 12.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc aldığı 2000 (iki min) manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh hərbiçidir, ona yaxın qonşu binada ailəsi ilə birlikdə yaşamışdır. Onların ailəvi münasibətləri vardır. Bir-birinin evinə get-gəl olmuş, yaxşı münasibətləri vardır. Cavabdeh 2024-cü ilin noyabr ayında yoldaşı ilə birlikdə onun yanına gələrək təcili pula ehtiyacları olduğunu, tezliklə qaytaracağlarını bildirərək 2000 (iki min) manat borc pul istəmişlər. Cavabdehi və ailəsini yaxşı tanıdığı üçün köməklik etmək qərarına gəlmişdir. Heyvan satdıqları üçün pulu olmuş, ona görə də, cavabdehə istədiyi 2000 (iki min) manat pulu ona gətirərək borca vermişdir. Bu barədə cavabdehdən tələb etməsə də, öz xətti ilə kiçik bir qəbzdə yazı yazaraq ona vermişdir. Sonradan pulu götürərək tezliklə qaytaracağı barədə söz verərək getmişlər. Dekabr ayında cavabdehdən aldığı borcu qaytarmasını xahiş etmişdir. Cavabdeh isə 21 dekabr 2024-cü il tarixdə pulu tam qaytaracağını demişdir. Lakin gözləməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamış, həmin vaxtdan heç onun zənglərinə belə cavab verməmişdir. Sonradan bilmişdir ki, cavabdeh xidməti yerini Laçın rayonunda yerləşən hərbi hissəyə dəyişmişdir. O, borcun qaytarılması üçün dəfələrlə cavabdehlə əlaqə saxlamağa cəhd etmişdir. Lakin, cavabdeh onun zənglərinə cavab verməmişdir. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İstəyi ondan ibarətdir ki, cavabdeh ondan borca aldığı 2000 (iki min) manat pulu məhkəmə qaydasında qaytarsın.

Tərəflərin izahatları:

3. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh 2024-cü ili noyabr ayında 2000 (iki min) manat məbləğində borca pul vermiş, cavabdeh borcu qaytaracağı barədə ona söz vermiş, lakin həmin sözə əməl etməmişdir. Cavabdeh 2000 (iki min) manat məbləğində pulu ona 2024-cü ili dekabr ayında qaytarmalı idi. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bugünə kimi pulu ödəməmişdir. Xidməti yerini dəyişdikdən sonra isə onun zənglərinə ümumiyyətlə cavab verməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir.

4. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Masallı Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərardadına əsasən işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

İş materialları:

7. 01 aprel 2025-ci il tarixli Naftalan ŞİH Naftalan Şəhər 1 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Nəsibova X2 şəhəri, Ş.Qurbanov küçəsi ev 4, mənzil 12 ünvanında qeydiyyatda olmaqla yaşayır.

8. Əlyazma kağızda qeyd edilmişdir ki, “Biz Adilə xanımdan borc pul almışıq 2000 min”.

9. 23 iyul 2015-ci il tarixli şəxsi vəsiqənin surətindən görünür ki, Cavabdeh müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.

10. 27 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 40 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

10. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı 2024-cü ili noyabr ayında 2000 manat məbləğində borc pul almış və bu barədə yazılı qaydada kiçik bir kağızla təsdiq etmişdir. Cavabdeh 2024-cü ili noyabr ayında borca aldığı 2000 manat puldan iddiaçıya bugünədək heç bir məbləğ ödəməmişdir. İddiaçı pulun qaytarılmasını tələb etsə də, Cavabdeh borcunu qaytarmamışdır. Hazırda iddiaçı ondan borca aldığı 2000 (iki min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 40 manat məbləğində pul vəsaiti tələb edir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 241.1-ci maddəsinin tələbinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.1.2-ci bındinə əsasən əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində; qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

15. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, cavabdehin kağızın üzərində “Biz Adilə xanımdan borc pul almışıq 2000 min” yazdığı qəbzə əsasən cavabdeh 2000 manat məbləğində pulu iddiaçıdan almış və aldığı pulu geri qaytaracağı barədə söz vermişdir. Beləliklə, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərinə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında müəyyən olunmuş pulu geri qaytarması barədə öhdəliyi götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir.

16. Beləliklə, iddiaçının cavabdehə 2000 manat məbləğində pulu verməsi işin mübahisəsiz halıdır.

17. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutları təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilməli olan 2000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

18. İddia tələbi təmin olunduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş 40 (qırx) manat dövlət rüsumu Cavabdeh tutulmalıdır. Nəticə:

19. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat tutularaq İddiaçı ödənilməlidir.

20. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Masallı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar