Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1483/2024 05.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 3260 (üç min altımış) manat dəyərində zərərin və ödənilmiş 53 manat dövlət rüsumunun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşməsi (azaldılması) barədə məhkəməyə ərizə təqdim edərək yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 1890 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə ona məxsus olan “MBW 5251” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobili Masallı şəhəri, H.Əliyev prospektində evinin qarşısında yol kənarında saxlamış, səhər saat 06 radələrində evinin qapısı döyülmüş, küçəyə çıxdıqda “VAZ 21063” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh əks hərəkət istiqamətli zolağa çıxaraq ona məxsus hərəkətsiz vəziyyətdə olan avtomobili ilə toqquşduğunu görmüşdür. Hadisə yerinə polis əməkdaşları gəlmiş, araşdırma apararaq hadisə ilə bağlı cavabdeh barəsində protokol tərtib edib cərimə etmişlər. Hadisə zamanı ona məxsus avtomobil əzilmiş və ona maddi ziyan dəymişdir. Həmin avto nəqliyyat qəzası nəticəsində ona ümumilikdə 1890 manat ziyan dəymişdir. Bu hal Masallı rayonunda yerləşən “Avtoservis” T.X.S tərəfindən verilmiş ziyan arayışında öz əksini tapmışdır. Lakin, cavabdeh törətmiş olduğu inzibati xəta nəticəsində ona vurmuş olduğu ziyanı ödəməkdən boyun qaçırır. Dəfələrlə cavabdehdə ona vurduğu maddi ziyanı qaytarması barədə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Cavabdeh Masallı RPŞ-də vermiş olduğu izahatından görünür ki, 11 mart 2024-cü il tarixdə, saat 05:30 radələrində ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri, Azərbaycan prospektində “Köhnə bazar” istiqamətində hərəkətdə olarkən əks istiqamətdə dayanan BMV markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. -26 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilmişdir. -Məhkəmə Ekspertiza Mərkəzinin X1 tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli, 19/469 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “**********” VÖEN nömrəli xx.xx.2024-cü il tarixli qüsur aktında xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2001-ci il buraxılışlı olan “BMW 5251” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təxminən 1705 manat müəyyən edilir (Dəyşilməli hissələrin qiyməti-1235,00 manat, Təmir-bərpa işlərinin qiyməti-470,00 manat). Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi 11 mart 2024-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin təqsiri nəticəsində idarə etdiyi “BMW 5251” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan vurulduğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin ona ziyan vurması ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh təqsirli, hüquqa zidd əməli (qanunsuz hərəktləri) nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Məhz bu səbəbdən də cavabdehdən vurulmuş ziyana görə 1705 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumuna görə 37,05 manat, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 1705 manat və ödənilmiş dövlət rüsumuna görə 37,05 manat, cəmi 1742 (bir min yeddi yüz qırx iki) manat 05 qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-1483/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1483/2024
05.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver