Məhkəmə qərarları › İş №2(050)-1509/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1509/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1509/2025 27.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən 600 manat kredit almışdır. Həmin kreditin təminatı kimi onunla zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh öz öhdəliyini vaxtında tam icra etmədiyindən müvafiq icra vərəqi verilmiş və təqaüdündən ümumilikdə 341,68 manat pul tutulmuşdur. Cavabdeh həmin pulun yalnız 50 manatını ona nağd qaydada ödəmiş, qalan 291,68 manat hazırkı vaxtadək ödənilməmişdir. Cavabdehdən həmin pulun ona ödəməsini tələb etsə də, nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan ötrü kreditin ödənilməsi ilə bağlı arayışın alınması üçün 10 manat, əlavə olaraq 31 manat 40 qəpik dövlət rüsumu və iddia ərizəsinin tərtibi ilə bağlı hüquqi xidmətə görə 30 manat ödəməli olmuşdur. İddiaçının tələbi: Cavabdeh 291,68 manat ödədiyi kredit borcu, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30,40 manat, kreditin ödənilməsi ilə bağlı arayış alınması üçün ödənilmiş 10 manat və iddia ərizəsinin tərtibi ilə bağlı hüquqi xidmətə görə ödənilmiş 30 manat məbləğində, cəmi 362,8 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, iddiaçı onun kredit öhdəlikləri üçün zamin durmuş və kredit ödhdəliklərini onun əvəzinə icra etməsi səbəbindən iddiaçıya 291,68 manat borcu yaranmışdır. Borc məbləği ilə razıdır. Maddi vəziyyəti ilə əlaqədar borcunu vaxtında ödəyə bilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, AZ1114, ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin /VÖEN:**********/ xeyrinə Masallı ray, Tüklə ərazi d., Tüklə k. ünvanında qeydiyyatda olan Cavabdeh (AA*******, xx.xx.2024 - Asan-Masallı; FİN: - -L4TF; d/t. xx.xx.1974), Masallı ray, Sərçuvar ərazi d, Sərçuvar k. ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2020 - Asan-Masallı; FİN: xxxxxxx;d/t: xx.xx.1952) r .0502-119396-02 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 316 manat 80 qəpik (üç yüz on altı manat səksən qəpik) tutulsun. Bundan əlavə təklif edirəm borcludan Cavabdeh, İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu haqq) olmaqla cəmi 341 manat 80 qəpik (üç yüz qırx bir manat səksən qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2024 tarixdə aparılmışdır. xx.xx.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, İddiaçı barəsində 242,19 manat icra işi üzrə ödəniş müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli inkasso sərəncamından görünür ki, İddiaçı 99,49 manat icra işi üzrə ödəniş müəyyən edilmişdir. Zaminin kredit öhdəliyi haqqında arayışdan görünür ki, borcalan X1 0502-119396-02 saylı, xx.xx.2021-ci il tarixli kredit öhdəliyi üzrə İddiaçı ilə 0502-119396-02/1 saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən borc barədə arayışın alınmasına görə 10 manat ödəniş etmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin tərtibi üçün 30 manat rüsum ödəmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə istinad olunmuş maddi normalara və işdə olan sübutlara əsasən qeyd edir ki, zamin olaraq İddiaçı Cavabdeh kredit borcunu ödəmiş, bununla da maddi ziyana düşmüşdür. Ona görə də ödəmiş olduğu həcmdə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin tələb hüquqları iddiaçıya keçmişdir. İş materiallarında olan inkasso sərəncamları ilə ümumilikdə 341,68 manat məbləğində pulun iddiaçı tərəfindən ödənildiyi təsdiq edilir. İddia ərizəsi ilə cavabdeh tərəfindən ödənilmiş məbləğ çıxılmaqla 291,68 manat pul öhdəliyi tələb edilmiş, cavabdeh tərəf isə həmin məbləğdə qaytarılmamış borcunun olduğunu etiraf etmişdir. Məhkəmə ödənilməli olan məbləği müzakirə edərək qeyd edir ki, iddia 291 manat həcmində sübuta yetir. Ona görə də iddia əsaslı hesab olunmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat, iddia ərizəsinin tərtibinə görə ödənilmiş 30 (otuz) manat, kreditin ödənilməsi ilə bağlı arayış alınması üçün ödənilmiş 10 (on) manat rüsum Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 291,68 (iki yüz doxsan bir manat, 68 qəpik) manat və dövlət rüsumuna görə ödənilmiş 30.4 (otuz manat 40 qəpik) manat, iddia ərizəsinin tərtibinə görə ödənilmiş 30 (otuz) manat, kreditin ödənilməsi ilə bağlı arayış alınması üçün ödənilmiş 10 (on) manat rüsum alınaraq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar