Məhkəmə qərarları › İş №2(050)-152/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-152/2023

10.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-152/2023 10.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil2, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onun vəkili Vəkil1 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyana görə 13350 manat və dövlət rüsumuna görə 130.05 manat pul tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq islahatı zamanı ona ailə üzvləri ilə birlikdə 1.96 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən də əlavə alğı-satqı müqaviləsinə əsasən Masallı rayonu Hüseynhacılı kəndində 1.877 hektar, 1.568 hektar və 1.5703 hektar torpaq sahələri almışdır. Özü təsərrüfatla məşğul olur. İstifadə etdiyi torpaq sahələrində buğda və yonca əkir. Əvvəllər əkdiyi torpaq sahələrindən normal buğda və yonca götürmüşdür. 2021-ci ildə 1.96 hektar əkdiyi buğda sahəsindən normalda 6 ton buğda götürməli olduğu halda bir sent belə buğda götürə bilməmişdir. 2022-ci il üçün 6.8517 hektar əkdiyi buğda sahəsindən normalda 21 ton buğda götürməli olduğu halda cəmi 6 ton buğda götürmüşdür. 2022-ci il üçün əkdiyi 1.5703 hektar yonca sahəsindən normalda 450 ədəd yonca otu bağlaması götürməli olduğu halda əkdiyi sahə cavabdehlər tərəfindən otarıldığından biçinə yararlı olmadığı üçün biçin apara bilməmişdir. Bütün bunların səbəbi cavabdehlər əkdiyi torpaq sahələrinə 300-400 baş xırda buynuzlu və 15-20 baş iri buynuzlu heyvanları onun sahəsində otarmaları olmuşdur. Dəfələrlə bu barədə mübahisələri olmuş və Masallı rayon polis şöbəsində bu barədə araşdırma aparılmışdır. Cavabdehlərin heyvanlarının onun sahəsində bilərəkdən otarmaları barədə video görüntüləri də vardır. İki il ərzində ona dəyən buğda ziyanı 21 ton təşkil edir. 1 ton buğdanın qiyməti 550 manatdır. Ümumilikdə buğdadan ona 11550 manat ziyan dəymişdir. 2022-ci il üçün əkdiyi yoncadan isə 450 ədəd yonca otu bağlaması götürməli imiş, lakin götürə bilməmişdir. 2022-ci il üçün 1 ədəd yonca otu bağlamasının orta bazar qiyməti 4 manat təşkil edir. 2022-ci il üçün yonca sahəsindən ona dəyən ziyan 1800 manat təşkil edir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona 13350 manat məbləğində ziyan dəymişdir. Cavabdehlərə məxsus mal-qaranın otlaması nəticəsində ona vurulmuş ziyanın qaytarılması ilə əlaqədar müraciət etsə də heç bir nəticəsi olmamışdır. Odur ki, maddi ziyana görə 13350 manat və dövlət rüsumuna görə 130.05 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi xahiş olunur. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, onun satın aldığı torpaq sahələri əvvəllər Cavabdeh1 tərəfindən qeyri-rəsmi icarəyə götürülərək istifadə edilmişdir. Daha sonra həmin torpaq sahələrini 2021-2022-ci illərdə mülkiyyətçilərindən o, alğı-satqı müqaviləsi əsasında almış və rəsmi olaraq çıxarışlar almışdır. Həmin torpaq sahələrinə o, buğda və yonca əkmişdir. Torpaq sahələrini alsa da, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 buna əhəmiyyət vermədən, həmin torpaq sahələrində malqoyunlarını otarmışlar. Hazırda həmin torpaq sahələrinin Telmana heç bir aidiyyəti yoxdur. Telman və onun oğlu Yaqub tərfəfindən qanunsuz olaraq onun əkin sahəsinə heyvan salınaraq əkin yararsız hala salınmış və ona xeyli ziyan dəymişdir. Bu barədə videoçəkilişlər və sübutlar da vardır. Səməd Məmmədəliyev tərəfindən satılmış torpaq sahəsinə o, 2022-ci ilin may ayında yenidən yonca əkmiş, lakin cavabdehlər qərəzli şəkildə həmin sahəni otarmışlar. Göstərdiyi əsaslara görə iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil2 iddianı eyni əsaslarla müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, qeyd edilən torpaq sahələri əvvəllər mülkiyyətçiləri ilə şifahi razılaşmaları əsasında ona icarəyə verilmiş və orada öz təsərrüfatında olan heyvanları həmin sahələrdə otarmış və həmçinin əkmişdir. 20 ilə yaxın qeyd etdiyi torpaq sahələrindən istifadə etmişdir. Torpaq sahələri İftixara satıldıqdan sonra, o, yalnız Səməd adlı şəxsin satmış olduğu torpaq sahəsində bir neçə dəfə qoyunlarını otarmışdır. Buna da səbəb o olmuşdur ki, Səmədin satmış olduğu torpaq sahəsinə o əvvəlcədən 2021-2022-ci il mövsüm ilində yonca bitkisi əkmişdir. 2022-ci ilin mart ayında Səməd torpağı satarkən, onunla razılaşmışlar ki, yonca biçini qurtarana qədər heyvanlarını orada otarsın. O, da bununla əlaqədar heyvanlarını orada otarmışdır. 2022-ci ilin may ayından sonra İddiaçı heyvanların həmin yonca sahəsində otlamasına etiraz etmişdir. Yonca sahəsini özü əkdiyi və yonca bir neçə dəfə biçildiyi üçün Səmədlə olan razılaşmalarına əsasən həmin yonca sahəsində yay aylarında da bir neçə dəfə qoyunlarını otarmışdır. Həmin torpaq sahəsi 1,568 ha sahəsi olmuşdur. İddiaçı satın almış olduğu digər taxıl və ya yonca sahəsini heç vaxt otarmamış, bu barədə çəkilmiş videolar da Səmədin satmış olduğu 1,568 ha torpaq sahəsinə aiddir. İftixarın əkininə və otlaq sahəsinə ziyan vurmamışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 vəkili Vəkil1 Cavabdeh1lə eyni əsaslarla çıxış edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 Cavabdeh1lə eyni məzmunda izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələbini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, o və ailə üzvlərinə məxsus kənd təsərrüfat təyinatlı torpaq sahəsini əvvəllər Cavabdeh1 şifahi razılaşma ilə icarəyə vermişdir. 2021-ci ilin iyun ayında torpaq sahəsini satmaq istədiyini demiş, lakin Telman almaq istəməmiş, ona görə də İddiaçı satmışlar. Bundan sonra torpaq sahəsini İftixar əkmişdir. Telman və İftixar arasında olan mübahisədən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, 1,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahısi olmuş və 2021-ci ilin yay aylarına qədər Cavabdeh1 icarəyə vermişdir. Satmaq istədikdə Telman almamış, o, da İddiaçı satmışdır. Torpaq sahəsini satanda məhsul biçilmişdi. 2022-ci ildə Masallıda olmamışdır, ona görə mübahisədən məlumatı yoxdur. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, o və ailə üzvlərinin mülkiyyətində 1,568 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini şifahi razılaşma ilə Cavabdeh1 icarəyə vermişdir. Telman da yonca bitkisi əkmişdir. 2022-ci ilin mart ayında torpaq sahəsini satmaq istədiyini bildirmiş, lakin Telman almaq istəməmiş, ona görə də İddiaçı satmışdır. Bununla belə yonca əkdiyi üçün Telmanla razılaşmılar ki, yonca biçini başa çatana qədər torpaq sahəsindən istifadə etsin, bişindən sonra İftixara verilər. Məhkəmə baxışı iclasında tədqiq edilən bütün videogörüntülərə baxmış, həmin görüntülər onun satmış olduğu torpaq sahəsində çəkilmişdir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********84 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Masallı rayonu, Hüseynhacılı kəndində 1.5703 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********75 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Masallı rayonu, Hüseynhacılı kəndində 2.3554 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********14 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Masallı rayonu, Hüseynhacılı kəndində 1.877 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********05 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Masallı rayonu, Hüseynhacılı kəndində 1.8343 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********31 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Masallı rayonu, Hüseynhacılı kəndində 0.785 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. JN-217 nömrəli kod 80511038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 12 saylı qərarı əsasında X6 və ailə üzvlərinə 1.96 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. X17 həmçinin X2, X1, X3 və İddiaçı adları qeyd edilmişdir. Masallı RİHB-nın Öncəqala İƏDÜN-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı məxsus 1.57 hektar payıbəlli torpaq sahəsində yonca bitkisi əkilmişdir.Həmin yonca sahəsi biçin üçün yararlı olmadığından torpaq mülkiyyətçisi tərəfindən biçin aparılmamışdır. Masallı DAİM-nin 22 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı mülkiyyətində olan ümumilkidə 6.8517 hektar torpaq sahəsində 2021-2022-ci il əkin mövsümündə payızlıq buğda əkini bəyan etmiş və xx.xx.2022-ci il tarixində hesablanmış əkin subsidiyası alınmışdır. Masallı rayon Statistika İdarəsinin 04 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Masallı rayonu Öncəqala (Hüseynhacılı) ərazisində 2022-ci ildə 1 hektardan orta hesabla 23 sentner, 2021-ci ildə 1 hektardan orta hesabla 25.5 sentner buğda məhsulu istehsal olunmuşdur. Masallı RPŞ-nin 10 avqust 2022-coi il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə DİN 102 zəng xidmətinə etdiyi müraciətlə əlaqədar olaraq, Masallı rayonu Xallıcallı kənd sakini Cavabdeh1 qarşı iddia və tələbləri ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında Masallı RPŞ-nin 11 iyul 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 02 iyul 2022-ci il tarixdə Masallı RPŞ-nə müraciət edərək, 2021-ci ilin avqust ayında Masallı rayonu Hüseynhacılı kənd sakini Lətif adlı şəxsdən həmin kənd ərazisində yerləşən ona məxsus payıbəlli torpaq sahəsini icarəyə götürməsi, lakin Lətifin icarə şərtlərini pozaraq qardaşı Orxanla birlikdə onu və ailə üzvlərini ölümlə hədələməsi barədə məlumat vermişdir. İş üzrə cinayət hadisəsi olmadığından cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə baxışı iclasında iddiaçı İftixar Teyurov tərəfindən sübut kimi tədim edilmiş 2 ədəd diskdə olan ümumi olaraq 14 videoçəkilişə tərəflərin, o cümlədən şahid X4 iştirakı ilə baxılmış, tərəflər, həmçinin şahid Səməd Məmmədəliyev videogörüntülərin Səməd Məmmədəliyevin satmış olduğu 1,568 ha torpaq sahəsində əklimiş yonca sahəsində qeydə alınmasını bildirmişlər. Həmin videogörüntülərin bəziləri eyni tarixdə, bəziləri müxtəlif tarixlərdə, sonuncu isə 2022-ci ilin avqust ayında qeydə alınmışdır. Videogörüntülərdən məlum olur ki, Cavabdeh1 və İddiaçı arasında qoyun sürüsünü yalnız Səməd Məmmədəliyevin satmış olduğu 1,568 ha torpaqda əkilmiş yonca sahəsində otarmasına görə söz mübahisələri olmuşdur. Videogörüntülərdə digər büğda və ya yonca sahələrində cavabdehlər tərəfindən heyvanların otarılması müəyyən olunmur. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq etmək üçün Mülki Prosessual Məcəllənin tələbinə əsasən iddiaçı daha öncə cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində ona dəymiş ziyanın əmələ gəlməsini sübut etməlidir. Lakin işin hallarından göründüyü kimi, iddiaçı ona ziyan dəyməsini təsdiq edən mötəbər və təkzibolunmaz sübut məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması ilə müəyyən edilmiş işin halları ilə iddiada göstərilən hallar təsdiq olunmamışdır. Ona görə də məhkəmə iddianı əsassız hesab edir. Belə ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İddiaçı sübut kimi şahid ifadələrinə və videçəkilişə isitnad etsə də, həmin sübutlar işin hallarını təsdiq etməmişdir. Belə ki, şahidlər X5 və X13 ümumiyyətlə mübahisədən məlumatlı deyillər, şahid X7 isə satmış olduğu torpaq sahəsinə Cavabdeh1 tərəfindən yonca əkildiyini, ona görə də Telmanla yonca biçini başa çatana qədər torpaq sahəsində heyvan otarması barədə razılaşdıqlarını, videogörüntülərdə olan çəkilişlərin onun satmış olduğu torpaq sahəsində aparıldığını bildirmişdir. Bundan başqa təqdim olunmuş videogörüntülərin yalnız Səməd Məmmədəliyevin satmış olduğu torpaq sahəsində heyvan otarılması ilə bağlı yaranmış mübahisələri əks etdirir. Göründüyü kimi, Cavabdeh1 heyvanlarını yalnız bir yonca əkilmiş ərazidə otarması və yalnız həmin sahəyə görə mübahisənin yaranması müəyyən edilmişdir. Lakin məhkəmə həmin sahədə heyvan otarmasını iddiaçıya ziyan vurma kimi nəzərə almayaraq qeyd edir ki, işin faktiki hallarına əsasən torpaq sahəsinə əkilmiş yonca bitkisini cavabdeh əkmişdir. İddiaçı torpaq sahəsini alarkən bunu bilmiş, torpaq sahəsini 2022-ci ilin mart ayında almasına baxmayaraq, 2022-ci ilin may ayına qədər Cavabdeh1 tərəfindən yonca sahəsinin otarılmasına etiraz etməmişdir. Bununla da, faktiki olaraq Cavabdeh1lə Səməd Məmmədəliyev arasında yonca biçininə qədər heyvanların otarılmasına razılıq verməsini nümayiş etdirmişdir. Nəzərə alınmalıdır ki, yonca bitkisi bir neçə dəfə biçilir və bu baxımdan son biçim vaxtı yay aylarına təsadüf edir. Məhkəmə araşdırması ilə həmçinin müəyyən edilmişdir ki, İddiaçı qeyd edilən yonca sahəsinə sonradan özü yonca əkməmişdir. Belə ki, iddiaçının əsas dəlillərindən biri də, Cavabdeh1 əkmiş olduğu sahəni sonradan, yəni 2022-ci ilin may ayında özünün yenidən əkməsini bildirməsidir. Lakin o, bu barədə məhkəməyə sübut təqdim etməmiş, videogörüntülər və məhkəmə araşdırması ilə həmin halın doğru olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutları ümumi olaraq dəyərləndirərək belə hüquqi nəticəyə gəlir ki, iddia sübuta yetmədiyindən təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyana görə 13350 manat və dövlət rüsumuna görə 130.05 manat pul tələbi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar