Məhkəmə qərarları › İş №2(050)-1524/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1524/2025

16.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1524/2025 16.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurduğu ziyana görə 3000 manat və dövlət rüsumu kimi ödədiyi 50 manat pulun alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: Cavabdeh onun iş yoldaşı olmuş, o, Qarant lombard kredit şirkətində stajor işləyərkən onu tanımışdır. Cavabdeh onun etibarından və təcrübəsizliyindən istifadə edərək onu aldatmışdır. O, iki dəfəyə Cavabdeh 5368 manat dəyərində qızıl-zinyət əşyası lombarda qoymaq üçün vermişdir. O, qızılların qarşılığında təşkilatdan pul götürməmişdir, Zamin ona bildirmişdir ki, hələ tezdir götürmə, sonra götürərsən. O, Cavabdeh hərəkətlərindən şübhələnməyə başlamış, sonradan bilmişdir ki, bu adam ondan başqa da bir neçə nəfərin qızıllarını aldadaraq almışdır. Ondan təkidlə qızıllarını istəmiş, o, 2368 manat dəyərində qoyduğu qızıllarını qaytarmış, lakin 3000 manatlıq qızılları qaytarmamışdır. Cavabdeh əməllərinin nəticəsi olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.3,179.2.2,179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək Masallı Rayon Məhkəməsinin 1(050)-89/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Masallı Rayon Məhkəməsinin hökmündən apellyasiya qaydasında şikayət verilməmiş, hökm qanuni qüvvəyə minmişdir. Cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində tanınmış, məhkəmə iclasında ifadə vermişdir və ona dəymiş 3000 manat ziyan məhkəmənin hökmündə öz əksini tapmışdır. Cavabdeh ona vurduğu ziyanın ödənilməsi ilə bağlı bu günə kimi heç bir addım atmamışdır və belə bir addım atacağına da inanmır. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 14 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona göndərilmiş və cavabdeh iddia tələbinə münasibət bildirərək, iddianı qəbul etdiyini bildirmişdir. iddiaçıya vurduğu 3000 manat ziyanı azadlığa çıxdıqdan sonra ödəyəcəyini bildirmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Belə ki, iş materiallarında olan: Masallı Rayon Məhkəməsinin 1(050)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh qəti olaraq 01 (bir) il, 06 (altı) ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və yardımçı vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, zərərçəkmiş şəxs X1 vurulmuş 3000 manat maddi ziyanla bağlı mülki icraat qaydasında iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Əsaslandırıcı hissə İşin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı qarşı dələduzluq etməklə onun 3000 manat pulunu ələ keçirməklə ona maddi ziyan vurmuşdur. Cavabdeh Masallı Rayon Məhkəməsinin hökmü ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən Masallı Rayon Məhkəməsinin 1(050)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş hallara əsasən, iddiaçının maddi zərərlə bağlı irəli sürdüyü halların məhz Cavabdeh təqsirli hərəkəti ilə törədilmiş cinayət əməli nəticəsində baş verməsi qənaətinə gəlmək mümkündür və iddiaçının tələbinin bu hissədə maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Göstərilən maddələrin tələblərinə əsasən, məhkəmə qeyd edir ki, maddi ziyanın cavabdehdən tələb olunması üçün onun qanunazidd hərəkəti ilə dəymiş ziyan arasında səbəbli əlaqə mövcud olmuş, bu səbəbdən də onun barəsində məhkəmənin hökmü ilə cəza təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Məhkəmə göstərilən maddi normaların ümumi şərtlərini hazırkı mübahisə ilə qarşılıqlı təhlil edərək qeyd edir ki, yaranmış mübahisənin hüquqi əsası cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı olmuşdur. İşin faktiki hallarına əsasən yaranmış maddi ziyanla cavabdehin qanunazidd təqsirli hərəkətləri arasında səbəbli əlaqə müəyyən olunur. Ona görə də cavabdeh vurmuş maddi zərəri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə İddiaçı məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Nəticə Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 3000 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar