Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-158/2025 19.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Ona məxsus pərakəndə və topdan satış müəssəsi ilə Cavabdeh arasında xx.xx.2023cü ildə əmək müqaviləsi ilə sürücü kimi işə qəbul olunmuşdur. 22 mart 2023-cü il tarixdə “Tam maddi məsuliyyət” daşıması barədə onunla müqavilə imzalanmışdır. Cavabdeh işlə əlaqədar intizam xətasına yol vermişdir. Belə ki, işlədiyi müəssisəyə məxsus “Ford” markalı **-CE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla müəssisənin ərzaq mallarını Masallı rayonun ərazisində yerləşən ayrı-ayrı satış nöqtələrinə paylamaq və eyni zamanda satış nöqtələrin sahiblərinin verdikləri borcları götürüb müəssisəyə təhvil verməkdən ibarət vəzifəyə malik olmuşdur. İşlədiyi müddət ərzində yəni, 03 aprel 2024-cü il tarixinə qədər sürücü işləmiş cavabdeh müəsisəyə məxsus ərzaq mallarını ayrı-ayrı satış nöqtələrinə aparıb təhvil vermiş, həmin ərzaq məhsullarından 10.019 (on min on doqquz) manat məhsulun dəyərini müəsisəyə verməmişdir. Bu barədə akt tərtib edilmiş və onun müəssisəyə 10.019 manat məbləğində zərər vurması məlum olmuşdur. Müəssisəyə borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Bütün bunları nəzərə alaraq, onun müəssisəyə vurduğu zərər barədə Masallı rayon polis şöbəsinə ərizə ilə müraciət olunmuşdur. Polis şöbəsində izahatı alınmış, cavabdeh həmin ziyanın onun təqsiri üzündən vurulmasını etiraf etsə də, ziyanı bu günə kimi ödəməmişdir. Cavabdeh satış nöqtələrindən alıb topladığı pullar barədə müəssisəyə tam doğru məlumatlar vermədən 21 mart 2024-cü ildən xəbər etmədən işə gəlməmişdir. Cavabdeh təhvil təslim aparmaq üçün müəssisəyə xx.xx.2024-cü il tarixdə dəvət olunmuş və satıcılarla üzləşmə aparılan zaman aldığı pulları alıb müəssisəyə çatdırmamasını etiraf etmiş və balans adlı cədvəldə öz əlyazması ilə borcları qeyd etmişdir. İddiaçının tələbi: Fiziki şəxs İddiaçı əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilmiş 10000 manat ziyan, ödənilmiş 120 manat rüsum, hüquqi xidmətə görə ödənilmiş 520 manat, cəmi 10640 manat Cavabdeh alınıb müəssisənin Masallı rayon Kapital Bank filialındakı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə düzəliş edərək ərizədə göstərilən 21 mart 2023-cü il tarixinin 21 mart 2024-cü il tarixi kimi nəzərə alınmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh tərəfindən müəssisəyə 10000 manat ziyan vurulub. Cavabdehlə müəssisə arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdehin işçi kimi vəzifəsi müəssisənin mallarını mağazalara paylayıb pulları almaq olmuşdur. Hazırda iddia ərizəsində göstərilən hallar məhkəmə araşdırması zamanı da sübuta yetirilmişdir. 3744 manata münasibətdə iddia tələbi həm Masallı RPŞ-də verilmiş izahatla, həm də məhkəmə iclasında etiraf edilmişdir. Qalan zərər isə ekspert rəyi ilə sübuta yetir. Cavabdehin şəxsən müəssisəyə borclu olduğu məbləğləri qızmızı qələmlə cədvəldə qeyd etməsi, borclu olduğu pulu etiraf etmiş hesab edilməlidir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini qismən 3744 manata münasibətdə qəbul etdiyini, qalan hissədə iddia tələbinin əsassız olduğunu, əlyazmaların heç birinin ona məxsus olmadığını, həmin sənədi xatırlamadığını bildirmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, cavabdehin iddiaçıya 3744 manat məbləğində borcu vardır. Qalan hissədə iddia tələbinə etiraz edir və polisdə verilən izahatlarının məhkəmə üçün preyudisial əhəmiyyəti olmadığını bildirmişdir. Həmçinin ekspert rəyi ilə razı olmadıqlarını, cavabdehin işlədiyi müddət ərzində bir çox sənədlərdə qeydiyyat apardığını bildirmişdir. Şahid ifadələri: Məhkəmə iclasında ifadə vermiş Şahid bildirmişdir ki, Rəsul Şirkətin ona təhvil verdiyi məhsulları ərazidəki müştərilərə təhvil verib, məhsula görə verilən pulları alıb şirkətə təhvil vermək öhdəliyi daşıyırdı. Mart ayında kəsrinin olması aşkar edilmişdir. Bu səbəbdən Rəsul, qardaşı və şirkətin iki nəfər əməkdaşı ərazini təhvil almaq üçün getmişlər. Daha sonra Rəsul İsgəndərli körpüsündən sonrakı əraziyə getməyə ehtiyac olmadığını bildirmiş və siyahıda qırmızı qələmlə müştərilərin adının önündə şəxsən qeydiyyat aparmışdır. Həmin cədvəldə yalnız Əhməd Bədəlan adının önündə olan 623,51 rəqəmini o özü icra etmişdir. Qalan qeydlər Cavabdeh tərəfindən aparılmışdır. Məhkəmə iclasında ifadə vermiş şahid X4 bildirmişdir ki, mal satışı ilə bağlı şirkətin komputerdə qeydiyyatını aparır. Rəsulu da şirkətin işçisi kimi tanımışdır. Rəsulun hesab kitabında yanlışlıq olduğu müəyyən olduqdan sonra Rəsulla ərazini təhvil almağa getmişlər. Bu zaman Rəsul, onun qardaşı, o özü və şirkətin digər əməkdaşı getmişdir. İsgəndərli körpüsünü keçərkən Rəsul özü həmin ərazidəki kəsri bildiyini, geri qayıtmalarını demişdir. Daha sonra Rəsul “Balans” başlıqlı başlanğıc tarixi 01.01.00 son tarixi xx.xx.2024 kimi qeyd edilmiş cədvəldə qırmızı qələmlə müştərilərin adının önündə qeydiyyat aparmışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, "xxxx" Ərzaq Ticarət Şirkətinin sahibkarı İddiaçı ilə “işçi” Cavabdeh arasında Tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Masallı RPŞ-nin İB-nin baş müstəntiqi X2 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı əməlində Azərbaycan Respublikası CM-in 179-cu maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından Azərbaycan Respublikasının CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinə əsasən işçinin vəzifəsi sürücü, işə başlama tarixi xx.xx.2023-cü il, aylıq əmək haqqının məbləği 345 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 01 №-li əmrdən və xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə AR ƏM–nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, o, Masallı rayonu Şərəfə kəndində valideynləri ilə birlikdə yaşayır. 2022-ci ilin dekabr ayından Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Viləş” pərakəndə və topdan satış müəssisəsində anbarda fəhlə kimi işləmiş, fevral ayından isə müəssisəyə məxsus Ford markalı **-CE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü kimi işə düzəlmişdir. İşinin funksiyası rayon ərazisində olan kəndlərdəki dükanlara müəssisənin məhsullarını paylamaq, eyni zamanda dükan sahiblərinin verdikləri borcları götürüb müəssisəyə təhvil verməkdən ibarət olmuşdur. Daimi olaraq müəssisədən nisyə mal götürmüş şəxslərdən borcları aldıqdan sonra pulu müəssisəyə gətirib mühasib işləyən Şahid verirmiş. xx.xx.2024cü il tarixdə gecə saatlarında dükanlara şirkətin mallarını paylayıb borc verən şəxslərdən pulları yığdıqdan sonra Masallı rayonu Şərəfə kəndində idarə etdiyi Ford markalı **-CE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə hərəkətdə olan zaman Masallı rayonu Həsənli kənd sakinləri ilə aralarında narazılıq yaranmışdır. Sonradan o avtomobili saxlamış və aralarında olan narazılıq dava-dalaşla nəticələnmişdir. Həmin hadisə nəticəsində müəssisəyə məxsus olan borclu şəxslərdən yığdığı 3744 manat pul cibindən düşüb itmişdir. Bu barədə sonradan mühasib Şahid məlumat vermişdir. Daha sonra onlar ondan pulu tələb etməyə başlamışlar. Lakin o onlara verəcək pulunun olmadığını bildirmişdir. Sonradan isə Şahid ona işdən növbəti ayın 1-i işdən çıxmağını demişdir. Buna görə də o 2024-cü ilin mart ayının 21dən özünə iş axtarmağa başlamışdır. Bu minvalla işə getməmişdir. Sonradan isə Şahid ona zəng edərək işə gəlib təhvil təslim etməyini demişdir. O isə mart ayının 24-ü təhvil təslim üçün qardaşı Orxanla birlikdə müəssisəyə getmişdir. Həmin vaxt qardaşı Orxan, müsəssiənin işçiləri Samir və Orxanla birlikdə rayon ərzisində olan dükanlara verilən mallar və yığılan pullarla bağlı təhvil təslim üçün getmişlər. Rayon ərazisində müəssisənin mal satışını həyata keçirdiyi dükanlar Masallı rayonu Ərkivan qəsəbəsindən başlayır. O, Ərkivan qəsəbəsinə çatmamış, Samir və Orxan adlı müəssisənin işçilərinə dükanları bir-bir gəzmələrinə ehtiyac olmamasını bildirib dükan sahiblərinə zəng edərək ona vedikləri pulları soruşacağını demişdir. Bundan sonra Hişkədərə kəndindən Əlimərdan və Səfail adlı şəxslərə, Qəzvinobadan Ziyafətə, Miyanküdən Raminə zəng edərək onların ona müəssisəyə çatdırmaq üçün zamanla verdikləri pulları dəqiqləşdirmiş və təhvil təslim sənədində qırmızı yazan qələmlə ona verilən pulların qeydiyyatını aparmışdır. Belə ki, Hişkədərə kəndindən olan Əlimərdan ona 1407 manat, Raci 200 manat, Qəzvinoba kəndindən olan Ziyafət 1975 manat, Miyanküdən olan olan Ramin isə 2000 manat pul vermişdir. Bundan sonra Samirlə Orxana əraziyə getmələrinə ehtiyac olmamasını bildirib ərazidə kimdə nə qədər kəsir qalmışdırsa onların qeydiyyatını apardığını bildirmişdir. Həmin kəsir olan pullar ona hissə hissə verilən pullar imiş. Lakin o onu dəqiq bilmir ki, həmin pulları müəssisəyə vermişdir ya yox. Çünki müəssisə qaydalarına görə dükan sahibinin aylıq borcu tam bağlanıb qurtarmamış həmin dükan sahibinə növbəti ay üçün nisyə mal verilmirmiş. Buna görə də mühasib işləyən Əlikram bəzən başqa bir borclu şəxsin verdiyi pulu, digər bir borclu şəxsin borcuna ödəyib onun borcunu sıfırlayaraq növbəti ay üçün ona mal göndərirmiş. Buna görə də hesab edir ki, ona verilən və tərəfindən müəssisəyə çatdırılan borcları da Əlikram eyni qaydada etmişdir. İzahatında müəssisəyə məxsus olan və xx.xx.2024-cü il tarixdə gecə saatlarında baş verən hadisə zamanı itirdiyini qeyd etdiyi 3744 manat pulun içərisində ona Hişkədərə kəndindən olan Əlimərdanın verdiyi 1407 manat, Racinin verdiyi 200 manat, Qəzvinoba kəndindən olan Ziyafətin verdiyi 1975 manat, Miyanküdən olan olan Raminin verdiyi 2000 manat pul yox imiş. İddiaçı, Şahid bu barədə doğru izahatlar verməmişlər. O, müəssisəyə aid pulları mənimsəməmişdir. Həmin pulun 3744 manatı hadisə zamanı cibindən düşərək itmişdir. Qalan pullar ondan asılı olmayan səbəblərdən adında kəsir kimi qalmışdır. Müəssisə rəhbəri İddiaçı , müəssisə xəzinədarı Şahid və X3 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktın məzmunundan görünür ki, pərakəndə və topdan satış müəssəsində 06 fevral 2023-cü il tarixdən 03 aprel 2024-cü il tarixinə qədər sürücü kimi işləmiş Cavabdeh təqsiri nəticəsində 10019 manat kəsrin əmələ gəldiyi müəyyən edilmişdir. “Balans” başlıqlı başlanğıc tarixi 01.01.00 son tarixi xx.xx.2024 kimi qeyd edilmiş cədvəldəki qeydiyyatlardan görünür ki, Hikşkədərə kəndindən Əlimərdan adlı şəxsin 1407 manat, Qəzvinoba kəndindən Ziyafət adlı şəxsin 1975 manat, Miyənkü kəndindən Ramin adlı şəxsin 2000 manat və Babaser kəndindən Raci adlı şəxsin 200 manat Cavabdeh verməsi göstərilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 120 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı vəkil xidmətləri üçün 520 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/624 saylı ekspert rəyindən görünür ki, 1. ekspertizaya təqdim edilmiş HQK-1/2354 nömrəli materialın 23-cü vərəqəsində olan “Balans” başlıqlı başlanğıc tarixi 01.01.00 son tarixi xx.xx.2024 kimi qeyd edilmiş cədvəldə “Alıcılar” qrafasında qırmızı rəngli rəngləyici maddələrlə icra olunmuş rəqəmlər (“623.51” rəqəmlərindən başqa) Cavabdeh tərəfindən icra edilmişdir. 2. Ekspertizaya təqdim edilmiş HQK-1/2354 nömrəli materialın 23-cü vərəqəsində olan “Balans” başlıqlı başlanğıc tarixi 01.01.00 son tarixi xx.xx.2024 kimi qeyd edilmiş cədvəldə “Alıcılar” qrafasında qırmızı rəngli rəngləyici maddələrlə icra olunmuş “623.51” rəqəmləri- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 126 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 199-cu maddəsinin “a” bəndində əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 200-cü maddənin 1 və 2-ci hissələrinə əssən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. 205-ci maddənin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 294-cü maddənin 1-ci hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsininin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, tərəflər arasında fərdi əmək mübahisəsi vardır. Cavabdeh və iddiaçı arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin mahiyyətinə görə əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlərlə bağlı çatışmazlıqlara görə Cavabdehlik daşımışdır. Onunla bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərinə görə, ona etibar edilmiş maliyyə vəsaitini, maddi dəyərliləri, əmlakı layiqincə qorumağı tam məsuliyyəti ilə üzərinə götürürmüşdür. İşin hallarından müəyyən edilir ki, Masallı rayonu Həsənli kəndinin sakinləri tərəfindən Cavabdeh döyülmüş, bu zaman iddiaçıya məxsus cibindəki 3744 manat pul itmişdir. Buna dair Masallı RPŞ-də araşdırma aparılmış, həmçinin cavabdehin özü tərəfindən də iddia tələbi 3744 manat maddi zərərin vurulması hissəsində etiraf edilmişdir. Bundan başqa cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilərkən onunla müəssisədəki fəaliyyətinə uyğun təhvil-təslim işləri aparılmış və mağazalara paylanılmış məhsullara dair ödənişlərdə əskiklik müəyyən edilmişdir. Buna dair cavabdehin özünün iştirakı ilə qeydiyyatlar aparılmışdır. İş materiallarında olan “Balans” başlıqlı başlanğıc tarixi 01.01.00 son tarixi xx.xx.2024 kimi qeyd edilmiş cədvəldəki qeydiyyatlardan görünür ki, Hişkədərə kəndindən Əlimərdan adlı şəxsin 1407 manat, Qəzvinoba kəndindən Ziyafət adlı şəxsin 1975 manat, Miyənkü kəndindən Ramin adlı şəxsin 2000 manat və Babaser kəndindən Raci adlı şəxsin 200 manat Cavabdeh verməsi göstərilmişdir. Həmin məbləğlər cavabdeh tərəfindən müştərilərdən alınsa da kassaya təhvil verilməmişdir. Qeyd edilən qeydiyyatların onun tərəfindən aparılması və qalıq məbləğlərin özü tərəfindən qeyd edilməsi cavabdehin Masallı RPŞ-də verdiyi izahatlarda göstərilsə də, cavabdeh məhkəmə iclaslarında verdiyi izahatlarında bu halı danmış, qeydiyyatların onun tərəfindən aparılmadığını, onun müəssisəyə yalnız 3744 manat borcunun olmasını bildirmişdir. Məhkəmə tərəfindən işin obyektiv, tam və hərtərəfli araşdırılması üçün xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert tərəfindən verilmiş rəyə əsasən “Balans” başlıqlı başlanğıc tarixi 01.01.00 son tarixi xx.xx.2024 kimi qeyd edilmiş cədvəldə “Alıcılar” qrafasında qırmızı rəngli rəngləyici maddələrlə icra edilmiş “623,51” rəqəmi xaric olmaqla digər rəqəmlərin Cavabdeh tərəfindən icra edildiyi təsdiqini tapmışdır. Bu halda məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçıya 3744 manat itirilmiş pula görə; 1407 manat, 1975 manat, 2000 manat və 200 manat isə müştərilərdən alınıb kassaya təhvil verilməmiş pullara görə, ümumilikdə, 9326 manat maddi zərərin vurulması öz təsdiqini tapmışdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0. və 115.0.1-ci maddələrinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pul vəsaiti və vəkilə ödənilmiş xidmət haqqına görə 520 manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 126 manat Cavabdeh oğlundan tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 9326 manat pul və ödənilmiş dövlət rüsumuna görə 120 manat, vəkil xərcinə görə 520 manat alınaraq, İddiaçı verilsin. Cavabdeh məhkəmə xətşünaslıq ekspertiza xərci 126 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-158/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-158/2025
19.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver