Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1606/2024 13.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu ziyana görə 1600 (bir min altı yüz) manat məbləğində pulun və 36 manat ödədiyi dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə Masallı rayonunda anadan olmuşdur. Hazırda Masallı rayonu Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayır. X5 ilə rəsmi nikaha daxil olmuşdur. Cavabdehi əvvəllər tanımamışdır. Həyat yoldaşını xəstəxanaya aparmış və həkimin növbəsini gözləmişlər. Həmin vaxt cavabdehlə tanış olmuşlar. Cavabdeh xəstəlik kağızlarından yaxşı başı çıxdığını, arvadı Sevda Həsənovanın və qaynı Qalib Şirəliyevin dayanmış pensiyalarını düzəldə biləcəyini bildirmişdir. Bu işləri görəcəyi təqdirdə ondan 2000 manat pul alacağını bildirmişdir. O, cavabdehə 1600 manat pulunun olduğunu, ondan artıq pulunun olmadığını bildirmişdir. Cavabdeh onunla razılaşmış, pulu sənədlərlə birlikdə Masallı şəhərində avtomobilin içində cavabdehə vermişdir. Üzərindən bir müddət keçdikdən sonra o, işinin hansı yerdə olduğunu cavabdehdən soruşduqda, hər dəfəsində ona bir bəhanə gətirmişdir. İşin alınmadığını görüb cavabdehdən pulunu istəmişdir. Lakin cavabdeh verdiyi sənədləri gətirib ona qaytarmış, pulu isə tez bir zamanda qaytaracağına söz vermişdir. Pulunu qaytarmadığını görüb cavabdehin barəsində Masallı RPŞ-nə şikayət etmişdir. Müddət ötdüyündən müstəntiq tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Cavabdeh polis şöbəsində verdiyi izahatında da ona qarşı etdiyi dələduzluğu etiraf etmişdir. Dəfələrlə cavabdehdən pulunu istəsə də, heç bir nəticəsi olmamışdır. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ifadə verərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilməsi, Qərarın surəti şikayətçi tərəfə göndərməklə mülki qaydada pul tələbinə dair iddia ərizəsi ilə cavabdehin qeydiyyatda olduğu unvan üzrə rayon məhkəməsinə müraciət etmək hüququ ona izah edilməsi, Qərar surəti maraqlı şəxslərə göndərilməklə, narazı qaldığı təqdirdə prokurora, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüquqları izah edilməsi qərara alınmışdır. Qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Masallı şəhəri Seybətin küçəsində qeydiyyatda olan və yaşayan Cavabdeh aldatma va etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı İddiaçı arvadı X6 və qaynı X4 dayandırılmış əlilliyə görə əmək pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 15 radələrində İddiaçı Masallı şəhəri Seybətin küçəsində 1600 manat pulu alaraq İddiaçı maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində qeyd edilmişdir ki, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir, odur ki iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsində qeyd edilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddiaçının cavabdehdən maddi ziyan tələbinə münasibətdə qeyd edir ki, cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçıya ziyan dəymiş olması mülki işin mübahisəsiz halıdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə iş üzrə ödənilmiş 36 (altmış altı) manat məbləğində dövlət rüsumunun da cavabdehə aid edilməli olduğu qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaiti və 36 (otuz altı) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1606/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1606/2024
13.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver