Məhkəmə qərarları › İş №2(050)-1616/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1616/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1616/2023 07.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə. İddiaçı Cavabdeh qarşı 10000 manat kompensasiya tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh mərhum anası X1 miras qalmış ünvan 1 ünvanında olan evin orta otağının qeyri-qanuni sökülməsi, həmçinin anasının istifadəsində olan və miras kimi ona qalan 200 kv.m torpaq sahəsinə vərəsəlik hüququ pozulduğu üçün dəymiş ziyana görə 10000 manat kompensasiya tələb edir. İddia tələbinin əsaslarına görə Masalllı rayonu, Kirov küçəsi (hazırki Talışxanov küçəsi) 3 saylı ünvanda yerləşən ev nənəsi X12 məxsus olmuşdur. X25, Ayna Cahangirova və Osandıq Cahangirova adında üç övladı anadan olmuşdur. X34 xx.xx.1975-ci il tarixində vəfat etmişdir. X2 miras qalmış, Masalllı rayonu, Kirov küçəsi, hazırki Talışxanov küçəsi ev 3-də 600 kv.metr torpaq sahəsində yerləşən yaşayış sahəsi 30 kv.metr, qeyri-yaşayış sahəsi 8.8 kv.metr olan 3 otaqlı evdə qızları X14, X21 və X16 yaşamışlar. Aralarında mübahisələr baş verdiyi üçün Masallı rayon Xalq məhkəməsinin 22 iyun 1983-cü il tarixli, 2-116 saylı qətnaməsi ilə həmin otaqlar nənəsi X6 övladları arasında bölünmüş, günçıxan tərəfdən 1 otaq X18, ortadakı bir otaq X7, günbatan tərəfdən 1 otaq isə X13 istifadə və sərəncam üçün verilmişdir. Ayna Cahangirova, Gülsənəm Cahangirova və Osandıq Cahangirovaya hər birinə ayrılmış otaqlara dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. X37 12 yanvar 2017-ci il tarixində vəfat etmişdir. Anası vəfat etdikdən sonra yaşayış evindən 1 otaq ona miras qalmışdır. Anası öldükdən sonra xalası Cahangirova Osandıq miras paydan istifadə etməyə ona imkan verməmişdir. Sonradan evi sökmüş və yerində yeni ev tikmişdir. Cahangirova Osandıq 2014-cü il tarixində vəfat etmişdir. Hal-hazırda həmin evdə Cavabdeh, yəni Cahangirova Osandığın oğlu ailəsi ilə birlikdə yaşayır. 22 iyun 1983-cü il tarixli, hal-hazırda qüvvədə olan Masallı rayon Xalq məhkəməsinin 2-116 saylı qətnaməsi ilə anası X7 günbatan tərəfdən bir otaq istifadə və sərəncam üçün verilmişdir. Anasının həmin otağa istifadə hüququ olmuş və onu özgəninkiləşdirmək hüququ yaranmışdır. Cahangirova Osandıq və oğlu Cavabdeh tərəfindən özbaşına olaraq həmin ev sökülmüş, vərəsə kimi onun hüquqları pozulmuşdur. Hesab edir ki, anasına məxsus və ona miras kimi qalmış 1 otaqlı evin sökülməsi ilə bağlı ona kompensasiya verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, hal-hazırda Masallı şəhəri Nərimanov küçəsi ev 09-da yaşayır. Anasından miras qalmış və sökülməsinə görə kompensasiya tələb etdiyi evin ünvanı halhazırda ünvan 2ında atasının yanında yaşamış, 2017-ci ildə Azərbaycan Respublikasına qayıtdıqda evin sökülməsini görmüşdür. Uşaqlıq illəri həmin evdə keçmişdir. Cahangirova Osandıq 2014-cü il, X37 isə 2017-ci il tarixdə vəfat etmişdir. Osandıq Cahangirova öləndə anası Gülsənəmi N.Nərimanov küçəsində yerləşən evində saxlamışdır. Ev sökülən dövrdə anası sağ olmuş, lakin xəstə olmuşdur. Hesab edir ki, həmin evdə Cavabdeh yaşadığından, ev Abduləhəd tərəfindən sökülmüşdür. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyni əsaslarla çıxış edərək bildirdi ki, Masallı rayon Xalq Məhkəməsinin qərarı ilə həmin otaqlar bacılar aralarında bölünmüş, vərəsəlik şəhadətnamələri verilmişdir. Osandıq Cahangirova isə həmin evə heç kimi buraxmamış, oğlu Cavabdeh vermişdir. X43 və Cavabdeh tərəfindən sökülmüşdür. Həmçinin İddiaçı xəstə olduğundan müalicə üçün pula ehtiyacı vardır. Ona görə də iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələbini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı rayon Xalq Məhkəməsinin 22 iyun 1983-cü il tarixli, 2-116 saylı qətnaməsinin surətindən görünür ki, evin 30 kv.m yaşayış sahəsi, 8,8 kv.m qeyri yaşayış sahəsi, 3 otağı olmuşdur, evdə günçıxan tərəfdən 1 otaq X18, ortadakı bir otaq X8 və günbatan tərəfdən 1 otaq isə X13 istifadə və sərəncam üçün verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur, anası X9r. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 12 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X10 əmlakının vərəsələri hər biri üçdə bir pay almalı olan şəxslərdən biri kimi, Gülsənəm Abduləhəd qızı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı Abdulqədir qızının daşınmaz əmlakın qeydiyyata alınması barədə müraciətindən imtina edilmiş və məhkəməyə müraciət etməsi barədə hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mübahisəli fərdi yaşayış evinin sökülübsökülməməsini müəyyən etmək mümkün olmamışdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən və Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 27 saylı qərarından görünür ki, 0,16 ha torpaq sahəsi X11, X22, Tarverdiyeva Güldəstə Babaş qızının, X19, X20, X23, X27, X35, X28, X17 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin qərarda iddiaçının mərhum X37nın adı qeyd olunmamışdır. DƏDRX-nin RX seriyalı, ******* nömrəli Çıxarışından görünür ki, Masallı şəhəri, M.Talışxanov küçəsi 32 saylı ünvanda yerləşən 223,6 kv.m olan ev və yaşayış məntəqə təyinatlı 0,1582 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında mərhum X11, X22, Tarverdiyeva Güldəstə Babaş qızının, X19, X20, X23, X27, X35, X28, X17 ümumi birgə mülkiyyətlərindədir. Masallı rayon məhkəməsinin qanuni qüvvəsini almış 17 may 2021-ci il tarixli, 2(050)- 229-2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Masallı regional “Asan- Xidmət” Mərkəzində Notariat Kontoruna və Hüseynova Güldəstə Babaş qızına qarşı Masallı şəhəri, Kirov küçəsi (hazırki Talışxanov küçəsi), 3-də yerləşən evdən mərhum anası X3 payına düşən miras əmlaka qanun üzrə vərəsə kimi onun, yəni İddiaçı tanınması, həmin daşınmaz əmlakdan mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan istifadəyə yaratdığı maneələrin cavabdeh Hüseynova Güldəstə Babaş qızına qadağan edilməsi barədə iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Gülsənəm Cahangirova 12 yanvar 2017-ci ildə vəfat edərkən, onun mübahisə edilən miras əmlaka dair heç bir hüquqmüəyyənedici sənədi olmamışdır. Bu barədə yalnız texniki pasporta və Masallı rayon Xalq Məhkəməsinin 2-116 saylı 22 iyun 1983-cü il tarixli qətnaməsinə istinad olunsa da, X4 miras qalmış Masallı şəhəri, Kirov küçəsi ev 3-də 600 kv.m torpaq sahəsində yerləşən yaşayış sahəsi 30 kv.m qeyri-yaşayış sahəsi, 8.8 kv.m olan ev sökülmüş, yerləşdiyi 0,16 ha torpaq sahəsi cavabdeh Hüseynova Güldəstə Babaş qızının və digərlərinin ümumi birgə mülkiyyətlərinə verilmişdir. 12 yanvar 2017-ci ildə iddiaçının X37 vəfat edərkən, mübahsiə predmeti olan otağa və ya evə dair heç bir əmlak hüququ müəyyən olunmamış, həmin evə İddiaçı anasının mülkiyyət hüququnun qeydə alınması sübuta yetməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır. Məhkəmə qeyd edir ki, iddianın əsaslı olması üçün aşağıda qeyd olunan maddi hüquq normalarının tələblərini təsdiq edən sübutlar olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyanın vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1. və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə qanun üzrə vərəsələ hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2.-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İddianın əsaslarından göründüyü kimi, tələbin mahiyyəti İddiaçı vərəsəlik hüququ üzrə yaranan mülkiyyət hüququnun pozulması ilə bağlı ona dəymiş ziyanın kompensasiya edilməsidir. Bu baxımdan İddiaçı ilk öncə anasından miras qalmış əmlakın mövcudluğunu, cavabdehin hüquqazidd hərəkəti nəticəsində mirası qəbul edə bilməməsini, həmin əmlakın sökülməsini və söküntünün məhz Cavabdeh tərəfindən aparılmasını sübut etməlidir. Məhkəmə iddiaçı tərəfin yuxarıda qeyd olunmuş sübut etməli olduğu halları müzakirə edərək qeyd edir ki, İddiaçı həmin halları sübut edə bilməmişdir. -Əvvəla İddiaçı izahatında qeyd edir ki, X37ya miras payı olaraq verilmiş otağın yerləşdiyi ev sökülərkən, mərhum anası sağ olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1. və 1151.2-ci maddələrinin tələblərinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qeyd olunan maddi norma və işin faktiki halı ona əsas verir ki, ev hələ Gülsənəm Cahangirovanın sağlığında sökülməklə məhv olmuş və o, vəfat edərkən artıq İddiaçı anasından miras qalacaq əmlak mövcud olmamışdır. -Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəllənin 203.1-ci maddəsinin tələbinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Qanunun qeyd olunan normasından da göründüyü kimi, Gülsənəm Cahangirovanın mülkiyyətində olmuş olsa belə, onun sağlığında əmlak məhv olduğuna görə, onun həmin evə dair hüquqları da itirilmişdir. -Bundan əlavə Masallı rayon məhkəməsinin qanuni qüvvəsini almış 17 may 2021-ci il tarixli, 2(050)-229-2021 nömrəli qətnaməsi ilə də müəyyən olunmuşdur ki, İddiaçı əvvəllər də cavabdehlər Masallı regional “Asan-Xidmət” Mərkəzində Notariat Kontoruna və Hüseynova Güldəstə Babaş qızına qarşı məhkəmədə iddia qaldıraraq Masallı şəhəri, Kirov küçəsi (hazırki Talışxanov küçəsi), 3-də yerləşən evdən mərhum anası X3 payına düşən miras əmlaka qanun üzrə vərəsə kimi onun tanınması, həmin daşınmaz əmlakdan mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan istifadəyə yaratdığı maneələrin cavabdeh Hüseynova Güldəstə Babaş qızına qadağan edilməsi barədə məhkəmədə iddia qaldırmış, 12 yanvar 2017-ci ildə iddiaçının X37 vəfat edərkən, mübahsiə predmeti olan otağa və ya evə dair heç bir əmlak hüququ müəyyən olunmamış, həmin evə İddiaçı anasının mülkiyyət hüququnun qeydə alınması sübuta yetməmiş və iddia rədd olunmuşdur. -İddia tələbinin bir hissəsi 200 kv.m torpaq sahəsi ilə bağlı isə qeyd edilməlidir ki, ümumiyyətlə İddiaçı anasının mülkiyyətində torpaq sahəsi olmamış, Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 27 saylı qərarı ilə həmin torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərini ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin qərarda iddiaçının mərhum anası Gülsənəm Changirovanın adı qeyd olunmamışdır. -Bütün qeyd olunanlardan əlavə, məhkəmə qeyd edir ki, həmin evin məhz Cavabdeh tərəfindən sökülməsi ehtimaldır və daha öncə iddianın əsassızlığına dair qeyd olunanlar iddianın rədd olunmasına əsas olduğuna görə, prosessual qənaət prinsipi baxımından cavabdehin evi söküb-sökməməsi məsələsinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutları ümumi olaraq dəyərləndirərək belə hüquqi nəticəyə gəlir ki, cavabdehin iddiaçıya qarşı mülki hüquq pozuntu hərəkəti, yaxud iddiaçının hesabına əsassız varlanması sübuta yetmədiyindən iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh mərhum anası X5 miras qalmış ünvan 32, əvvəlki Kirov küçəsi 3 ünvanında olan evin orta otağının qeyri-qanuni sökülməsi, anasının istifadəsində olan və miras kimi ona qalan 200 kv.m torpaq sahəsinə vərəsəlik hüququ pozulduğu üçün dəymiş ziyana görə 10000 manat kompensasiya tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar