Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1689/2025 27.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı Nurı̇ yev Cəsarət Bədəl oğlunun, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 qarşı maneənin aradan qaldırılması və bələdiyyəyə məxsus yoldan qaraja daxil olmaq hüququnun olması tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və video çəkilişlə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı 2007-ci ildən ailəsilə birlikdə Masallı rayonunun Ərkivan qəsəbəsində (Masallı- İstisu yolu) Təzə məhəllə adlanan yerdə tikdiyi evdə yaşayır. Qonşusu Cavabdeh1 və göstərdiyi ailə üzvləri Ərkivan bələdiyyəsinə məxsus kəndarası yoldan qarajına maşın salmağa icazə vermir. Deyir ki, bu yoldan ancaq onlar istifadə edə bilər. Onu narahat edir, özünə və ailə üzvlərinə nalayiq sözlər deyir, normal yaşamaqlarına imkan vermir. Dəfələrlə mübahisələr o həddə çatmışdır ki, polisə, məhkəməyə müraciət etməyə məcbur olmuşlar. 2017-ci ildə Cavabdeh1 Cavidan adlı gəlini həyat yoldaşına qarşı fiziki zor tətbiq etdiyinə görə Masallı Rayon Məhkəməsi tərəfindən cərimələnmişdir. Əslində bütün işlərin başında Laçının gəlini dayanır. O, əri Cavabdeh2 1-ci qrup əlil olduğunu bildirərək etdiyi hərəkətlərə görə cəzalandırılmayacağını bildirir. Həqiqətən, Camal saxta sənədlərlə özünə 1-ci qrup əlillik düzəltdirib hər ay dövlətdən pensiya alır, ona guya qulluq edən həyat yoldaşı da əlavə pul alır. Polisə dəvət ediləndə isə yalandan əlinə əsa götürür, qoluna adam girir, guya görmür. 07 aprel 2025-ci il tarixdə Camal arvadı Cavidanın tələbi ilə onun qarajına girən hissəni mişar daşları ilə bağladığı zaman çəkilən, eləcə də digər video görüntülərdən aydın olur ki, o, tam sağlamdır, ümumiyyətlə, əlil deyildir. Arvadı bildirir ki, əgər daşları qarajın qarşısından götürsələr, qan düşəcək. Laçın özü də bələdiyyə sədri və polisin nümayəndələri hadisə yerində olarkən onların yanında onu və uşaqlarını öldürəcəyi ilə hədələyir. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının tələbi: Maneənin aradan qaldırılması və bələdiyyəyə məxsus yoldan qarajına daxil olmaq hüququnun olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddiaya münasibəti: İddiaçı ona və digərlərinə qarşı məhkəmədə maneənin aradan qaldırılması tələbi barədə iddia qaldırmışdır. İddia tələbini qəbul etmir. İddia tələbi əsassızdır və rədd edilməlidir. İddiaçı tərəfindən iddia ərizəsində yazılmış bütün fikirlər uydurmadır və heç bir əsası yoxdur. İddiaçı onun mülkiyyətində olan torpaq sahəsini zəbt edərək özü üçün ev, avtomobili üçün qaraj və ağac və güllərini satmaq üçün mağaza da tikmişdir. İddiaçılə ilk öncə onun münasibətləri normal olmuş, yolun kənarında özü üçün güllərin satışı ilə məşğul olmaqdan ötrü mağaza tikmişdir. İddiaçıya, torpaq sahəsini zəbt etməməsi, şəhadətnamə ilə torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Cavabdeh ona torpaq sahəsinə girmədiyini, yolun kənarında özü üçün balaca satış yeri tikdiyini bildirmişdir. İddiaçı mərhum həyat yoldaşının qohumu olduğu üçün ona bir söz deməmişdir. Mərhum yoldaşının xəstəliyi ilə başı qarışdığı vaxt, İddiaçı torpaq sahəsini zəbt edərək özü üçün ev və digər tikililər tikmişdir. Mərhum yoldaşından sonra oğlu Cavabdeh2 ağır dərəcəli xəstələnmiş və onlar Bakı şəhərində xəstəxanalarda qalmalı olmuşlar. Üzərindən bir müddət keçdikdən sonra evinə qayıdanda görmüşdür ki, İddiaçı onun torpaq sahəsinin demək olar ki, yarısından çoxunu zəbt edərək özü üçün tikililər tikmişdir. Bu barədə iddiaçı ilə dələrlə mübahisələri olmuş, mübahisə davaya çevrilmiş, bir neçə dəfədə polisə düşmüşlər. İddiaçının əlində hansı mülkiyyət sənədi var ki, ona qarşı iddia qaldırsın. Torpaq sahəsi onun mülkiyyətindədir, tikilisi isə qanunsuzdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, cavabdehə 5000 ABŞ dolları pul verərək cavabdehdən hazırda istifadəsində olan torpaq sahəsini almışdır. Hazırda həmin torpaq sahəsində tikdiyi evdə yaşayır. Cavabdehlər ona qarajına maşın salmağa maneə yaradırlar. Halbuki, həmin qaraja gedən yol bələdiyyə mülkiyyətində olan yoldur. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Həmin yol Bələdiyyə mülkiyyətində deyil. Ekspert rəyi ilə də yolun onun mülkiyyətində olması təsdiqini tapır. Cavabdeh2 məhkəmə iclasında izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən X1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər: JN-2194A nömrəli kod 80500018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1993-cü il tarixli, 65 saylı qərarı əsasında X8 və onun ailə üzvləri olan X4, X3 və X5 0.06 ha torpaq sahəsi verilmişdir. Masallı Rayon Ərkivan bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 60 №-li İddiaçı ünvanlanmış məktubundan görünür ki, Masallı-Yardımlı yolunun Ərkivan qəsəbəsinin cənub tərəfində İddiaçı məxsus yaşayış evinin şərq tərəfindəki Cavabdeh1 gedən yol bələdiyyə mülkiyyətinə aiddir və həmin yoldan istifadə etmək hüququ vardır. Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(050)-635/2017 saylı qərarından görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyindən məlum olur ki,
1. İddiaçının inşa etdiyi avtomobil dayanacağına gediş-gəliş yolu kimi istifadə edilən mübahisəli ərazinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında iddiaçının inşa etdiyi avtomobil dayanacağına gediş-gəliş yolu kimi istifadə edilən mübahisəli (yol) ərazi xüsusi mülkiyyət kimi qeyd olunmuşdur.
2. İddiaçının inşa etdiyi avtomobil dayanacağına gediş-gəliş yolu kimi istifadə edilən mübahisəli (yol) ərazi Masallı rayon Ərkivan kəndinin ərazisində aparılan Kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə mövqeyinə görə X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-2194A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin hüdudları daxilində yerləşdiyi müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir.
3. Masallı rayonu Ərkivan kəndinin kompleks yerquruluşu layihəsinə və Torpaqların elektron kadastr uçotu informasiya sistemini baza məlumatına əsasən sözügedən mübahisəli (yol) ərazi gediş-gəliş yolu kimi nəzərdə tutulmamışdır. Həmin ərazidən başqa şəxslərin də mülkiyyətində olan torpaq sahələrinə gediş-gəliş yolu nəzərdə tutulmadığı müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, mütəxəssis rəyinin alınması üçün 95 manat rüsum İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
İşə baxan məhkəmənin mövqeyi:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının tələbinə münasibətdə belə qənaətə gəlir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İddia ərizəsində göstərilənlərə əsasən, cavabdehlər tərəfindən İddiaçı Masallı rayonun Ərkivan qəsəbəsində (Masallı-İstisu yolu) Təzə məhəllə adlanan yerdə Ərkivan bələdiyyəsinə məxsus kəndarası yoldan istifadəsində olan qaraja maşın salmağa icazə verilmir, maneələr yaradılır. Bu barədə dəfələrlə aralarında danışıqlar aparılsa da nəticə vermədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyərində qalmışdır. Məhkəmə tərəfindən işin mübahisəli halları araşdırılarkən torpaq sahəsinə dair mütəxəssis rəyi alınmış və mütəxəssis rəyi əsasında müəyyən olmuşdur ki, iddiaçının inşa etdiyi avtomobil dayanacağına gediş-gəliş yolu kimi istifadə edilən mübahisəli (yol) ərazi Masallı rayon Ərkivan kəndinin ərazisində aparılan Kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə mövqeyinə görə X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-2194 A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin hüdudları daxilində yerləşir. Göründüyü kimi, mübahisəli yolun bələdiyyə mülkiyyətində deyil, Cavabdeh2 mülkiyyətində olması halı ekspert rəyi ilə müəyyən edilir. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırkı tələbi irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, maneələrin aradan qaldırılması və bələdiyyə mülkiyyətində olduğu iddia edilən qaraja yolun açılması tələb edilən torpaq sahəsi JN-2194 A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə ilə cavabdehlərə məxsus torpaq sahəsinin hüdudlarında yerləşir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 qarşı maneənin aradan qaldırılması və bələdiyyəyə məxsus yoldan qarajına daxil olmaq hüququnun olması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir.
Məhkəmə xərcləri:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0. və 115.0.1-ci maddələrinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti və 95 manat mütəxəssis rəyinin alınmasına görə rüsum iddia tələbi rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:
İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 qarşı maneənin aradan qaldırılması və bələdiyyəyə məxsus yoldan qaraja daxil olmaq hüququnun olması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu və məhkəmə məsrəfləri iddiaçıya aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Ellara Abbasova