Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1713/2024 01.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehn onun vasitəçilik etdiyi İlkin və Rafiq adlı şəxslər tərəfindən ondan borc məqsədi ilə alınmış 7600 manat puldan ödənilməmiş 6100 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsinə dəqiqləşmə edərək, pulun hamısını Araza verdiyini bildirmişdir. Ona görə də 6100 manat pulun yalnız Cavabdeh tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Masallı rayonu Ərkivan qəsəbəsində yaşayan Cavabdeh üç ildir ki, tanıyır. Tanıdığı üç il müddətində inam, hörmət, etibar çərçivəsində dövri münasibət qaydalarının tələblərinə uyğun olaraq davranmışlar. Tanış olduqları üç il müddətində onun etibarını qazanmış Cavabdeh ona müraciət edib 2000 manat pul lazım olduğunu demiş və ona lazım olan pulu borc verməklə kömək etməyini xahiş etmişdir. Araza lazım olan 2000 manat pulu 2023-cü ilin aprel ayında borc olaraq vermişdir. Araz borc məqsədilə ondan aldığı iki min manat pulu müəyyən müddətdən sonra qaytararaq təşəkkür etmişdir. 2023-cü ilin sentyabr ayında Araz ona yaxınlaşaraq xahiş etmişdir ki, onunla çox yaxın münasibətdə olan tanışları İlkin və Rafiq adlanan şəxslər həyati zərurətdən doğan acınacaqlı çətinliklərə məruz qalmışlar. O, Arazın dediklərini dinləyərək onun xahişini nəzərə alıb, Araza İlkin adlanan şəxsə verməsi üçün 4000 manat, Rafiq adlanan şəxsə verməsi üçün isə 3600 manat kömək məqsədilə borc verməyi ilə əlaqədar öz razılığını bildirmişdir. Araz verilən borc pul qaytarılmadığı təqdirdə o, şəxsən özü cavabdehlik daşımasını vəd etmişdir. 2023-cü ilin sentyabr ayında o, Araza İlkinə verilməsi üçün 4000 manat, Rafiqə verilməsi üçün isə 3600 manat, ümumilikdə 7600 manat pulu Masallı şəhəri Dadva küçəsində vermişdir. Elə həmin gün Araz tanışı olan İlkin və Rafiqin plastik kartlarını ona verib onların aldığı borc pulu hissə-hissə aylıq ödənilməsi məqsədilə istifadə etməyini təklif etmişdir. Arazın irəli sürdüyü təklifi qəbul edərək razılaşmışdır. Ödənişlə bağlı növbəti iki ayda İlkinin kartından ümumilikdə 1000 manat, Rafiqin kartından isə 500 manat pul çıxartmışdır. 2023-cü ilin noyabr ayından etibarən, yəni borc verdiyi sentyabr ayından iki ay sonra onun verdiyi borc pulun hissə-hissə ödənilməsi üçün İlkin və Rafiqə aid olan plastik kartları adı çəkilən şəxslər tərəfindən bloklanaraq qeyri-aktiv edilmiş və nəzərdə tutulan aylıq ödənişlər dayandırılmışdır. Belə ki, İlkin 3000 manat, Rafiq isə 3100 manat məbləğində borcları ödənilməmiş qaydada qalmışdır. O, verdiyi borc pulun qaytarılmamasına görə narazılığını bildirərək dəfələrlə Araza müraciət etməyinə baxmayaraq, heç bir nəticə əldə etməmiş, hətta borcla bağlı haqq etdiyi pul tələbinə görə təhrik və təhqirlərə məruz qalmışdır. Göründüyü kimi, Arazın vasitəçilik etdiyi İlkin və Rafiq borcunu ödəmədiyi üçün məhkəməyə müraciəy etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehə 7600 manat pul vermişdir. Həmin puldan 2000 manat ödəniş etmişdir. Hazırda cavabdehin ona 5600 manat borcu qalmışdır. Lakin o hazırda cavabdehin iddianı qəbul etdiyi həcmdə, yəni 6600 manat alması ilə bağlı fikrini bildirərək, qeyd edilən məbləğlə də razı olduğunu, 7600 manatı verdiyini sübuta yetirə bilmədiyini əsas götürərək, ümumi borc kimi 6600 manat verdiyini, həmin məbləğdən 2000 manatın ödənildiyini, qalan 4600 manat pulun ödənilmədiyini qeyd edərək iddianın həmin hissədə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, iddiaçıdan ümumilikdə 3100 manat bir dəfə, 3500 manat isə bir dəfə, cəmi 6600 manat pul almışdır. Həmin puldan bir dəfə 1000 manat, iki dəfə 500 manat ödəmişdir. Əlavə olaraq qeyd edilən məsələ ilə bağlı polisdə araşdıra aparılarkən 500 manat pulu da Cahangir müəllimin vasitəsilə ödədiyini qeyd etmişdir. Onun iddiaçıya cəmi 4600 manat borcu qaldığını qəbul edir. Həmin borcu da hər ay 200 manat olmaqla ödəyə bilər. 420 manat əmək haqqı alın onun 220 manatını bank tutur, qalan 200 manatı da borcundan ödəməyə razıdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Masallı RPŞ-nin İstintaq bölməsinin xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh ona borcu olması və borcunu istədiyi zaman Arazın onu hədələməsi barədə şikayəti üzrə araşdırma aparılmış, araşdırma zamanı iş üzrə cinayət tərkibi olmadığıncan cinayət işi başlanması rədd edilmişdir. Araşdırma zaman Cavabdeh İddiaçı 6600 manat borc aldığını bildirmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 80 manat dövlət rüsumu ödəmişdir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı ayrı-ayrı vaxtlarda 3100 və 3500 manat pul almış, qaytaracağına söz versə də, həmin pulu qaytarmamışdır. Sonradan isə borcundan 2000 manat qaytarmışdır. Qeyd edilənlər işin mübahisə edilməyən hallarıdır. İşin mübahisəli halı isə iddiaçının cavabdehə 7600 manat pul verdiyini bildirməsi, cavabdehin isə ondan 6600 manat pul almasını qeyd etməsidir. Cavabdeh İddiaçı borcunun olması, özünün məhkəmə iclasında verdiyi izahatı, iddiaçının izahatı, iş materiallarında olan sübutlar, o cümlədən polis şöbəsində verdiyi izahatla tam təsdiq edilir. İddiaçı cavabdehə 7600 manat borc verdiyini sübut edə bilməmiş, ona görə də cavabdehin etiraf etdiyi 6600 manat pulun borc kimi verildiyi ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Məhkəmə iddiaçının iddia tələbinin 7600 manat borc verilməsi hissəsini sübuta yetirə bilmədiyindən cavabdeh 6600 manat məbləğində borc almasını qəbul etdiyindən iddiaçının cavabdehə 6600 manat pul verməsini müəyyən edir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (maddə 739.2). Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir (maddə 742.1). Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın (maddə 742.2). Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 4600 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 80 manat məbləğində pul vəsaitinin 66 manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 4600 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumuna görə ödənilmiş 80 manat məbləğində pul vəsaitinin 66 manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-1713/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1713/2024
01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver